Prezidentin qətiyyətli addımı HARINLAMIŞLARA İBRƏT OLMALIDIR-MÜSAHİBƏ
Tarix: 18-05-2020, 16:33
Baxılıb: 3 249
Google+ Paylaş
Tumblr Paylaş

Prezidentin qətiyyətli addımı HARINLAMIŞLARA İBRƏT OLMALIDIR-MÜSAHİBƏ

18-05-2020, 16:33

Qarabağ müharibəsi əlillərinin, veteranlarının və şəhid ailələrinin sosial problemlərinin həlli, həyat şəraitinin yaxşılaşdırılması hər zaman dövlətin diqqət mərkəzindədir. Karantin dövründə də dövlət bu kateqoriyadan olan insanları yaddan çıxartmadı.
 Bu məsələ Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İB-nin Sabunçu rayon şöbəsinin sədri, ehtiyatda olan kapitan Zülfüqar Cəfərovla söhbətimizin əsas leytmotivini təşkil etdi.
-Zülfüqar Bəy bəlkə sizə elə cənab kapitan kimi müraciət edək?
 -Olar, bu karantin şəraitində yaşadığımız dövrdə bizləri unutmadığınız üçün təşəkkür edirəm.
 - Cənab kapitan, karantin rejimində sizin və təşkilatınızın üzvlərinin əhval-ruhiyyəsi necədir?
 - Təbii ki, çətin günlərdir. Hesab edirəm ki, koronavirus dünyaya müharibə elan edib. Müharibə keçmiş insanlar üçün başqalarına nisbətən bir az yüngül hesab edilə bilər. Fərq ondadır ki, bu düşmən gözəgörünməzdir. O ki, qaldı üzvlərimizin əhval-ruhiyyəsinə, onlar çox səbrlə, təmkinlə yanaşırlar bu çətinliyə. Bizlər belə çətinliklər çox görmüşük, virusun ölkəmizdə baş qaldırdığı ilk gündən tam əmin idik ki, ölkə rəhbərliyi qətiyyətli addımlar atacaq. Elə də oldu. Aztəminatlı insanların sosial müdafiəsinin gücləndirilməsi naminə görülən bütün işlər təqdirəlayiqdir. Birdəfəlik ödəmələr və digər yardımlar əhalinin nisbətən kasıb təbəqəsinin xüsusi karantin rejimində dadına çatdı. Qarabağ əlilləri, şəhid ailləri də daim dövlətimizin diqqətindədir. Heydər Əliyev Fondunun göstərdiyi ərzaq yardımlarından bir çox üzvlərimizin ailələri də yararlandı. Bəzi xeyriyyəçi insanların da bu yardım aksiyasına qoşulmağı alqışlanmalı haldır. Əlbəttə ki, arzu edərdim xeyriyyəçi insanlarımız vətənimiz uğrunda canını qurban vermiş insanların ailələrinə daha çox köməkliklər göstərsinlər. Ən böyük istəyim isə odur ki, ümumiyyətlə, bu çətin günlər tezliklə arxada qalsın. Həyat normal axarına dönsün. Yardımsız da yaşamaq olar, maddi çətinliyə də dözmək olar. Əsas odur ki, dövlətimiz bütövlükdə bu bəladan xilas olsun, xalqımız öz həmrəyliyini belə çətinliklərdə yox, işğal altında olan torpaqlarımızın azadlığı uğrunda göstərsin.
 - Siz dövlətin aztəminatlı insanlara göstərdiyi dəstəkdən danışdınız. Amma, bəzi dövlət məmurlarının çətin durumda da öz mənafelərini üstün tutduğunu gördük. Bu barədə nə deyə bilərsiniz?
 - Sizinlə razıyam, bu barədə bir neçə kəlmə mən də demək istərdim. Son zamanlar ölkə gündəmini bürüyən icra başçılarının, bəzi nazirliklərin yüksək vəzifəli məmurlarının həbsi biz müharibə iştirakçılarını da narahat edir. Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, Heydər Əliyev Fondunun aztəminatlı insanlara etdiyi yardımları mənimsəyən şəxslərə ən yaxşı sözü Ali Baş Komandanımız özü dedi. Onlar vətən xainidirlər! Təəssüflər olsun ki, millətimizin içində belələri də var. Və belələrinin yüksək vəzifədə olması ikiqat üzücüdür. Sağ olsun cənab Prezident, hüquq-mühafizə orqanlarına verdiyi tapşırıqla həmin məmurlar ifşa olundu. Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyatı bir zabit olaraq yüksək qiymətləndirirəm. Prezidentin son qətiyyətli addımları bəzi harınlamış məmurlara bir siqnal, xalqa isə bir çağırışdır.
Nazirliklərin dövlət vəsaitlərini öz ata malları kimi istifadə etməsi, korrupsiyaya bulaşması, rüşvətxorluqla məşğul olması dövləti cinayətdir. Ölkə rəhbəri xalqa göstərdi ki, her şeyi bilir, xəbərdardır. İnanın ki, belə halların qarşısının bu formada alınmasına keçmiş döyüşçülər həm sevinir, həm də ki, hiddətlənir. 30 ilə yaxındır itirdiyimiz torpaqların geri alınmasında ölkə başçısına, dövlətimizə dayaq olmaq əvəzinə, müxtəlif yollarla dövlət vəsaitlərinin mənimsənilməsi, hesab edirəm ki, düşmənlərimizə xidmət etməkdir.
- Sizcə belə məmurlara qarşı aparılan mübarizə davam edəcəkmi?
 - Hesab edirəm ki, dövlətinə, xalqına, Prezidentinə sədaqətlə xidmət edən nazirlərimiz, icra başçılarımız, müxtəlif dövlət qulluqlarında olan məmurlarımız kifayət qədərdir. Düzdür bəzi mərkəzi icra orqanlarında hələ də çatışmazlıqlar var. Bunu cənab Prezident də vurğuladı. Prezident "heç kimə güzəşt yoxdur” dedi. O, bir daha bütün dövlət məmurlarına xəbərdarlıqlarını etdi, onları düz işləməyə, xalqdan ayrı düşməməyə çağırdı. Əks halda, DTX-nın əməliyyat qrupu başlarının üstünü kəsəçək. Yəqin ki, hansı sahədə boşluqların olması, qanunazidd hərəkətlərin çoxluğu ölkə başçısına məlumdur. İnşallah, korrupsiyanın, rüşvətxorluğun kökü birdəfəlik kəsilər.
 - Ölkə başçısının bu qətiyyətli addımları təşkilatınızda müzakirə olunurmu? Üzvləriniz, keçmiş döyüşçülər bu haqda nə fikirdədir?
- Xüsusi karantin rejimi şəraitindəyik. Tədbir keçirə bilmirik, yığıncaqlarımız olmur. Bu başadüşüləndir, amma, üzvlərimizlə telefon əlaqələrimiz var, bəziləri ilə imkan daxilində görüşə də bilirik. Əlbəttə ki, dövlətin mövqeyini tam dəstəkləyirik. Ölkə başçısının yeritdiyi siyasət respublikamızın yüksəlişinə, cəmiyyətdə qanunçuluğun, ictimai-siyasi sabitliyin, əmin-amanlığın, hər bir vətəndaşın hüquq və mənafeyinin qorunmasına xidmət edir. Ona görə də biz, Sabunçu rayon Qarabağ əlilləri, veteranları və şəhid ailələri atılan addımları, görülən işləri rəğbətlə qarşılayırıq. İnamımız artır ki, ölkəmizdə islahatlar davamlı xarakter daşıyır, hər sahədə şəffaflıq, ədalət tam zəfər çalacaq. İnanırıq ki, ən böyük ədaləti Allahın köməkliyi ilə Qarabağımızda bərqərar edəcəyik. 
Teşəkkür edirem, cənab KAPİTAN! 
Siz də sağ olun. Saytınıza da uğurlar arzulayıram.
Mərdan DOLĞUN
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ