İnsanlar koronavirusun təhlükəliliyinə niyə inanmır? - MÜSAHİBƏ
Tarix: 6-06-2020, 15:10
Baxılıb: 2 996
Google+ Paylaş
Tumblr Paylaş

İnsanlar koronavirusun təhlükəliliyinə niyə inanmır? - MÜSAHİBƏ

6-06-2020, 15:10

Ölkədə koronavirusa yoluxma hallarının getdikcə artması məsələnin daha da ciddiləşməsi anlamına gəlsə də, nədənsə insanlar arasında hələ də virusun bir oyun kimi ortaya atıldığı barədə fikirlər dolaşır.
Sirr deyil ki, kütləvi informasiya vasitələri (KİV), mütəxəssislər və həkimlər məsələ ilə bağlı geniş maarifləndirmə aparsalar da, cəmiyyətdə virusun təhlükəsi və miqyası barədə tam ciddi fikir formalaşdırmağa müyəssər ola bilmirlər.
 “İnsanlarda virusun mövcudluğuna və təhlükəliliyinə necə qəti əminlik yaratmaq olar?” sualı ilə mütəxəssislərin rəyini öyrənib.

Gülbəniz Məmmədəliyeva: “İnsanlar televiziyalarda göstərilənləri şou kimi qəbul edirlər”
Bakıda COVID-19 xəstələrinin müalicə aldığı kilinikada çalışan Gülbəniz Məmmədəliyeva ilə söhbətimizdə həkim xəstəliyin həqiqətən də get-gedə daha çox yayıldığını ciddi bir fakt kimi diqqətə çatdırıb. G.Məmmədəliyeva çoxlarının virusu hələ də ciddiyə almamasından təəssüfləndiyini gizlətməyərək, həyəcan təbili çalıb:
– Mənim bir insan, xalqını, millətini sevən bir vətəndaş kimi ürəyim ağrıyır, vallah. Deyirsən, neyləyək ki, bu xəstəlik azalsın. Adi qrip infeksiyaları olsaydı, başqa. Amma bu, get-gedə çoxaldıqca, faciəyə çevriləcək axı! Payız-qış aylarında isə immunitet zəiflədikcə, yoluxma artacaq. Özü də bu elə bir virusdur ki, immuniteti çökdürməmiş insandan əl çəkmir. Bu baxımdan məsələyə ciddi yanaşıb təsirli tədbirlər görmək lazımdır.
– İş orasındadır ki, nə qədər tədbir görülsə də, təbliğat aparılsa da, insanlar məsələnin ciddiliyinə inanmırlar. Konkret olaraq, televiziyalarda xəstələr xəstəxanalardan belə görüntülənib. Amma yenə də insanlar arasında böyük bir inamsızlıq var…
– Doğrudur, kanallar çəkib göstərir. Amma təəssüf ki, bu, o qədər də effektli olmur. Çünki Azərbaycan kanallarının əksəriyyəti artıq öz reytinqini itirib. Bunu təkcə mən demirəm, el-aləm deyir. İnsanlar televiziyalarda göstərilənləri şou kimi qəbul edirlər. Onlar daha çox sosial şəbəkələrə inanırlar. Məsələn, mənim ətrafımda olan insanların bir qismi deyir ki, hansı xəstənin yaxını sosial şəbəkələrdə bir şey çəkib qoyub?! Deyirlər ki, belə bir şey olsaydı, kimsə çəkib sosial şəbəkələrdə yerləşdirərdi. Daha demirlər ki, camaatın başı özünə qarışıb, kimin vaxtı var ki, nəsə çəkib internetə qoysun. Digər tərəfdən dünya təcrübəsində ağır viruslu xəstələrin adının açıqlanması təcrübəsi yoxdur. Xəstələr özləri də xəstəliklərini gizlətməyə çalışırlar, utanırlar, ətrafdakı insanların onlardan qorxub-çəkinməsini istəmirlər. Ona görə də gözləmək lazım deyil ki, hər dəqiqə kimlərsə çıxıb nəsə göstərəcək ki, insanlar da əmin olsunlar.
Elçin Şıxlı: “Bizim millət əhlikefliyə daha çox üstünlük verir”
 
Mövzu ilə bağlı müraciət etdiyimiz “Ayna” – “Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı isə bu işdə KİV-dən daha çox, insanların öz üzərilərinə böyük məsuliyyət düşdüyünü bildirib:
– Mən televiziyalara inamsızlıqla bağlı arqumentlərlə yüz faiz razı olmasam da, deyilənlərdə müəyyən qədər həqiqət var. Sirr deyil ki, insanlar son zamanlar televiziyalara baxmırlar. Çünki bizim televiziyalara inam zəifləyib. Əvvəllər televiziyalarda plüralizmdən demək olar ki, əsər-əlamət yox idi. Amma son zamanlar kanallarda, xüsusən də İTV-də xeyli maraqlı verilişlər yayımlanır.
Televiziyalara inamsızlıq təkcə bizdə deyil. Məsələn, indi Rusiya kanallarında da təbliğat-təşviqat belə gedir ki, guya Ukraynada vəziyyət pisdir, Amerika dağılır, ancaq Rusiyada hər şey yaxşıdır. Ona görə də insanlar sosial şəbəkələrdə gedən xəbərlərə və internet televiziyaların yalan-doğru söylədiklərinə daha çox üstünlük verirlər. Bu nöqteyi-nəzərdən həkimin dediyində həqiqət var.
– Elçin müəllim, sizcə, necə bir təbliğat forması seçməliyik ki, virusla bağlı insanların şüuruna, fikrinə ciddi təsir göstərə bilək?
– Bizim kütləvi psixologiyamızda belə bir şey var ki, heç nəyi ciddiyə almırıq, deyilən sözə heç kim inanmır. Cəmiyyətin bir qismi hələ də deyir ki, koronavirus məsələsi fırıldaqdır. Yəni təkcə Azərbaycanda deyil, dünyanın bir çox yerlərində deyirlər ki, guya dünyada insanların sayı artıb və hansısa  mason qüvvələr insanların sayını 1 milyard səviyyəsinə endirənə qədər onları məhv etməyi düşünür. Türklər demiş, insanlar da belə komplo teorilərinə inanmağa çox meyllidirlər.
Bizim millət də əhlikefliyə daha çox üstünlük verir. Bir çoxları da sual verir ki, bəs deyirlər, bu xəstəlikdən filan qədər adam tələf oldu, amma mən tanıdığım adamlarda yoxdur. Belə çıxır ki, bu adamın lap yaxını, qonşusu, nə bilim, iş yoldaşı bundan tələf olarsa, ancaq o halda inanacaq. Yəni insanlar hamısı konkret ad görmək istəyir. Amma onlar bir şeyi başa düşmürlər ki, xəstəlikdən tələf olanların adını söyləmək mümkün deyil. Dünyanın heç bir yerində belə bir praktika yoxdur. Ona görə də hesab edirəm ki, insanları, ümumiyyətlə, mütəmadi şəkildə nizam-intizama öyrətmək lazımdır. Söhbət təkcə koronavirus zamanında tətbiq olunan məhdudiyyətlərdən getmir. Bizim insanlar hələ təzə-təzə yolu svetoforun qırmızı işığında deyil, yaşıl işığında keçməyi öyrənirlər, onu da axıracan yox. Polis cərimə etməyənə qədər heç kim bu qaydaya riayət eləmir. Maşınları da necə gəldi sürürük. Deyirlər, sosial məsafə saxlayın, saxlamırıq. Baxın, İsveçdə karantin elan edilmədi. Amma isveçlilərin özünün millət olaraq xarakterində bir nüans var. Onlar bir-birilərinin ağzının içinə girmirlər. Amma italyanlar bir az tanış olduqları adamla sağollaşanda artıq qucaqlaşıb öpüşürlər. Fransızlarda da belə bir adət var. Bizim millətdə də belədir. Ona görə də millətimizə uşaqlıqdan təlim-tərbiyə keçilməlidir ki, böyüyə hörmət etmək, kiçiyə qayğı göstərmək və s. lazımdır. Bütün bu dəyərlər bizdə pozulub. Ona görə nə televiziyaya inam var, nə böyük sözünə qulaq asan, nə də kiçiyə qayğı göstərən…
– Yeri gəlmişkən, milli-mənəvi dəyərlərin aşılanmasında televiziyaların üzərinə böyük iş düşür. Bununla bağlı nə tövsiyələriniz var?
– Televiziyalarda o qədər peşəkar insanlar var ki, mən onlara konkret heç nə tövsiyə edə bilmərəm, sadəcə olaraq onu demək istəyirəm ki, jurnalistikanın təməl prinsiplərinə mütləq şəkildə riayət edilməlidir. Jurnalistika təbliğat-təşviqat aparatı deyil, xəbər ötürəndir. Ümumiyyətlə, baş verən hadisələri doğru-düzgün, sanballı şəkildə şərh edən bir vasitədir. Kiminsə yanlış, yalançı fikirlərini, təbliğatını aparmaq yeri deyil, bunun üçün reklam var. Təəssüf ki, biz Leninin qoyduğu çərçivələrdən çıxa bilmirik. Sovet standartları hələ də başımızın üstündədir. Lenin deyirdi ki, kütləvi informasiya vasitələri təbliğatçı, təşviqatçı və təşkilatçıdır. Amma bunların heç birinin normal KİV-ə, jurnalistikaya aidiyyəti yoxdur. Jurnalistika xəbər ötürücüsüdür. Və televiziyalarımız işlərini məhz bu prinsip üzərində qurmalıdır.
Qulu Məhərrəmli: “Bir çox hallarda televiziyalarda ən ciddi materiallar qeyri-peşəkar formada verilir”
“Həkimin dediyində həqiqət də var, amma mübahisəli məqamlar da çoxdur”, – deyən media eksperti, professor Qulu Məhərrəmlinin fikrincə isə televiziyalar pandemiya barədə informasiyaları dəqiq, təsirli və effektli çatdırmalıdır:
– Burada doğru olan odur ki, bəli, bir çox hallarda biz ən ciddi materialları qeyri-peşəkar formada veririk. Konkret olaraq, tutaq ki, pandemiya, koronavirus məsələsinin işıqlandırılması davamlı, sürətli, eyni zamanda, müəyyən qəliblərlə təqdim olunur. Bunlar da insanlara təsir imkanlarını zəiflədir. Çünki bir şey haqqında uzun müddət danışanda onun təsiri itir. Həkimin dediyində mübahisəli məqam nədir? Bu materiallar təkcə jurnalist materialları deyil, yəni bunları təkcə televiziyalar vermir. Televiziyalar kimlərin vasitəsilə bunu edir: mütəxəssislərin, həkimlərin. Düzdür, bizim bu sahədə tutaq ki, virusoloqlarımız çox azdır. Amma hər halda savadlı həkimlərimiz var ki, çıxıb danışırlar. Yəni mən həkimin dediyini mütləq doğru hesab etmirəm. Televiziyaların təqdimatları zəifdir, şablondur – bunu qəbul edirəm. Bəzən təsirsizdir – bunu da qəbul edirəm. Amma tutaq ki, “televiziya bunda günahkardır” demək və yaxud televiziyanı burada birbaşa ittiham eləmək doğru deyil. Baxın, hadisələrin əvvəllərində televiziyalara inam çox idi, baxırdılar, müəyyən tövsiyələri qəbul edirdilər və s. Amma sonra sosial şəbəkələr bu imkanları çox məharətlə televiziyaların əlindən aldı. Niyə? Çünki həmin mütəxəssislər, həkimlər sosial şəbəkələrdə daha geniş iş apara bildilər. Hər halda mən hesab edirəm ki, koronavirus deyilən ümumi bir bəla ki var, ona qarşı həm televiziyaların, həm də sosial şəbəkələrin gücündən səmərəli istifadə olunmalıdır. Sadəcə olaraq televiziya əməkdaşları çatdırılan materialların formalarına, təsirliliyinə, effektivliyinə diqqət yetirməlidirlər.(konkret.az)
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ