Sabirabadda iki ay yaşayıb Gəncəyə gedən şair: Abbas Səhhət
Tarix: 10-08-2019, 23:00
Baxılıb: 930
Google+ Paylaş
Tumblr Paylaş

Sabirabadda iki ay yaşayıb Gəncəyə gedən şair: Abbas Səhhət

10-08-2019, 23:00

(Abbas Səhhət-145)

1918-ci il mart qırğını zamanı minlərlə adi vətəndaş kimi dahi mütəfəkkir, həkim, şair, tərcüməçi Abbas Səhhət də qurbanlardan olub. Erməni barbarları tərəfindən evi yandırılan A.Səhhət hər şeydən qiymətli olan əlyazmalarını belə götürməyə macal tapmayıb. Maraqlı faktlardan biri isə Abbas Səhhətin Cavad qəzasının Petropavlovka yaşayış məntəqəsində,  indiki Sabirabad rayonunda yaşamasıdır.
Orta məktəb illərində "Vətənin sevməyən insan olmaz, olsa da ol şəxsdə vicdan olmaz" misraları ilə yaddaşımızda qalıb Abbas Səhhət. Yalnız həkim, şair, tərcüməçi olduğunu, bir də 1874-cü ildə Şamaxıda doğulub, 1918-ci ildə Gəncədə vəba xəstəliyindən dünyasını dəyişdiyini bilirik. Sovet dönəmində əsl həqiqəti yazmaq yasaq edildiyindən, Abbas Səhhət haqqında əsl həqiqətlərdən xəbərsizdik. Halbuki 1918-ci il mart soyqırımında minlərlə adi vətəndaş kimi Abbas Səhhət qurbanlardan biri olub. İmam Museyi Kazımın şəcərəsindən olan, evi yandırılarkən əlyazmalarını götürməyə belə macal tapmayan Abbas Səhhət qırğınlar zamanı öz doğma yurd-yuvasından didərgin düşüb.
 
Şairin dayısı nəvəsi Gülbacı Həmidova deyir:
“Mən bunları qayınatamdan eşitmişəm. Ona da Abbas Səhhət danışıb. Mart qırğınları zamanı Abbas Səhhət bir dəstə adamla doğma yurdunu tərk edərkən qarşılarına ermənilər çıxıblar. Elə bil, həmin an erməni vəhşiləri onları görməyib, varlıqlarından xəbərləri belə olmayıb”.

Möcüzə nəticəsində sağ qalan Abbas Səhhət ailəsi ilə birlikdə, bir çox mənbələrdə yazıldığı kimi Gəncəyə yox,  ilk dəfə Cavad qəzasının Petropavlovka yaşayış məntəqəsinə, indiki Sabirabad rayonuna üz tutur. Abbas Səhhət rayonda dayısı oğlu Mirsahib ağanın evinə gəlir. Deyilənə görə, o, 2 aya qədər burada yaşayır.

İlk günlər Abbas Səhhət evindən əlyazmalarını götürə bilmədiyinin xiffətini çəkirmiş.
Şairin nəvəsi Faiq Mehdiyev xatırlayır: “Atam deyir ki, gördüm o, çox narahatdır. Dözə bilmir, əlyazmalarının fikrini edir. Odur ki, mən Səftərlə birgə qayıtdıq Şamaxıya. Şamaxıda evə çatdıq. Gördük ev yanıb, kül olub, heç nə yoxdur. Əliboş geri qayıtdıq”.
Artıq Petropavlovkada yaşaya bilməyəcəyini görən Abbas Səhhət işləmək üçün Gəncə şəhərinə gedir. 20 gündən sonra o, Gəncədə dünyasını dəyişir. Dəfndən qayıdan zaman gözləri tutulmuş Atası Əliabbas kişi quyuya düşərək boğulur. Onun meyiti quyudan  çıxarılaraq qəbiristanlıqda dəfn edilir. İndi Sabirabadda Mehdiyevlər ailəsində Abbas Səhhətdən yadigar 9 yaşında dünyasını dəyişmiş qızı Ruqiyyə ilə çəkdirdiyi yeganə şəkil qalıb. Balıq sümüklərindən hazırlanmış külqabısı isə 30 il bundan öncə yoxa çıxıb. 

Şairin doğmaları ermənilər Şamaxıda evlərini yandırarkən əlyazmaların onlar tərəfindən götürüldüyünü və öz adlarına çıxartdıqlarını güman edirlər. Bu gün Abbas Səhhətin faciəli həyatının qaranlıq qalmış səhifələrinin gələcək nəsillərə çatdırılması üçün araşdırılması və tədqiq edilməsi olduqca vacibdir.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ