Hamının möcüzəyə, qeyri-adiliyə marağı var
Tarix: 7-08-2020, 08:43
Baxılıb: 2 889
Google+ Paylaş
Tumblr Paylaş

Hamının möcüzəyə, qeyri-adiliyə marağı var

7-08-2020, 08:43

Elmar İbrahimov: «Bəzən soruşurlar ki, "pulu çoxalda bilərsən?” Mən də cavab verirəm ki, bunu edə bilsəm heç dərdim olmaz»
 
GunAz.az-ın müsahibi respublikamızda məşğul olduğu sahə üzrə kifayət qədər tanınır. Onunla söhbətimiz də elə sırf bu sahə ilə bağlı oldu. Beləliklə qonağımız illuziyanist Elmar İbrahimovdur.
- Hansı illuziyanız daha çox insanlara maraqlıdır?
- Maraqlı sualdır. Bəzən soruşurlar ki, "pulu çoxalda bilərsən?” Mən də cavab verirəm ki, bunu edə bilsəm heç dərdim olmaz (gülür). İlk başda fokuslarım yaxşı alınmırdı. Belə bir şey var idi, kağızı yandırırdın, küldən pul çıxarırdın üst–baş çirkli olurdu. Amma sonra illər keçdikcə yaxşı formada hazırladım və indi də onu göstərirəm. İnsanlar tərəfindən ən çox bəyənilən və istənilən illuziyamdır.
- Bu istedadı özünüzdə nə zaman hiss etmisiz?
- Birinci, ikinci sinifdə oxuyarkən hiss etmişdim. O, vaxtdan qeyri–adiliyə can atırdım. Əslində bilmirəm haradan yaranıb bu istedad, amma incəsənətə əvvəldən marağım olub. Allah tərəfindən verilən qismət, ilahi gözəllikdir.
- Bəs kimlərsə hansısa illuziyanızı öyrənmək istəyib?
- Bəli olub, ən çoxda pulu çoxaltmaq illuziyasını öyrətməyimi istəyiblər. Onlar elə bilirlər ki, həqiqətən bunlar olur, məcbur olursan xırdalığına kimi açıb deməyə, buda illuziyanı maraqsızlaşdırır. Elə insan olub ki, dəfələrlə zəng vuraraq "müəllim nə istəsən verərəm bunu öyrət mənə” deyib. Çağıraraq göstərmişəm, sirrini açmışam gördükləri kimi olmadığını görüb gediblər və bir daha da zəng vurmayıblar. İnsanlar bu sənəti incəsənət kimi qəbul edəndə daha xoş olur mənə.
- Bu sənətin çətinlikləri nələrdir?
- Çətinlik odur ki, bu sənət heç zaman ələ yatmır, bir çox iş belədir. Evdə bir fokusu dəfələrlə məşq edirəm, alınır və sabah bu fokusu insanlara təqdim edəcəm, əlimi atıram ya əlimdən yerə düşür, ya da söyləyirlər ki, gördüm. Gəlirəm yenidən məşq edirəm, yenə əlimə yatmır. Amma zamanla məşq etdikcə əlinə alışır və sənin olur, yavaş-yavaş insanlar bunu qəbul edir. Bu artıq sevimli nömrələrindən birinə çevrilir, həmişə istifadə edə bilirsən.
- Sizcə yetəri qədər Azərbaycanda maraq varmı bu sənətə?
- Nəyin ki, Azərbaycanda bütün dünyada maraq var. Səhnə fokuslarım var, mən neçə illərdir hərbi hissələrdə, konsert proqramlarında çıxış edirəm. Hərbçilərmizə asudə vaxtlarını daha maraqlı keçirmələri üçün tez-tez onlara baş çəkirəm. Dövlət tədbirlərində, uşaq və qocalar evlərində çıxışlarım olub. Çox sevirlər bu sənəti. Düzdü bu sahə bizdə çox açılmayan, təbliği az olunan sahədir. Lakin biləndə ki, fokusyoram maraqla işlərimi izləmək istəyirlər. İnanın uşaqlı, qocalı hamının möcüzəyə, qeyri-adiliyə marağı çoxdur, bu bütün dünyada belədir. Bunun maraqlı cəhədi ondadır ki, bu sənətə tərcümə lazım deyil, hansı ölkədən olurlarsa – olsunlar sadəcə əlinlə göstərmək kifayət edir. Həm də gözəlliyi ondadır ki, uşaqlar, gənc nəsil, yaşlı nəsil sevir. Bundan gözəl istirahət ola bilməz.
- Elə olub ki, hansısa illuziyanız tamaşaçılar qarşısında alınmayıb?
- Çox olub, lakin bunu tamaşaçı hiss etməyib. Elə anlayıblar ki, bu belə də olmalıdır. Çünki əvvəlcədən demirsən ki, bu cür olmalıdır. Bu sənətin qanunları var, heç zaman şoka düşməməlisən sadəcə gülərək növbəti fokusa keçməlisən. Yeni–yeni başlayanda tərəddüd edirdim, səhnəyə kimi çıxaracam, bu sahəni bilən biri gəlsə və səhvlərimi tutsa nə edəcəm, deyirdim. Amma qorxularım zamanla keçdi.
- İşinizin sevdiyiniz və sevmədiyiniz tərəfləri hansılardır?
- Bu da maraqlı sualdır. Sevdiyim tərəfi insanlar ruh yüksəkliyi aldıqca, sevindikcə, güldükcə, əyləndikcə özün də sevinirsən. Gülmək, əylənmək özü də bir sağlamlıqdır. İnsanı gəncləşdirir, yaşadır. Sevmədiyim tərəfi isə odur ki, bir də görürsən kart fokusu göstərirəm deyirlər ki, "gedək kart oynayaq, sən bizdən oyna biz qazanaq” bunun kimi bir çox şeylərlə qarşılaşıram. Tez-tez maddi tərəfə qaçırlar, biri maraq üçün, bəziləri isə həqiqətən elə bilirlər ki, bunları etmək mümkündür. Onları inandırmaq məcburiyyətində qalırsan ki, bu sadəcə fokusdur. Sevmədiyim tərəfi budur.
- Öz sənətinizi kiməsə öyrətmək istərdiz?
- Çox insan olub məşğul olmuşam, bir ay gəlib-gedib. Bu sənət elədir ki, yoluna saldı, təməlini bildi, davamlı olaraq özü öyrənir. Yəni bu sənətə yiyələnmək özündən də aslıdır. Bir neçə tələbəmiz var idi ki, Türkiyədə "Yetenek Sizsiniz” yarışmasına qədər gedib çıxmışdı.
- Əlavə etmək istədiyiniz nəsə varmı?
- Əlavə etmək istəyərdim ki, bu sənətdə qonşu ölkələrdə, adı sanı olanlar var. Neçə illərdir ki, bu sənətlə əsgərlərin, uşaq və qocalar evlərində insanların qarşısına çıxıram. Bir balaca sənətim qiymətləndirilsə çox şad olardım. Gələcəkdə daha da ruh yüksəkliyi olardı mənim üçün, çox sevinərdim. Hörmətli prezident İlham Əliyev iki dəfə bacarığımı izləyib və işimi bəyənib. Mədəniyyət və turizm naziri də əvvəllər dəfələrlə mənə baxıb və önəm veriblər, qismət olub izləyiblər. Əsas odur ki, əmin-amanlıq, can sağlığı olsun. Hər zaman prezidentimizi dəstəkləyirik, ona uğur arzu edirəm. Mənim üçün hər zaman əmin–amanlıq yaradıb.
 
Səidə SEYİDOVA
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ