DTK və DİN rəhbərlərinin “xəz mafiyası”nın məhvi ilə nəticələnən amansız savaşı… - FOTOLAR
Tarix: 25-05-2019, 08:16
Baxılıb: 1 901

DTK və DİN rəhbərlərinin “xəz mafiyası”nın məhvi ilə nəticələnən amansız savaşı… - FOTOLAR

25-05-2019, 08:16

Onların arasındakı qarşıdurma rəhbərlik etdikləri qurumların fəaliyyətində də gərginlik yaradıb. SSRİ-nin iki mühüm strukturunun rəhbərlərinin - DTK sədri Yuri Andropovla daxili işlər naziri Nikolay Şelokovun bir-birlərinə qarşı olan sərt münasibətləri bütün müstəvilərdə özünü biruzə verib, o cümlədən, xidməti vəzifələrində də... Növbəti qarşıdurma isə “xəz mafiyası”nın ifşası zamanı baş verib.
“Xəz mafiyası”nın fəaliyyəti adi bir oğurluq hadisəsindən sonra aşkar edilib. 1970-ci ilin əvvəllərində Moskva sakininin mənzilindən iki ədəd xəz kürk oğurlanıb. Daxili işlər orqanlarının əməkdaşları çox qısa bir müddətdə cinayətin izinə düşərək oğruları yaxalayıblar. Cinayət işi sona çatdırılaraq məhkəməyə verilib və cinayəti törədənlər müvafiq cəzalarını alıblar.
İstintaq zamanı agentura vasitəsi ilə DTK-ya məlumat ötürülüb ki, oğurlanan kürklərin dövlət standart nişanı (QOST), etiketi yoxdur və istehsal mənbəyi məlum deyil. DTK bu məsələni, istintaqı aparan daxili işlər orqanlarından gizli nəzarətə götürüb. DTK-nın əldə etdiyi ilk məlumata görə, xəz kürklər Qazaxıstandan gətirilib və onların sayı çox olub. Yuri Andropov hadisəni birbaşa öz nəzarətinə götürüb və elə dərhal da bir qrup əməkdaşı Qazaxıstana ezam edib.

Xəz geyimlərinin gizli istehsal olunduğu mənbəni müəyyənləşdirmək DTK əməkdaşları üçün çox da asan başa gəlməyib. Ən maraqlı məqam isə odur ki, bu ərəfədə növbəti dəfə Qazaxıstandan Leninqrada qeyri-qanuni istehsal olunan xəz geyimləri göndərilib.
Əməliyyat müşavirəsi zamanı Yuri Andropov bu məsələni belə izah edib: “Xəz geyimlərinin istehsalında, daşınmasında, satılmasında ya DTK, ya da daxili işlər orqanlarının əməkdaşlarının əli var...”
Qazaxıstana növbəti qrup ezam olunub. Yerli DTK əməkdaşlarının köməyi ilə məlum olub ki, xəz geyimlər Karaqanda şəhər sənaye kombinatında istehsal olunur. Təbii ki, DTK əməkdaşları bir sutka ərzində kombinatda əməliyyat aparmaqla qeyri-qanuni istehsalın icraçılarını ələ keçirmək imkanında olublar.

Amma Andropovun göstərişi ilə onlar tələskənliyə yol verməyiblər. İşin kökündə kimlərin dayandığı, “xəz mafiyası”nı kimlərin himayə etməsi DTK şefi üçün maraqlı olub. Andropov bu işdə yerli milisin əlinin olduğuna şübhə etməyib. Bu da ona növbəti dəfə daxili işlər naziri Şelokova zərbə vurmaq üçün böyük şans yaradıb.
Bir neçə ay ərzində DTK-nın əli ilə kombinata bir mühafizəçi, sex rəisinin köməkçisi, kombinatın təchizat şöbəsinə kiçik mühasib işə qəbul olunub. 3-4 ay ərzində heç bir şübhə doğurmayan bu “işçilər” kombinatın fəaliyyəti ilə bağlı DTK-ya mütəmadi olaraq məlumatlar ötürüblər.
Məlum olub ki, xəz geyimlər gecə növbəsində tikilir, xammal Moskvadan, Ticarət Nazirliyinin Təchizat İdarəsindən gətirilir, kombinata daxil olduqdan sonra sənədlər dəyişdirilir, hazır mallar yerli daxili işlər orqanlarının əməkdaşları tərəfindən kombinatdan çıxarılaraq heç bir maneəsiz Moskva və Leninqrad şəhərlərinə göndərilir. O cümlədən, həmin şəhərlərdə də milisin köməyi ilə lazımi ünvanlara çatdırılır. Və bütün bunlar təbii ki, əvvəlcədən danışılmış pul məbləğinin hesabına edilir.

Bütün bu əməliyyat prosesləri tam məxfi keçirilib. Amma bu məxfilik uzun sürməyib. Qeyri-rəsmi tədbirlərin birində DTK sədrinin birinci müavini Semyon Sviqun daxili işlər naziri Şelokovla xidməti məsələlər haqqında söhbət edərkən Qazaxıstan əməliyyatı haqqında da danışıb.
Vəziyyəti anlayan Şelokov səhəri gün Andropovla telefonda məsələni müzakirə edərək, birgə əməliyyat keçirməyi təklif edib. Bu təklifə Andropov qəti bir cavab verməyib. Amma özlüyündə qəti qərarını vermiş olub. Telefon danışığı bitən kimi Andropov dərhal əməliyyatın sonuncu mərhələsi olan həbslərlə bağlı göstəriş verib.
Belə ki, 1974-cü ilin yanvar ayında “xəz mafiyası”nın əsas başçıları Jaton, Snobkov, Epelbeym, Dunayev və şübhəli şəxs qismində 500 nəfər həbs olunub. Əməliyyat-axtarış zamanı mafiya başçılarının mənzillərindən milyonlarla nəğd pul, yüz kiloqramlarla qızıl və qiymətli daşlar aşkar olunub. Təkcə Snobkovun evindən 5 milyon rubl pul, 4 kiloqramdan artıq qızıl tapılıb.
Qeyd edək ki, Dunayev, Snobkov və Jaton Qazaxıstanın ayrı-ayrı şəhərlərində sənaye kombinatlarının direktorları olublar. Epelbeym isə Karaqanda Ali Milis Məktəbində kafedra rəisi vəzifəsində çalışıb. Onun digər əsas “vəzifə”si isə “xəz mafiyası”nı milis əməkdaşları ilə əlaqələndirmək, “iş birliyi” yaratmaq olub.
Məhkəmənin hökmü ilə Dunayev, Snobkov, Epelbeym ən ağır cəzaya - ölüm hökmünə məruz qalıblar. Jaton 15 il müddətinə azadlıqdan məhrum edilib. Daha 54 nəfər 3, 5 və 7 il müddətinə azadlıqdan məhrum ediliblər.
O, cümlədən, 14 nəfər milis işçisi cinayət məsuliyyətinə cəlb olunub. Qazaxıstanın bir sıra şəhər və rayonlarında milis idarəsinin rəisləri və əməkdaşları vəzifələrindən azad olunublar.
Yuri Andropov keçirilən bu əməliyyat haqqında yazılı şəkildə Leonid İliç Brejnevə ətraflı məlumat təqdim edib. Məlumatın əsas ana xəttində ölkədə daxili işlər orqanlarının yarıtmaz fəaliyyəti qabardılıb. Beləliklə Andropov növbəti dəfə Şelokova arzuladığı zərbəni vura bilib.
İlham Cəmiloğlu, 
Musavat.com
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ