Ağıllı evlərin ağlasığmaz möcüzələri
Tarix: 17-08-2019, 08:13
Baxılıb: 1 054

Ağıllı evlərin ağlasığmaz möcüzələri

17-08-2019, 08:13

XX əsr və XXI əsrin indiki çağı dünyanın min illərdən gələn bəsit texnologiyasını ağlasığmaz dərəcədə inqilabi sıçrayışla dəyişdi. Bir zamanlar fırlanan təkərin ixtirasını möcüzə hesab edən bəşəriyyət bu gün min bir modelli super avtomobillərin çoxluğundan seçim çətinliyi çəkir. Bir az əvvəl Quttenberqin inqilabi təfəkküründən doğan "bəsit" çap texnikası bu gün dünyanı heyran qoyan rəqəmsal qəzet, jurnal, kitab nəşri ilə əvəzlənib. Təyyarəni möcüzə sandıq, lap bu günlərdə isə texniklərdən biri taxta üzərində səmaya qalxıb dünya rekorduna imza atdı.
Bu möcüzələr sırasında "ağıllı evlər" deyilən bir anlayış da meydana gəldi.
Yadımdaikən qısa bir haşiyə - əvvəllər, lap elə də uzaqda deyil, 5-10 il bundan öncəyə qədər evlərin "ağıllı" ya da "ağılsız" olması onun sakinlərindən asılı idi. Ev sakini möhtərəm, alicənab, el ağsaqqalı, ağbirçəyi idisə o evə ziyalı ocağı, məktəb kimi baxardılar. Yəni evin adamlarına baxardılar.
İndi isə məna bir az dəyişib - artıq yaşadığımız evlərin "ağıllısı" və "ağılsızı" da var. TED.az bu yazıda "ağıllı evlər"in mahiyyəti haqqında bildiyiniz və bilmədiyiniz məqamlara toxunacaq.
İndi vəziyyət dəyişib, öncə əşyalarımızı təkrar edən smart - ağıllı əşyalar, sonra isə özümüzü təkrar edən robotlar yaratdıq. Bizim "ağılsız" hesab etdiyimiz evlərimizdə, vəzifəmiz qurğuları fiziki olaraq idarə etməkdir - soyuducunu qoş, sobanı yandır, televizoru qoş və s. Bu fiziki işlərdən də  xilas olmaq üçün ağlımız yetdi - indi "ağıllı" evlərimizdə bunları biz etmirik, tapşırırıq, EVİMİZ özü edir.
"Ağıllı ev" anlayışı yalnız rəqəmsal və telekommunikasiya texnologiyaları  ilə təmin olunan bir bina kimi qəbul edilməməlidir. Klassik konsepsiyaya  əsasən  resurs səmərəliliyi və qənaət, həmçinin sakinlərin rahatlığı və təhlükəsizliyi, "ağıllı evləri" xarakterizə edən keyfiyyətlərdir.
İllərdir ki, hər zaman gündəmdə olan "Ağıllı ev" anlayışı, əşyaların interneti tətbiqlərinin yayılması ilə yenidən diqqət mərkəzindədir. Elektrik cihazların istehsalçılarının demək olar ki, hamısının ağıllı ev platformaları var. Təhlükəsizlik və telekomunikasiya firmaları da hər gün yeni həll yolları fikirləşir. Lakin hələ ki, insanların çoxu praktiki tətbiqetmələrdən kifayət qədər xəbərdar olmadığı üçün o qədər maraq göstərildiyini deyə bilmərik.
Sizlərə bəzi "ağıllı ev" tətbiqlərindən nümunələri təqdim edirik:
"Ağıllı ev" sistemində bizim əl ilə etdiyimiz işləri öyrənən sistemlər artıq mövcuddur. Məsələn, siz evdə olmadığınız zaman pərdələr qapana, su və qaz borularının çıxışı bağlana bilər, soyuducunun içini ofisdən skan edərək  alış-veriş etmək qərarı vermək imkanınız mümkündür. Evinizə gərgin iş rejimindən sonra ac dönərkən sobanı və qazı uzaqdan idarə edərək istədiyiniz yeməyi isidə bilərsiniz. Həmçinin kirli paltarlarınızı evə dönənə kimi yuyub bitirə bilərsiniz. Bundan başqa evin içindəki işıqlandırmalar, çöldəki bulud, günəş, gecə və gündüz fərqi analiz edilərək tənzimlənə bilər.
Qaz sızması, dəm qazı, yanğın, duman, su basması kimi hadisələr mobil telefonunuza sms və foto olaraq göndərilə bilər, hətta evlə canlı bağlantı quraraq bilgi ala bilərsiniz. Evə oğru girmə ehtimalını nəzər alıb, "evdə adam var" fikrini yaratmaq üçün televizorlarınızın açıb-qapanma özəlliyindən yararlanmaq mümkündür.
"Ağıllı ev"lərin insan həyatını bu qədər asanlaşdırmasına, rahat həyat tərzi keçirilməsinə baxmayaraq, müəyyən mənfi tərəfləri də var. Bununla bağlı  bəzi ekspertlər  fikirlərini bildiriblər. Rusiyanın  "Bell Integrator" şirkətinin rəhbəri Mixail Lapinin sözlərinə görə, "ağıllı ev"lərin mənfi tərəfi onun infrastrukturdan asılılğıdır. İstənilən informasiya texnolgiyasının öz infrastukturu var. Əgər enerji təchizatında uğursuzluq olarsa, infrastruktur qovşaqlarından biri məhv olacaq. Nəticədə bütün bunlar sistemin tamamilə sıradan çıxmasına səbəb olur.
"Ağıllı ev" sistemində nəzarəti itirməyin ən sadə yolu istehsalçı tərəfindən qoyulan standart parolu dəyişməməkdir. Parolu dəyişmək  haqda informasiya çox kiçik şriftlərlə yazılır və ya təlimatın yüzlərlə səhifələri arasında itib-batır. Nəticədə isə evə yad adamların girməsi mümkün olur.
Ekspert bildirir ki, istifadəçi şəbəkənin təhlükəsizliyi barədə yetərincə məlumatlı olmadığına görə, istehsalçılar onun keyfiyyətini yüksəltmək üçün çox çalışırlar. "Ağıllı evlər", istifadəçilərdə tam formalaşmış tələbatların olmaması və texnologiyanı anlama çətinliyinə görə məşhurlaşa bilmir.
Ümumilikdə isə - evimiz yerində, ağlımızsa özümüzdədir. O evləri də biz, ağlımızla idarə edəcəyik. Necə? Məsələn, biri ağıllı olub daha yaxşı şifrə tətbiq edib oğrulardan evini sığortaladığı halda, digəri ağılsızlıq edib istehsalçının verdiyi standart şifrəni saxlayacaq və qarət olunacaq.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ