Azərbaycan xalqının arzularını reallaşdıran lider
Tarix: 24-12-2020, 08:00
Baxılıb: 2 180
Google+ Paylaş
Tumblr Paylaş

Azərbaycan xalqının arzularını reallaşdıran lider

24-12-2020, 08:00

Azərbaycan bu günkü inkişafı ilə, siyasi, iqtisadi, hərbi, mədəni və s. istiqamətlər üzrə əldə etdiyi nəticələrə görə bölgədə və dünyada söz sahibi olan bir ölkəyə çevrilir, öncül siyahılarda yer alır. Bu nəticənin əldə olunmasında ölkəyə rəhbərlik edən dahi siyasətçinin, Ümummilli Lider Heydər Əliyev yolunun layiqli davamçısı olan Prezident İlham Əliyevin gərgin əməyi, yorulmadan çalışması, uzaqgörən xarici və daxili siyasəti dayanır. Azərbaycan adlı gəminin kapitanı olan İlham Əliyev bu gəmini nəhəng dalğalardan, sualtı qayalardan ustalıqla keçirərək daim irəli aparır. Bir neçə ildir sosial, siyasi, iqtisadi, hərbi və s. sahələrdə radikal islahatlar vasitəsilə çox böyük dəyişikliklər həyata keçirən Prezident İlham Əliyev ölkəmizi beynəlxalq reytinq cədvəllərində ön cərgələrə qaldırıb. Həyata keçirdiyi islahatlar cəmiyyətdə çox ciddi nəticələr doğurduğu üçün xalqın dəstəyini birmənalı şəkildə əldə edə bilib. Xalqına söykənərək, ona güvnərək ən çətin və həlli müşkül görünən problemləri qətiyyətlə, səbrlə, müdrik qərarları ilə birdəfəlik həll edir. Müasir Azərbaycanın gündəmi və durumu stabil, sabit, yeni-yeni nailiyyətlər əldə edən, sürətli inkişafı ilə bölgənin liderinə çevrilən bir ölkə olmasıdır. Heydər Əliyev məktəbinin layiqli məzunu və davamçısı olan Prezident İlham Əliyev bütün təzyiqlərə, çətinliklərə, problemlərə qəətiyyətlə sinə gələrək dövlət idarəetməsinin ən uğurlu modellərini tətbiq etməkdədir. Nəticədə Azərbaycan borc alan ölkədən borc verən ölkəyə, qonşulardan dəstək uman dövlətdən köməyi ehtiyacı olanlara yardım edən dövlətə çevrilib.
Heydər Əliyevin vəsiyyəti həyata keçdi – Qarabağ azad oldu
Prezident İlham Əliyevin özünün də dediyi kimi o Ata vəsiyyətini, Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusunu – Qarabağın mənfur düşmənlərdən, işğalçı ermənilərdən azad olunmasını gerçəkləşdirdi. 30 ilə yaxındır ki, “Qordi düyünü”nə çevrilmiş Qarabağ problemini dahi siyasətçi İlham Əliyev müdrik və uzaqgörən siyasəti ilə uğurla apardığı Vətən Müharibəsilə 44 günə həll etdi. Xalqımızın ən ağrılı və ən böyük problemi olan Qarabağ münaqişəsi Azərbaycan Ordusunun gücü ilə, müzəffər Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın xeyrinə başa çatdı. Siyasi, tarixi, ideoloji, elmi, ictimai fəaliyyətlə məşğul olan hər kəsə yaxşı məlumdur ki, dünyadakı silahlı münaqişələrin həlli prosesinin 50 il, hətta 100 il belə uzanma ehtimalı var. Uzun-uzadı nümunələr gətirmədən yaxın və uzaq qonşularımızı - Gürcüstanı, Moldovanı, Əfqanıstanı, Fələstini və s. göstərə bilərik. Nəzərə alsaq ki, Qarabağ problemi böyük dövlətlərin, qlobal güclərin geosiyasi maraqlarının toqquşduğu bir məsələyə çevrilmişdi, o zaman onun həllinin nə qədər çətin olduğunu təsəvvür edə bilərik. Məhz geosiyasi prosesləri dəqiqliklə təhlil edən Prezident İlham Əliyevin müdrik qərarlarının nəticəsində Azərbaycan Ordusu 44 günə 30 illik problemi həll etdi. “Dəmir yumruq”la düşməni əzib məhv edən Ali baş komandan İlham Əliyev yeni reallıqlar yaratdı. Bu reallıq isə vaxtilə başqalarının diktəsi ilə hərəkət edən Azərbaycanın, düşmənə diktə edən, digərləri ilə bərabərhüquqlu münasibətlər quran bir ölkəyə çevrilməsi idi. Bu reallıq erməni kilsəsinin, erməni diasporunun, radikal ermənilərin 100 illik planlarının, erməniçilik idealogiyasının darmadağın edilməsi idi. Bu reallıq Azərbaycanın savaşaraq öz torpaqlarını azad etməsi idi. Bu reallıq Ümummilli Lider Heydər Əliyevin vəsiyyətinin, Azərbaycan xalqının arzusunun gerçəkləşməsi idi. Bu reallığı yaradan dahi lider, görkəmli dövlət xadimi Prezident İlham Əliyev tarixdə öz adını və izini qoydu.
İlham Əliyev siyasətinin nəticəsi - Azərbaycanda xalq-dövlət birliyi, Ermənistanda xaos
“Əgər Azərbaycan müharibəyə başlasa bu dəfə tanklarımız Bakıya qədər gedib çıxacaq” deyən Ermənistanın xəyalpərəst və bacarıqsız liderləri “Dəmir yumruğ”un zərbəsindən hələ də özlərinə gələ bilmirlər. Populist baş nazir Nikol Paşinyan və radikal ermənilər aldıqları zərbədən nəinki özlərinə gələ bilmirlər, hətta ötən hər gündə daha ağır duruma düşməkdədirlər. 44 günlük müharibədən sonra Ermənistan cəmiyyəti ümidsiz, çıxılmaz, ağır, parçalanmış, vətəndaş qarşıdurmasının yaşandığı bir ölkəyə çevrilib. Məhz Prezident İlham Əliyevin siyasətinin nəticəsidir ki, bir zamanlar Şuşada yallı gedib xalqımızı təhqir edənlər indi qorxusundan heç Azərbaycanla sərhəddə yaxınlaşmağa belə cürət etmirlər. İlham Əliyevin siyasətinin nəticəsidir ki, Ermənistanda 16 siyasi partiya və təşkilat hakimiyyətin istefası tələbilə fasiləsiz aksiyalar keçirir, çox ciddi vətəndaş qarşıdurması və xaos yaşanır. Qalib ədası ilə Azərbaycana qarşı təhdidlər səsləndirən Ermənistan vətəndaş müharibəsinin bir addımlığındadır. Kilsə bir söz deyir, hakimiyyət başqa söz deyir, müxalifət tamam fərqli mövqedən çıxış edir. Reallıq isə budur: əzilmiş və sındırılmış Ermənistan ordusu, əsgərini qoyub qaçmış generallar, oğullarını tapmaq üçün Prezident İlham Əliyevdən kömək uman erməni əsgər anaları, bölgədə və dünyada nüfuzu yerlə-yeksan olan Ermənistan, Rusiyaya yalvarmaqdan alçalmış duruma düşən erməni hərbi-siyasi rəhbərliyi, aclıq və səfalət içərisində olan, ümidsiz duruma düşmüş bədbəxt erməni xalqı. Azərbaycanda isə 50-dən çox siyasi partiya Prezident İlham Əliyevin siyasətini dəstəklədiyini birmənalı şəkildə bəyan etdi. Müharibənin gedişatında QHT-lər, media qurumları nəinki Prezident İlham Əliyevin siyasətini dəstəkləyirdi, hətta onun təbliği üçün əlindən gələni əsirgəmirdi. Bütün dövlət və ictimai qurumlar, bütün Azərbaycan xalqı birmənalı şəkildə Ali baş komandana, Orduya dəstək oldu. Əsl vətəndaş həmrəyliyi, dünyaya örnək ola biləcək Xalq-Ordu-Prezident birliyi göstərildi. Bu da Prezident İlham Əliyevin illərlə həyata keçirdiyi uğurlu siyasətin, təməlləri möhkəm atılmış dövlətçilik siyasətinin bariz nümunəsi idi.
İlham Əliyev – qurucu lider, uğur simvolu
Bu gün Azərbaycanda bütün sahələrdə quruculuq, inkişaf, islahat, yüksəliş müşahidə olunmaqdadır. Xalqımızın ən mühüm problemi – Qarabağ münaqişəsi tarixin arxivinə qovuşandan sonra Azərbaycan daha da sürətli inkişaf yoluna qədəm qoyub. Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərimizdə sürətli yenidənqurma və bərpa işləri həyata keçirilməkdədir. 30 il ərzində xarabazara çevrilmiş torpaqlarımızda 30 günün içərisində canlanma müşahidə olunmaqdadır. Bu gedişat yaxın 3-5 il ərzində həmin yerlərin cənnətə çevrilməsilə nəticələnəcək. Ölkənin digər bölgələrində də eyni sürətlə quruculuq-abadlıq işləri həyata keçirilir. Prezidentin müntəzəm olaraq bölgələrə etdiyi səfərlərdə yeni obyektlər açılır, infrastruktur layihələri icra olunur. Elm və təhsilə, səhiyyəyə, hərbiyə, mədəniyyətə, sosial-iqtisadi məsələlərə, bir sözlə bütün sahələrə dövlət başçısının xüsusi diqqəti və qayğısı müşahidə olunur. İşinin çoxluğuna baxmayaraq hər bir sahə ilə, bəzən həmin sahədə söz sahibi olan insanlarla ayrı-ayrılıqda maraqlanır, problemlərin həlli üçün qətiyyətli addımlar atır. Vətəndaş dövlətini, onun Başçısını daim öz yanında görür, güvəndə olduğunu hiss edir. COVİD-19 virusunun dünyanı silkələdiyi bir vaxtda, insanların öz dövlətləri tərəfindən tərk edildiyi, dövlətlərin isə ağır duruma düşdüyü məqamda Azərbaycanın Lideri İlham Əliyev öz vətəndaşına da, digər dövlətlərə də dəstək olur, pandemiya bəlasını ağrısız keçirmək üçün əlindən gələni edir. Beləliklə də gördüyü işlərlə, yorulmadan və davamlı şəkildə çalışması ilə, müdrik qərarlarıyla İlham Əliyev xalqımızın ümid yerinə, uğur simvoluna, qurucu liderinə çevrilib.
İlham Əliyev – beynəlxalq miqyasda tanınmış siyasətçi
İlham Əliyev Azərbaycan Rezpublikasının Prezidenti olaraq yalnız ölkədaxili məsələləri həll etməklə qalmır, eyni zamanda beynəlxalq aləmdə də fəal siyasət aparır, dövlətlərarası münasibətlərin, beynəlxalq təşkilatın fəaliyyətinin həyata keçirilməsinin aktiv təşəbbüskarı kimi çıxış edir. BMT çərçivəsində qlobal sülhə və təhlükəsizliyə dəstək verilməsi fəaliyyətində, beynəlxalq aləmdə ikinci ən böyük təşkilat kimi tanınan Qoşulmama Hərəkatının sədri kimi narahat dünyamızın problemlərinin həllində, İslam Əməkdaşlıq Təşkilatı vasitəsilə islam ölkələrinin inteqrasiyasında, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının çalışmalarında, MDB ölkələrinin münasibətlərinin sıxlaşdırılmasında Prezident İlham Əliyevin aktivliyini, sanballı təkliflərini, ciddi addımlarının şahidi oluruq. Azərbaycanı beynəlxalq konfransların, simpoziumların, yarışların, qlobal fəaliyyətlərin mərkəzinə çevirən Prezident İlham Əliyev ölkəmizdəki tolerantlığı, multikulturalizmi, dialoq mühitini, bəşəri və milli dəyərlərə verilən önəmi, dinc və birgəyaşayışın nümunəvi formalarını bütün dünyaya çatdırmaqdadır.
Sadəliyi ilə insanların rəğbətini qazanan Lider
Növbəti doğum gününü hər zaman olduğu kimi bu dəfə də sadə bir şəkildə qarşılayan Azərbaycan Prezidenti qlobal fəaliyyətlərə, əldə etdiyi uğurlara, xalqımızın qəlbində özünə möhkəm yer etməsinə baxmayaraq sadəliyi, təvazökarlığı ilə də insanların rəğbətini qazanır. Dövlət başçısı ailə üzvlərilə birlikdə tort kəsərək, sadə şamlarla bəzənmiş şəkildə doğum gününü qeyd etməklə məmurlara, iş adamlarına, milyonlarla azərbaycanlıya nümunə olur.
Cənab Prezident, müzəffər Ali baş komandan! Biz də sizi növbəti doğum günü münasibətilə təbrik edir, fəaliyyətinizdə uğurlar arzulayır, can sağlığı diləyirik. İnanırıq ki, bir zamanlar Qarabağın azad olunacağı ilə bağlı söylədiyiniz fikirləri həyata keçirdiyiniz kimi, Zəngəzur, Göyçə, İrəvanla bağlı səsləndirdiyiniz möhtəşəm çıxışı da reallaşdıracaqsınız.
Məmməd Əliyev
AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru, professor
Mübariz Göyüşlü
AMEA Mərkəzi Elmi Kitabxanasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri


скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ