İqtisadi amnistiya gəlir: milyardlar üzə çıxacaq...
Tarix: 8-04-2020, 08:20
Baxılıb: 2 526
Google+ Paylaş
Tumblr Paylaş

İqtisadi amnistiya gəlir: milyardlar üzə çıxacaq...

8-04-2020, 08:20

Azərbaycanda kapitalın və əmlakın amnistiyasının nəzərdən keçirilməsinin məqsədi iqtisadi artımın və investisiyaların maliyyə mənbələrinin genişləndirilməsidir.
Avromedia.az xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.
O bildirib ki, Azərbaycanda əvvəllər də iqtisadi siyasətdə amnistiya elementləri olub. Prezident İlham Əliyevin təsdiq etdiyi "Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Qanun əslində müəyyən dərəcədə vergi amnistiyası kimi qəbul edilə bilərdi:
“Bu qanunla faiz və maliyyə sanksiyaları üzrə borclar silinmişdi. Dünya təcrübəsində də amnistiyanın müxtəlif növlərinə, həmçinin uğurlu və uğursuz nəticələrinə rast gəlmək mümkündür. Rusiyada 2015-ci ildən başlayaraq elan edilmiş 2 amnistiya çərçivəsində 10 milyard avro vəsait bəyan edilib, bu ilin martında bitən 3-cü amnistiyanın nəticələri isə hələ açıqlanmayıb. Gəlirlərin və kapitalın amnistiyası Hindistanda 5 dəfə, Portuqaliyada 4 dəfə, Fransa, Avstriya və İrlandiyada 2 dəfə keçirilib”.
V.Qasımlının sözlərinə görə, sahibkarların vergi, statistika və digər dövlət orqanlarına təqdim etdikləri hesabatları, həmçinin ev təsərrüfatlarının gəlirləri və xərclərini müqayisə edəndə “müşahidə olunmayan iqtisadiyyatın” konturlarını görmək olur:
“Vergi və gömrük orqanlarının 2019-cu ildəki “kölgə iqtisadiyyatı” ilə səmərəli mübarizəsi nəticəsində büdcəyə proqnozdan əlavə 1 milyard manat vəsait daxil oldu. Azərbaycanda müşahidə olunmayan iqtisadiyyatın ÜDM-də payı rəsmi rəqəmlərə əsasən 8,7% təşkil edir. Sərəncamda qalan gəlirlərin istifadəsi hesabının təhlili göstərir ki, ölkədə illik qənaətin məbləği 20-25 milyard manatdır. Buna görə də dəqiq qiymətləndirmə çətin olsa da, kapital və əmlak amnistiyası elan olunacağı təqdirdə əhəmiyyətli bir məbləğin leqallaşması potensialının olduğunu demək mümkündür. Əslində kapital və əmlak amnistiyası “kölgə iqtisadiyyat”a qarşı mübarizənin məntiqi davamı ola bilər. Xüsusən, Vergi Məcəlləsinə edilən dəyişikliklər sahibkarları stimullaşdırıcı və inzibati yollarla öz bizneslərini “ağartmağa” sövq edir”.
V.Qasımlının sözlərinə görə, kapitalın leqallaşdırılması onun sahiblərinin maraqlarını ifadə etməlidir. Xüsusən də, kapitalın gəlirliliyi (Return On Equity) elə bir səviyyədə olmalıdır ki, leqallaşmadan sonra kapitaldan xalis gəlir əldə etmək imkanı çoxalsın:
“Əgər fürsət dəyəri (opportunity cost) uyğun olacaqsa, amnistiya kapital sahiblərini onu leqallaşdırmağa cəlb edəcəkdir. Bu gün bütün dünyada səhmlərin dəyəri düşdüyündən investorlar “nağd pul şah”dır deyirlər. Bu da bir şansdır ki, əllərdəki nağd pul leqallaşmağa meyillənsin. Bu ilin martında Azərbaycanda 20 min manatdan artıq bəzi pul sahibləri Maliyyə Monitorinqi Xidmətinə deklarasiya olunacağını bilib dollarlaşmaya getmədilər. Amnistiya belə kapital sahiblərinə də cəlbedici ola bilər".
O, həmçinin deyib ki, inkişaf etməkdə olan ölkə kimi Azərbaycanda kapital və əmlak amnistiyasını çətinləşdirən amillər var:
“Məsələn, pandemiya başlayandan inkişaf etməkdə olan ölkələrdən 90 milyard ABŞ dolları sərmayə çıxıb. Bununla belə, ölkəmizin beynəlxalq miqyasda şəffaflıq təşəbbüslərinə qoşulması da kapital və əmlak amnistiyası üçün əlverişli haldır. Azərbaycan maliyyə monitorinqi orqanlarının - Eqmont Qrupunun üzvüdür, Avropa Şurasının Pulların Yuyulması və Terrorçuluğun Maliyyələşdirilməsinə Qarşı Tədbirlərin Qiymətləndirilməsi üzrə Ekspertlər Komitəsi – MONEYVAL-da iştirak edir və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Maliyyə Tədbirləri üzrə İşçi Qrupu – FATF-la əməkdaşlıq edir.
Amnistiya nəticəsində leqallaşan kapital ölkədə investiya qoyuluşunun artımı, qiymətli kağızlar bazarının inkişafı, bank sektorunda canlanma, nağdsız dövriyyənin böyüməsi, büdcə gəlirlərinin artması və iqtisadi fəallığın yüksəlməsi ilə nəticələnə bilər. Bunun üçün amnistiyanın forması, şərtləri, müddəti, məqsədləri, əhatəsi müəyyənləşdirilməli və ən əsası qarşılıqlı etimad mühiti təmin olunmalıdır. Kapital və gəlir amnistiyası elə həyata keçirilməldir ki, deklarasiya olunan vəsaitin həm də sərmayə kimi yatırılması imkanları olsun. Məsələn, bəyan olunan kapitalın hazırda tikintiyə istiqamətlənməsi daha çox multiplikativ effekt yaratmaq gücündədir. Həmin vəsaitlər banklar, investisiya fondları, marketmeyker institutları, investisiya şirkətləri, fond birjası, finteklər, investisiya bankları, sənaye parkları, aqroparklar, texnoparklar və başqa vasitələrlə real iqtisadiyyata yönlədirilə bilər".Axar.az
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ