Keçmiş maliyyə nazirindən devalvasiya ANONSU - MÜSAHİBƏ
Tarix: 4-06-2019, 23:26
Baxılıb: 653

Keçmiş maliyyə nazirindən devalvasiya ANONSU - MÜSAHİBƏ

4-06-2019, 23:26

Prezident İlham Əliyevin fərmanı ilə Maliyyə Monitorinqi Xidməti Vergilər Nazirliyinin səlahiyyətinə verilib.
Azərbaycanın iqtisadi təhlükəsizliyi, Maliyyə Monitorinqi Xidmətinin Vergilər Nazirliyinin səlahiyyətinə verilməsi və digər məsələlərlə bağlı iqtisad elmləri doktoru, professor, keçmiş maliyyə naziri Fikrət Yusifov Yenicag.az-ın suallarını cavablandırıb.
– İnkişaf etmiş ölkələrdə iqtisadi təhlükəsizlik həmişə ön planda olur. Sizcə, bizdə bu vəziyyət necədir?
– İqtisadi təhlükəsizlik dedikdə öncə ölkənin maliyyə dayanıqlılığına baxmaq lazımdır. Bu baxımdan bu gün Azərbaycanda heç bir problem yoxdur. Azərbaycanın Neft Fondundakı və Mərkəzi Bankdakı valyuta rezervləri kifayət qədərdir. Ancaq bu ölkənin maliyyə dayanıqlılığının daimi olacağı anlamına gəlmir. Qlobal iqtisadi böhranın 2015-ci ildə ölkəmizin maliyyə sistemində və bunun ardınca iqtisadiyyatımızda yaratdığı problemlər hələ tam çözülə bilməyib. Ölkə iqtisadiyyatının və onun maliyyə sisteminin təhlükəsizliyinin tam sığortalanması üçün bizim neftdən başqa gəlirlərimiz yetərli olmalıdır. Bu gün bu sahədə işlərimiz deməzdim ki, qənaətbəxşdir. 2015-ci ilin sonlarından ölkədə postneft dövrü elan etmişik. Ölkə başçısı bunu rəsmi şəkildə bəyan edib. 2015-ci ilin sonlarından bu günə qədər 4 il vaxt keçib. Dörd il ərzində qeyri-neft sektorundan ixracın həcmini 2014-cü ilin səviyyəsinə çatdıra bilməmişik. Bu sahədə demək olar ki, yerində sayırıq. Ölkədə postneft dövrü elan edildikdən sonra şəxsən mən düşünürdüm ki, bu sahəni sürətlə inkişaf etdirmək üçün qəbul edilən qərarlar neçə ildən sonra qeyri-neft sektorundan ixracımızın 3-4 dəfə artmasına imkan verəcək. Real olan budur ki, hələ biz bu sahədə irəliləyə bilməmişik. Bu da ilk növbədə qəbul edilmiş qərarların icrasındakı problemlərlə bağlı olan məsələdir. Elə bu səbəbdən də Respublika Günü münasibətilə keçirilən görüşdə Prezident İlham Əliyev qəbul edilmiş qərarların icrasındakı problemləri xüsusi vurğuladı.
Son bir neçə gündə neftin qiyməti 12 dollar aşağı düşüb. Neft qiymətlərinin bu qədər aşağı düşməsi mənə 2014-cü ildəki vəziyyəti xatırladır. 2014-cü ilin ortalarından başlayaraq neftin qiyməti kəskin şəkildə aşağı düşməyə başladı. Bu azalmanın əsas motivləri iqtisadi yox, siyasi idi. Bu gün də siyasi motivlərə görə neftin qiyməti aşağı düşür. ABŞ neft rezervlərini artırmaqla manevrlər edir ki, bunun da nəticəsində neftin dünya bazarında qiyməti 12 dollara qədər aşağı düşüb. Biz istəsək də, istəməsək də, neftin qiymətlərinin idarə edilməsi alətləri OPEK-in deyil, ABŞ-ın əlindədir. Bu nöqteyi nəzərdən bizim risklərimiz böyükdür. Neftin qiyməti bir dəfə kəskin aşağı düşdü və bu səbəbdən milli valyutamız bir il içərisində iki dəfə kəskin devalvasiyaya məruz qaldı. Bundan sonra Mərkəzi Bank manatın məzənnəsini saxlamaq üçün 10 milyard dollar pul xərcləsə də, ikinci devalvasiyadan sonra 1 dollar 1 manat 55 qəpik səviyyəsindən artaraq sonda 1 manat 70 dollar səviyyəsində sabitləşə bildi.
– Onda belə görsənir ki, yenə devalvasiya ola bilər.
– Əgər neftin dünya bazarında qiyməti bu şəkildə kəskin aşağı düşsə, devalvasiya qaçılmazdır. Buna hətta biz özümüz getməliyik. Gözləməli deyilik ki, partlayış olsun. Əgər neftin dünya bazarındakı qiyməti 50 dollardan aşağı düşsə, manatın məzənnəsinin tədricən yumşalmasına getmək lazımdır. Biz manata sərbəstlik verməliyik ki, bazarda öz qiymətinə yaxın bir qiymət alsın.
Bir daha təkrar edirəm, bu gün biz həm iqtisadi, həm də maliyyə nöqteyi nəzərdən təhlükəsiz durumdayıq. Ancaq bütün bu təhlükəsizliyin neft qiyməti üzərində oturması təhlükəlidir.
– Necə düşünürsünüz, Maliyyə Monitorinqi Xidmətinin Vergilər Nazirliyinin səlahiyyətinə verilməsi doğru addımdırmı?
– Bu qurum yarandığı gündən özünü tapa bilmədi və onun fəaliyyəti demək olar ki, uğursuz oldu. Elə bu səbəbdəndir ki, onun yeri artıq 4-cü dəfə dəyişdi.
– Niyə görə Maliyyə Monitorinqi Xidmətini beynəlxalq təşkilata üzvlükdən çıxardılar?
– Ölkələrdə Maliyyə Monitorinqi Xidmətini həyata keçirən qurumlar beynəlxalq bir təşkilatın üzvüdürlər. Bu təşkilatın tələblərindən biri qurumların hər bir ölkədə sərbəst olmasıdır. Biz bu qurumu Mərkəzi Bankdan alıb Maliyyə Bazarlarına Nəzarət Palatasına verəndən sonra Azərbaycanı bu təşkilata üzvlükdən çıxardılar. Əsas isə bu idi ki, bir nəzarət qurumu başqa bir nəzarət qurumunun tərkibində normal fəaliyyət göstərə bilməz. Sonda Maliyyə Monitorinqi Xidməti Vergilər Nazirliyinin tərkibinə daxil edildi. Ölkə prezidentinin qəbul etdiyi qərarı müzakirə etmək bizim haqqımız deyil. Ancaq çox gözəl olardı ki, o qurum müstəqil olsun.
– Bəzi ekspertlər, məsələn, iqtisadçı Samir Əliyev iddia edir ki, Maliyyə Monitorinqi Xidmətinin Vergilər Nazirliyinin tərkibinə verilməsi barədə ölkə başçısının bugünlərdə olan sərəncamı yanlışdır. Bununla bağlı fikriniz nədir?
– Prezidentin imzaladığı sənədə yanlış deyə bilmərəm. Bu mənim haqqım deyil. Ancaq peşəkar maliyyəçi kimi, Maliyyə Monitorinqi Xidmətini bilən biri kimi öz istəyimi, arzumu dilə gətirərdim. Deyərdim ki, bu qurum müstəqil olsun və müstəqillikdən başqa, ona peşəkar və qətiyyətli bir rəhbər başçılıq etsin. Bu elə bir qurumdur ki, onu ancaq prinsipial və qətiyyətli peşakar birisi idarə edərsə, təşkilatın qarşısında duran vəzifələrin icrasında yüksək nəticələr əldə etmək mümkün olar. Uzun müddətdir bu təşkilatın başında rəhbər şəxs yoxdur.
– Dünya praktikasında Maliyyə Monitorinqi Xidməti təcrübəsi ilə bağlı nə deyə bilərsiniz?
– Bu qurum inkişaf etmiş ölkələrin hamısında var. ABŞ bu monitorinqi həyata keçirməklə həm ölkə daxilində, həm də ondan kənarda nələrə nəzarət etmir ki? Ölkələrə bu qədər sanksiyalar tətbiq edirlər. Bu sanksiyaları pozan bütün tərəfləri maliyyə monitorinqi sayəsində müəyyənləşdirirlər.
Maliyyə Monitorinqi Xidmətinin əsasnaməsini oxumuşam. Təkcə çirkli pulların yuyulması deyil, eyni zamanda məmurların qanunsuz qazandığı pullar, əmlaklar – hamısı bu xidmətin manitorinqinə məruz qalmalıdı. Bu korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə olduqca önəmli bir məsələdir.
– Maliyyə Monitorinqi Xidmətinin fəaliyyətinin dövlətimizin təhlükəsizliyindəki rolu nədir?
– Bu, dövlətin vəsaitlərinin təyinatından yayındırılmasına, oğurlanmasına, talanmasına bilavasitə açıq şəkildə mübarizə aparan qurumdur. Oğurlanmış pulların dövlət xəzinəsinə qaytarılmasında əvəzsiz xidmət göstərə biləcək bir qurumdur.
Heç kimdən gizlin deyil. Elə məmur var ki, onların həyat tərzi aldıqları əmək haqqı ilə bir tərəzidə çəkilə bilməyəcək qədər fərqlidir. Məsələn, məmur var ki, onun özünün və ailəsinin istifadə etdiyi şəxsi avtomobilin və ya yaşadığı villanın dəyəri onun 100 illik əmək haqqından bir neçə dəfə çoxdur. Bax, Maliyyə Monitorinqi Xidməti bu məsələləri araşdırıb, oğurluq edənlərin qanun qarşısında məsuliyyətini müəyyən edən addımlar atmalıdı. Əgər Maliyyə Manitorinqi Xidməti bunu etməyəcəksə, onda onun saxlanması da lazım deyil. Başqa bir misal: Əgər məmur dövlət müəssisəsinin vəsaitlərindən (fərq etməz bu büdcə vəsaiti və ya büdcədənkənar fondun vəsaitidir) özünə dəyəri 250 min manat olan xidməti avtomobil alırsa, bu, artıq dövlət vəsaitinə xor münasibətin ifadəsidir. Məsələn, bu günlərdə məlumat yayıldı ki, iki ali təhsil ocağında rektorlar özlərinə dəyəri bu səviyyədə olan xidməti avtomobillər alıblar. Axı əmək haqqı 2000 manat olan rektor bu dəyərdə xidməti avtomobili özünə necə rəva bilir?
– Sizcə, ölkəmizdə hansı dövlət və özəl qurumlar və ya şəxslər çirkli pulların yuyulmasında maraqlı olar?
– Bu işdə daha çox adı hallanan ilk növbədə məmurlardı. Məmur çalışacaq ki, oğurladığı pulu yusun. O bu pulları bir qayda olaraq ölkə daxilində şadlıq sarayı, mənzil və ya başqa obyektlərin tikintisinə sərf edir ya da xaricdə yatırımlara yönəldir. Maliyyə Monitorinqi Xidməti normal fəaliyyət göstərərsə, o zaman bütün bu qanunsuzluqların, oğurluqların qarşısı alınar.
– Bu günə kimi Maliyyə Monitorinqi Xidmətinin fəaliyyəti qənaətbəxş olsaydı, sizcə, Azərbaycan vətəndaşları Suriyaya gedib çıxardımı və ya ölkəmizdən qeyri-leqal yolla bu qədər kapital axını olardımı? (Məsələn Beynəlxalq Bank məsələsi)
– Açığı, bu xidmətin fəaliyyətini görməmişəm deyə, heç nə deyə bilmərəm. Təbii ki, Maliyyə Monitorinqi Xidməti işləsəydi, bu halların heç biri baş verməzdi. Beynəlxalq Bank məsələsi dövlətimizə bir illik dövlət büdcəmiz qədər zərbə vurdu. Bu gün də o talançılığı edənlərin çoxusu açıq-aşkar gəzirlər və eyni həyat tərzini davam etdirirlər. Qəribədir deyilmi? Adamın banka 1 milyard dollar borcu var, ancaq şəhərin ortasında dəyəri milyon dollarla ölçülən avtomobildə gəzir. Ad da çəkmək olar, ancaq buna ehtiyac varmı? Sual olunur, Maliyyə Monitorinqi Xidməti hara baxır? Bu qurum nəyə lazımdır? Məsələ biz danışdığımızdan çox ciddidir.
Ümid edirəm, Prezidentin bütün sahələrdə göstərdiyi səylər bu sahəni də tezliklə əhatə edəcək və məmur başa düşəcək ki, o xalqa xidmət etməlidir.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ