Məhsa Mehdili: “Qadını zorla çadraya bürüyüblər” – Müsahibə
Tarix: 23-05-2019, 10:09
Baxılıb: 658

Məhsa Mehdili: “Qadını zorla çadraya bürüyüblər” – Müsahibə

23-05-2019, 10:09

“Güney Azərbaycan Təbriz mərkəzli və Azərbaycan millətinin iqtisadi, mədəni və siyasi haqlarını özündə əks etdirən bir xətlə hərəkət edir. Milli hərəkat fundamental dayağı olan, millət daxilindən dəstək görən bir prosesdir. Bunu millətimizin konkret mövqedə dayanmasında, fars bölgələrinin apardığı etiraz aksiyalarına qoşulmamasında və müstəqil hərəkət etməsində görürük”.
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) sözçüsü, milli fəal Məhsa Mehdili belə fikirləşir. Onun Teleqraf.com-a müsahibəsini təqdim edirik.
- ABŞ-dan İrana təzyiqlər yenidən artır, artıq İran ərazilərinə raket zərbələrinin endiriləcəyi müzakirə olunur. Sizcə, İran nə qədər Amerikanın bu hücumlarına dözə biləcək?
- Məsələni İranın daxili ictimai-siyasi vəziyyəti prizmasından qiymətləndirmək lazımdır. Hökumət və ölkənin təbii sərvətləri demokratiyadan xəbəri olmayan bəlli bir qrupun əlindədir. Nəticədə iqtisadiyyat iflas həddinə çatıb. Bu, insanların mədəni etiraz və tələblərinə zorakılıqla qarşılıq verən, vətəndaşların problemlərinə göz yumaraq xaricdəki radikal qruplaşmaları bəsləyən hökumətdir. İnflyasiya, bahalaşma, işsizlik və xaricdən gələn gəlirlərə bağlı olan bir iqtisadiyyat son 40 ildə ya müharibə yaradıb, ya da silaha xərclənib. Hökumət tamamilə başını itirib və vətəndaşların haqlı suallarına cavab tapa bilmir. İranda yaşayan xalqlar və etnik qruplar, bütün vətəndaşlar bu hökumətə müxalifətdə dayanıb. Bu da təzyiq altında olan hökumətə böyük bir təhlükə vəd edir.
- Yəni, xarici təzyiqlər ABŞ raketlərini işə salmadan daxildə sosial partlayışa zəmin yarada bilər...
- Bəli, İran belə bir partlayışın astanasındadır. Artıq iqtisadiyyatın çöküşünü rəsmi hesabatlarda da gizlədə bilmirlər. Böhran fonunda artan narazılıqlar və genişlənən etiraz aksiyaları mövcud siyasi sistemin çöküşünü sürətləndirir.
- Digər yandan, son günlər İranda qadınlar arasında hicaba qarşı gedən etiraz aksiyalarının da miqyası genişlənir.
- Təsəvvür edin ki, 21-ci əsrdə vətəndaşlarının nə geyinib-geyinməyəcəyinə, nə yeyib nə yeməyəcəyinə, ailə əlaqələrinin necə olacağına hökumət qərar verir. Bu baxımdan hicab İranda məcburidir və qadınların fikri nəzərə alınmadan bu məsələnin üzərindən siyasət yürüdürlər. Qadını zorakı şəkildə çadraya bürüyüblər və ictimaiyyət arasında fəal olan qadınlara qarşı da əxlaqsız layihələr həyata keçirirlər. Rejim qadınları izolyasiya edərək, cəmiyyəti iflic edib, nəticədə buna qarşı ciddi etiraz aksiyaları başlayıb. Artıq qadınlar açıq formada məcburi hicab istəmdiklərini dilə gətirirlər.
- Bir tərəfdən də etniklərin, xüsusən də bəlucların yaşadığı bölgələrdə İran hakimiyyətinə qarşı etirazlar baş qaldırıb. Bu etirazların miqyası daha hansı bölgələri əhatə edə bilər?
- İran çoxmillətli ölkədir, indiki tarixi dönəmdə bu millətlərlə farslar arasındakı xətlər bəllidir. Bu ayrı-seçkiliyin əsas oyunçusu isə 1925-ci ildə İranda hakimiyyətə gəlmiş şovinist sistem olub. Bu baxımdan digər etnik qruplar kimi bəluclar da həm məzhəb, həm də milli kimlik məsələsinə görə ayrı-seçkiliyə məruz qalır. Bəlucistana su, qaz məhdud formada verilir, üstəgəl, bəluc uşaqların təhsil almasına imkan vermirlər. Bu bölgədə hökm sürən yoxsulluq, aclıq burada yaşayan insanların hansı zülmə məruz qalmasının bariz nümunəsidir. Digər qeyri-fars millətlər üçün də vəziyyət bu formadadır, artıq bütün etnik qruplar və millətlər Tehrana qarşı bir hərəkat yaradıb.
-Eyni zamanda, həmin etnik bölgələrdə silahlı qruplaşmalar fəaliyyət göstərir. Bu qruplara hansı dövlətlər yardım edir və bu silahları haradan əldə edirlər? Xüsusən də kürdlər və bəluclar...
- Bu qrupların öz strateji müttəfiqlərindən maddi-texniki yardım alması bir reallıqdır. Amma rəsmi qaydada kim tərəfindən silahlandırılmasına dair açıqlama olmayıb. İran isə İraq, Livan, Yəmən, Əfqanıstan, Pakistan, Liviya və Suriyada radikal qrupları silahlandırır. Suriya istisna olmaqla bu qrupların hamısı İrandan kənarda qurulmuş qruplardır. Belə bir hökumətə qarşı İran daxilində silahlı qruplaşmaların yaradılması təəccüblü olmamalıdır. Amma onu da unutmayaq ki, kürd terror qruplarının Qərbi Azərbaycanda yayılmasında İran rejiminin birbaşa əli var. Nəticədə bölgə terror təhdidi qarşısında qalıb.
- Bəs Güney Azərbaycan İrana kənardan artan təzyiqlər fonunda hansı mövqedə dayanıb?
- Artıq Güney Azərbaycan Təbriz mərkəzli və Azərbaycan millətinin iqtisadi, mədəni və siyasi haqlarını özündə əks etdirən bir xətlə hərəkət edir. Milli hərəkat fundamental dayağı olan, millət daxilindən dəstək görən bir prosesdir. Bunu millətimizin konkret mövqedə dayanmasında, fars bölgələrinin apardığı etiraz aksiyalarına qoşulmamasında və müstəqil hərəkət etməsində görürük.
- Bu təzyiqlərin Güney məsələsini Qərbdə gündəmə gətirməsi ehtimalı hansı səviyyədədir?
- Bu, bizim üçün çox önəmli fürsətdir. Sadəcə güneylilər yox, quzeylilər də bu tarixi fürsətdən yararlanaraq Güney Azərbaycanın haqq səsini dünyaya çatdırmalıdır. Bu, torpaqlarımızın erməni-rus İran birləşməsindən qurtulması üçün də məntiqli bir addım olardı.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ