Putinlə Ərdoğana dondurma satan qız “yoxa çıxdı” - maraqlı rəylər, detallar...
Tarix: 31-08-2019, 09:07
Baxılıb: 3 733

Putinlə Ərdoğana dondurma satan qız “yoxa çıxdı” - maraqlı rəylər, detallar...

31-08-2019, 09:07

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya birgünlük işgüzar səfərində maraqlı anlar yaşanıb.
MAKS-2019 beynəlxalq hava nəqliyyatı və kosmos sərgisində iştirak edən Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə təkbətək və geniş tərkibli görüşlər keçirib.
Bundan başqa, mərasimdə dövlət başçıları dondurma da yeyiblər. Həmin an fotokameralara tuş gəlib . Lakin iddialar səslənir ki, prezidentlərin yediyi dondurma qabaqcadan təşkil olunub və satıcısı təlimatlandırılıb.
Yəni prezidentlər heç də gəzinti zamanı spontan olaraq hansısa dondurma satana yaxınlaşmayıblar. Deyilənə görə, dondurma xüsusi hazırlanıb. Hətta həmin satıcının sonra ərazidə bir də görünmədiyi iddiaları var.
KİV yazır ki, artıq ikinci dəfədir Putinə dondurma satan sirli satıcı “yoxa çıxıb”. Virtualaz.org xəbər verir ki, prezidentlərə dondurma verən satıcını axtarmağa “Moskovskiy komsomolets” qəzetinin jurnalistləri yollanıb.

Lakin onlar nə dondurma satan qızın özünü, nə onun dondurma satdığı köşkə oxşar köşkü orada tapa biliblər.
Hətta məlum olub ki, Putinin aldığı dondurmanın markasından bu ərazidə satılmır. Bu da şübhələr yaradır ki, hər şey əvvəldən təşkil edilib.
Ümumiyyətlə, prezidentlərin belə tədbirlərdə istənilən dondurma satıcısına yaxınlaşması, bu qidanın dadına baxması təhlükəsizlik baxımdan nə dərəcədə ağlabatandır? Doğurdanmı satıcıya spontan yaxınlaşıblar, yoxsa təlimatlandırılıb?
Eks-prezident Əbülfəz Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov “Yeni Müsavat”a qeyd etdi ki, dövlət başçılarının qida rasionuna hər gün xüsusi nəzarət olur. Onun sözlərinə görə, hər bir ölkədə müxtəlif yanaşmalar ola bilər: “Lakin hər dövlətdə bu tip məsələlərə şübhəsiz ki, ən incəliyinə qədər nəzarət olunur, prezidentin təhlükəsizlik xidməti tərəfindən yoxlanılır. Bütün qidalar detallarına qədər yoxlanılır, müvafiq qərar qəbul olunur. Elçibəyin prezidentliyi dövründə də hər bir yeməyə, alınan məhsullara təhlükəsizlik xidməti tərəfindən nəzarət edilirdi”.

Elçibəyin köməkçisi: “Dövlət başçılarının yeməyinə təhlükəsizlik xidməti xüsusi nəzarət edir”
O.Qasımov Putini Ərdoğanı dondurmaya qonaq etməsini belə şərh elədi: “Rusiya və Qərb KİV-ləri xəbər yaydılar ki, həmin köşkdə dondurma satan qadın əvvəllər də ərazidə olub və Putin ondan dondurma alıb. Deməli, Rusiya prezidentinin mühafizə xidməti bu məsələdə olduqca həssasdır, heç nə təsadüfi deyil”.

Həmid Herisçi: “Prezidentlərin dondurma yeməsində gizli şifrələr və mesajlar var”
Konspiroloq-yazıçı, telejurnalist Həmid Herisçi “Yeni Müsavat”a bildirdi ki, belə görüşlər dövlət xadimlərinin beynəlxalq aləmə öz liderlik məharətini göstərmək xüsusiyyəti daşıyır: “Məsələn, bu gün dünyada ən böyük ziddiyyət Putin-Tramp yox, Trampla Makron arasındadır. Bu da Avropa aerokosmik sənayesinin maliyyələşməsi ilə bağlıdır. Trampın himayə etdiyi ”Boeing"lər Amerikanın onurğa sütunudur. Ancaq onların “qara qutu”u Parisə gedir. Bu, o deməkdir ki, Trampın “qara qutu”su Makronun əlindədir.
Tramp da bunu bilir və ona söz atmışdı ki, şampunun yaxşıdır, ancaq  pencəyin kəpəklidir. Müharibədə belə isti oyunlar, sancan sözlər olur. Ondan sonra Fransada kosmetik sənayesinin qiyməti düşdü.
Bir az sonra isə Tramp dedi ki, arvadı fransız çaxırına üstünlük verir. Belə diplomatik dil var və liderlərin məharətini göstərir.
Sözsüz ki, Putinlə Ərdoğanın ictimaiyyət arasında dondurma yeməsində də gizli söz oyunları olur".
H.Herisçi hesab edir ki, Putin Türkiyəyə ötən il PKK lideri Abdulla Öcalanın doğum günündə getmişdi: “Belə məqamlara fikir vermək lazımdır. Rusiya üçün Türkiyə çox əhəmiyyətlidir.
Rusiyanın böyük müttəfiqi qalmayıb və ona böyük müttəfiq lazımdır. Ruslar deyəndə ki, Ermənistan müttəfiqimizdir, bu, dünyada gülüş doğurur.
Ermənistan kimi kiçik dövlətdən nə müttəfiq ola bilər, gərək sənin böyük dövlətlə müttəfiqliyin olsun. Ona görə Türkiyə bu gün Putinə çox lazımdır.
Çünki Türkiyə Kremlə ciddi dividentlər gətirir. Və düşünürəm ki, bu ittifaq gələcəkdə genişlənəcək. Təbii ki, Nazarbayevin də bu yaxınlaşmada ciddi qatqısı olub.
Onu da biləsiniz ki, Rusiya-Türkiyə yaxınlaşmasında Azərbaycanın da maraqları var. Xüsusən də Qars müqaviləsi aktuallaşır.
Odur ki, dondurma yeməkdə gizli şifrələr var. Hər iki lider dünyaya göstərir ki, eyni dondurmadan yeyirlər. Demək istəyirlər ki, biz həm də dincəlirik və yemişik, indi desertlə məşğuluq".
Ekspertlərin sözlərinə görə, birinci şəxslərin qida rasionuna nəzarətdə həkim və dietoloqların tövsiyələri önəmli rol oynayır. Amma bununla yanaşı, birincilərin öz xoşladıqları qidalar  da var.
Bəzi prezidentlər imkan tapan kimi ciddi “qida menyusu”nu pozaraq, öz istədikləri kimi qidalanır, “bəh-bəh”lə xoşladıqları təamları nuş edirlər.
ABŞ prezidenti Donald Trampın hələ seçkiqabağı kampaniyası ərəfəsində mətbuat onun qida rejiminin və qida rasionunun sağlam həyat tərzinə uyğun olmadığını dəfələrlə işıqlandırıb.
Tramp dietoloqların göstərişlərinə, ümumiyyətlə, məhəl qoymur. O, çox asanlıqla səhər yeməyini ötürə bilər, günorta yeməyini iş masasının arxasında fast-fudla yola verər, “Oreos” peçenyesi ilə aclıq hissini dəf edər.
Hətta prezidentin qızı İvanka jurnalistlərlə söhbətində atasının qidalanması məsələsindən narahat olduğunu bildirib:“Mən çox istərdim ki, atam sağlam qida məhsulları ilə qidalansın...”
Donald Trampın ən çox sevdiyi yeməklər toyuq qızartması, ət qızartması, qayğanaq, kartof frisi, fast-fudlardır. Prezident özü də etiraf edib ki, bu qidalar faydalı deyil, amma onları çox xoşlayır.
Putin isə öz menyusunda balıq məhsullarına və qoyun ətinə üstünlük verir. Səhər yeməyində prezidentin süfrəsinə sıyıq, kəsmik və bal verilir. Prezident tərəvəzlər arasında pomidor və xiyar salatlarını xoşlayır.
Ən çox sevdiyi içki isə yaşıl çaydır. Digər şirniyyat məhsulları ilə çox da arası olmayan Putin amerikalı həmkarı kimi hədsiz dərəcədə dondurma həvəskarıdır.
Yəqin, əks qütblü prezidentlər dondurmaya ona görə üstünlük verirlər ki, siyasi gərginlik zamanı soyuqqanlı olmağı bacarsınlar.
Almaniya kansleri Angela Merkel siyasətdə olduğu kimi, mətbəxdə də fəaldır. Adətən, yeməkləri özü hazırlayan siyasətçi xanım kartof şorbasını, ədviyyatlı kababı və bişirilmiş tərəvəzləri daha çox xoşlayır.
Merkel şirniyyatlar arasında gavalı piroquna, içkilərdən isə nanəli çaya üstünlük verir. Merkel həm də pivə həvəskarıdır. Siyasətçi xanım ərzaq bazarlığını istirahət günlərində özü edir.
Lukaşenko milli mətbəxlərinə üstünlük verir. Prezidentin qida rasionuna kefir, xama, kəsmik, qızardılmış balıq, meyvə və meyvə şirələri daxil edilir. Lukaşenko şirniyyatı və dondurmanı da çox xoşlayır.
Maraqlı bir detalı yada salaq. Bu, sadəcə, liderlərə özəl bir davranış deyil. Çin hökuməti 2008-ci ildə keçirilən Pekin Olimpiadası zamanı bütün yeməkləri bir siçana daddırırmış. Qərb dövlətləri isə bunu “kommunizmin paranoyaklığı” kimi dəyərləndirmişdi. 
Zəhərlənmə qorxusu Romada da çox geniş yayılıb. Belə ki, Roma imperatorları da yeməklərinin özlərindən öncə bir qul tərəfindən yeyilməsini əmr edirdilər.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ