“Zamanın səsi” ilə başlayan yubiley təntənəsi
Tarix: 8-05-2019, 13:50
Baxılıb: 108

“Zamanın səsi” ilə başlayan yubiley təntənəsi

8-05-2019, 13:50

Azərbaycanın görkəmli bəstəkarı, Xalq artisti, professor Ramiz Mirişlinin 85 illiyi münasibətilə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında yubiley konserti keçirildi.
 Filarmoniyaya təşrif buyuranlar iki saat ərzində unudulmaz sənətkarı təkcə bir çox populyar mahnıların bəstəçisi kimi deyil, həm də simfonik musiqinin müxtəlif janrlarında sanballı əsərlər müəllifi kimi yenidən kəşf etdilər. Düzdür, bəstəkar geniş dinləyici auditoriyasına “Bir könül sındırmışam”, “Dalğalar”, “Araz üstü şəhərim”, “Səadət”, “Ay qəlbi kövrək” və onlarla belə yaddaqalan mahnıları ilə daha yaxşı tanışdır. Filarmoniyadakı konsertdə isə sənətkarın zəngin yaradıcılığının, demək olar ki, bütün istiqamətləri nəzərə alınmışdı.
Konsertdən əvvəl səhnəyə çıxaraq Ramiz Mirişlinin yaradıcılığından söz açan musiqişünas, Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə də bu fikri vurğuladı. Qeyd olundu ki, bəstəkarın simfonik orkestr üçün yazılmış əsərləri, ən yaxşı mahnılarından seçmələr, xor və orkestr üçün kantatası, hətta müasir dövrdə az müraciət edilən odası da konsert proqramına daxildir.
Dirijor Mustafa Mehmandarovun idarə etdiyi Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri konsertə bəstəkarın “Zamanın səsi” simfonik poemasının ifası ilə başladı. Həqiqətən də, milli muğam ladları üzərində qurulmuş poema dinləyicini zamanın təlatümlü səsini dinləməyə vadar edirdi. Zümrüd Dadaşzadənin dediyi kimi, Ramiz Mirişli zamanın nəbzini tutub, səsini eşidərək onu musiqi dili ilə “dilləndirməyi” bacaran bəstəkar olduğu üçün müəllifin bütün irihəcmli əsərlərində dövrün musiqi ritmi hiss olunur. Salon “Çahargah” ritmləri ilə başlayıb bitən, sanki bir üsyankar ruhun söhbətini xatırladan “Zamanın səsi”ni həvəslə dinlədi.
Növbəti əsər simli alətlər orkestri üçün yazılmış simfoniya idi. Bəstəkarın 1963-cü ildə yazdığı üçhissəli simfoniya müəllifin həmin dövrdə dünya simfonik musiqisində baş verən təbəddülatlardan nə qədər yaxşı xəbərdar olduğunu sübuta yetirirdi.
Konsertdə ifa edilən üçüncü əsəri isə birmənalı olaraq Azərbaycan bəstəkarlıq məktəbinin dünya musiqisinə töhfələrindən hesab etmək olar. Şərq musiqi aləmində tar və kamança kimi milli musiqi alətləri ilə simfonik orkestr üçün irihəcmli əsərləri məhz Azərbaycan bəstəkarları yazıblar. Ramiz Mirişlinin tar və simfonik orkestr üçün 3 hissəli konserti də bu sıradan ən yaxşı musiqi nümunələrindən hesab edilir. Konsertin solo hissəsini Əməkdar artist Sahib Paşazadə ifa etdi.
Konsertin ikinci hissəsini bir növ bəstəkarın sözə, şeirə olan həssas münasibətini, şeirin içindəki melodiyanı notla dilə gətirmək məharətini sərgiləyən bölüm də adlandırmaq olardı. Əməkdar artistlər Bəyimxanım Vəliyeva və Anar Şuşalı bəstəkarın “Dilsiz suallar” (söz – Hüseyn Razi), “Bakı bir nağıldı” (söz – Məmməd Aslan) mahnılarını ifa etdilər.
Simfonik orkestr və Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər – Xalq artisti Gülbacı İmanova) Məmməd Arazın sözlərinə bəstələnmiş “Azərbaycanım” kantatasını möhtəşəmliklə ifa etdi.
Yubiley konsertinin son akkordu isə orkestr və Xalq artisti Samir Cəfərovun ifasında Nəbi Xəzrinin sözlərinə bəstələnmiş “Məşəl kimi yanan ürək” odasının səslənişi oldu. Heydər Əliyevə həsr olunmuş bu əsər həm böyük istedad sahibi olan müəlliflərinin, həm də anadan olmasının 96-cı ildönümünü qeyd etdiyimiz ulu öndərin xatirəsinə ehtiram kimi səsləndi.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ