İlisu sultanının İstanbuldakı 150 yaşlı məzarı – Foto
Tarix: 6-08-2019, 23:58
Baxılıb: 3 251
Google+ Paylaş
Tumblr Paylaş

İlisu sultanının İstanbuldakı 150 yaşlı məzarı – Foto

6-08-2019, 23:58

İstanbulda azərbaycanlı məşhurların məzarları ilə bağlı tədqiqat apardığım üçün ötənlərdə həmkarım Ramil Cəbrayıl İlisu sultanlığının son sultanı Daniyal bəyin məzarının Qaraca Əhməd qəbiristanlığında olduğunu söylədi. Ramil bəyin göndərdiyi qısa videoda Osmanlı dönəminə aid məzarın üzərində 6418 nömrəsinin qeyd olunduğunu gördüm. Bu nömrəni rəhbər tutaraq ötən həftə Qaraca Əhməd məzarlığında xeyli axtarışdan sonra Daniyal bəyin məzarını ziyarət edə bildim.
Qaraca Əhməd məzarlığında Azərbaycanla bağlı bizə məlum olan ən qədim məzar Daniyal bəyə aiddir. Bu məzar yerini 2013-cü ildə İslam hüququ üzrə doktor Əhməd Niyazov aşkar edib.
Daniyal bəy II Sultan Əhməd xanın oğludur. Anası Sultan Əhməd xanın dayısı Qazıqumux xanı II Surxay xanın qızı Tuti Bikə xanımdır.
İlisu sultanı Əhməd xan İlisulunun ölümündən sonra 1830-cu ilin yanvarında hakimiyyət onun oğlu Musa Sultana keçib. Lakin Musa Sultan da tezliklə vəfat etdiyi üçün hökmranlığa Daniyal Sultan gəlib. 14 fevral 1831-ci ildə qraf Paskeviç Daniyal bəyin sultan rütbəsini təsdiqləyib, ona kapitan rütbəsi verilib.
1831-1844-cü illərdə o, İlisu Sultanlığının son sultanı olub. 1840-cı ildə Daniyal bəy Qrodno Qusar alayının leyb qvardiya mundirini geymək hüququ alıb, polkovnik rütbəsinə yüksəldilib. Ardınca general-mayor rütbəsi alan sultan 3-cü dərəcəli müqəddəs Vladimir ordeni ilə təltif edilib. Lakin 17 aprel 1840-cı ildə “Quberniyaların yaradılması haqqında layihə”dın sonra imtiyazları məhdudlaşdırılan Daniyal Sultan ruslara qarşı azadlıq hərəkatına rəhbərlik edən Şeyx Şamilin tərəfinə keçib. Buna görə də 1844-cü ildə İlisu sultanlığı ləğv edilib.
Qızı Kərimətbikəni Şamilin oğlu Qazı Məhəmmədə ərə verən sultan Şamilin ən yaxın silahdaşı olub.
Daniyal Sultan Şamilin məğlubiyyətindən sonra hərbi rütbəsi və təqaüdü saxlanmaq şərtilə 7 avqust 1859-cu ildə rus hökumətinə tabe olub. Bir müddət Tiflisdə, sonra Şəkidə yaşayıb. 1869-cu ildə ailəsi ilə birlikdə Osmanlı dövlətinə köçüb, burada da vəfat edib.
Daniyal bəyin 150 yaşlı məzarı zamanın çarxından sağ-salamat çıxsa da, bu daş tarixi abidə olduğu üçün xüsusi şəkildə mühafizə edilməlidir. Təəssüf ki, bu məzarla eyni dövrdə hazırlanan başdaşılarının bəziləri dağılıb, bəziləri də məhv olmaq ərəfəsindədir. Bu baxımdan Daniyal bəyin də məzaının eyni aqibətlə üzləşməməsi üçün qorunması vacibdir.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ