Keçmişdən gələcəyə nə daşıyırıq?-YUNUS OĞUZ yazır
Tarix: 17-01-2020, 15:03
Baxılıb: 1 314
Google+ Paylaş
Tumblr Paylaş

Keçmişdən gələcəyə nə daşıyırıq?-YUNUS OĞUZ yazır

17-01-2020, 15:03

Fəlsəfi-tarixi-publisist düşüncələrim

1991-ci il oktyabrın 18-də müstəqilliyimiz bərpa edildikdən, Azərbaycan Respublikası 1918-1920 ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin birbaşa  varisi elan olunduqdan sonra bir gün də, bir an da olsun belə "dövlətimizin dayanıqlı davamlılığı və inkişafı" fikirləri məndən uzaq olmayıb. Həmişə bu barədə düşünmüşəm, qeydlərimi və müşahidələrimi aparmışam, qədim və orta əsrlər tarixini dərindən öyrənməyə çalışmışam, Azərbaycanın ərazisində mövcud dövlətlərin əmələgəlmə və yıxılma proseslərini tədqiq etmişəm ki, gələcəkdə yaşadığımız dövlətin və millətin başına yenidən bu bəlalar gəlməsin. Dövlətimiz möhkəm özüllər əsasında qurulsun ki, onun və millətin ömrü sağlam təməllər üzərində dayansın və əbədi olsun.

Burada XIX əsrdə deyilən iki misralıq şeir yadıma düşdü:

Bir bina ki, bünövrədən kəc oldu,

Başı ərşə dəysin dibi düz olmaz!

Təməli düz olmayan dövlətlər ya dağılar, ya da başqalarına, yad olan güclərə xidmət edər, millət və dövlət kimi sıradan çıxıb tarixin ağuşunda mürgülü xatirələrə çevrilərlər.   Təməli düz olmayan dövlətlər rüşvətxorluğa, korrupsiyaya meyllənir, hakimiyyətdə qalmaq üçün müxtəlif imitasiyalar edir, özünə uyğun ideologiya yaradır və bütün vasitələrlə ( bura kütlənin psixologiyası ilə oynamaq, xarici siyasəti dövlətiçi prioritet etmək, edilənləri və edilməyənləri coşqunluqla təbliğ etmək , yalançı və müvəqqəti qəhrəmanlar yaratmaq və s. daxildir. Buna qonşu ölkələrin bəzilərinin timsalında apardığı təbliğatlarda şahid oluruq) mövcud olan siyasi sistemi qorumağa çalışırlar.

Ən əsası, təməli düz olmayan dövlətlərdə vətəndaş, yaxud insan amili ön plana keçmir. Bu dövlətlərin vətəndaşları bu ölkəyə LAZIMsızlığını hiss etdikdə xəyanətə, satqınlığa, rüşvətxorluğa meyllənir və son nəticədə cəmiyyətdə deqradasiya ( dağılma ) sürətlənir və vətəndaş, yaxud insan toplum halından yuxarı qalxa və xalqa, daha  sonra millətə çevrilə bilmir. Bunun da fəsadları özünü çox gözlətmir. Vətəndaş və bu ölkədə yaşayan insan özünün nicatını, xoşbəxt gələcəyini başqa dövlətlərdə axtarmağa başlayır. Beləliklə sistem çürüdükcə vətəndaşlar zombiləşir, sağlam olmayan idarə olunan hala gəlirlər.  Bunu ötən min ilin mövcud olmuş, o cümlədən də Azərbaycandakı hakimiyyətlərin timsalında görə bilərik. Dövlət sağlam ideologiya və rəqabətli iqtisadi  və siyasi sistem üzərində qurulmursa təməl gec, ya tez dağılır, ya da vaxtından əvvəl çöküşü başlayır.

Yuxarıda yazdıqlarım tarixdə təkrar olunub və bunun simptomları bəzi dövlətlərdə gələcəyə də daşınır.

Bütün bunların şahidi olanlar ya hələ də yaşayır, ya da keçmişimizdən oxuyub bilgi alırlar.

 Bəs istər yaxın, istər uzaq keçmişdən gələcəyə nə daşımalıyıq ki, dövlətimizin təməli möhkəm, davamlı və əbədi olsun? Bu yükün içində müsbət və  mənfi çalarlar hansılardır? Reqressiv və proqressiv olanı nədir?

Bəziləri (onların içində adlı-sanlı alim, məmur, millət vəkilləri də var) fikirləşirlər ki, əşi, niyə "sandığı açıb pambığı tökürsən"? Tarix keçmişdə qaldı. İndi gələcəyə baxmaq lazımdır. Texnika, kosmos əsridir. Belə bir zəmanədə ox-yay, qılınc, nizə dövrünə qayıtmaq gülünc olmazmı?

Əlbəttə gülünc olar. Özü də gülünc olmaqdan savayı yaşadığın dövlətin  və millətin yoxluğuna gətirib çıxarar belə anlayış, belə təfəkkür. Belə düşüncəyə malik olan və onu təbliğ edənlər bizi sevməyənlərdir, açıq-aşkar düşmənlərimizdir. Düşmənçiliyin gözü, qulağı olmur ki? Elə belə olur millətimə nifrət. İstər elmi, istərsə də bədii əsərlərimdə xalqımın, dövlətimin gələcəkdə möhkəm və qüdrətli olması üçün onun pisi və yaxşısı ilə dörd əsas amili önə çəkmişəm. Məhz bu amillər millətimi keçmişdən gələcəyə daşıyır, etnosun və xalqın yaratdığı dövlətin davamlılığını təmin edir.

Bunlar:

1.Milli ruhumuz və dilimiz;

2. Milli kimliyimizin tarixi;

3. Etnososial psixologiyamız;

4. Maddi və qeyri- maddi mədəni sərvətlərimizdir.

Bu Dörd Amil əvvəl insanı, sonra isə xalqı və milləti formalaşdırır. Və bu Dörd AMİL keçmişdən gələcəyə daşınır. Özümüz də bilmədən, hətta kosmosa uçsaq, ən müasir silahlarla silahlansaq belə bu dörd amili keçmişdən gələcəyə daşıyırıq. Ya yaxşı tərəfini, ya pis cəhətini, fərq etməz, çünki bunlar xırdalıqlardır. Əsas olanı isə onu necə daşıyırıq? Özü də təkcə yaxın keçmişdən deyil, həm də tarixin qalın divarları arxasında gizlənən və bizə gəlib yetişməyən keçmişimizi gələcəyə daşıyırıq. Bunlar gözlə görünmür, amma dilimiz, qanımız, canımız, gen yaddaşımızla, hərəkətlərimizlə keçmişimizi gələcəyə daşıyırıq.

Ya biz gələcəyə milli ruhu bütöv, dilini yad ünsürlərdən qoruyub saxlayan , onu inkişaf etdirən, etnososial psixologiyamızı keçmiş naqislikdən təmizləyib, dövlətinə, vətəninə sadiq İNSAN daşıyacağıq, ya da bütün bu naqisliklər içində (bunları aşağıda qeyd edəcəm) əriyib yoxa çıxacağıq. Çünki müstəqilliyimizin bərpasından iyirmi doqquz il keçməsinə baxmayaraq bir çox insanların təfəkküründə dövlətçilik anlayışı formalaşmayıb. Onlar üçün dövlət məmuru olmaq, vəzifə tutmaq, var-dövlət qazanmaq bununla cəmiyyətdə hörmət və ictimai status qazanmaq deməkdir. Əlbəttə bütün bunlar keçmişdə formalaşan etnososial psixoloji amillərin təsirindəndir. İnsan belə təsirlərdən qurtulmayıb və bütün bu amilləri qəbrə qədər özü ilə gəzdirir.

Məsələn, dövlət təfəkkürü formalaşmadığı üçün işdən, həbsdən (özü də vətənə xəyanət yaxud, böyük vəsait mənimsəmə maddəsilə) hansısa səbəbdən həbsdən azad olan məmur və ya imkanlı insan bəzən intiqam hiss ilə alışıb yanır, vətəni, dövləti satmaq naminə  olsa  belə xarici ölkələrin himayəsinə sığınmaqla, onlardan dəstək almaqla bütün olan və olmayan gücünü ortalığa qoyur, gələcəkdə dövlət üçün hansı fəsadların olacağının fərqinə varmadan gecə-gündüz iş aparır, dağıdıcı funksiyanı üzərinə götürməklə, elə dövlətin təməlini özü də hiss etmədən "sökməklə" məşğul olur. Yalnız bir arzusu olur belələrinin: Əski məmur və ictimai statusu yenidən əldə etmək. Belə İNSANlar üçün dövlət, millət anlayışı nisbidir, çünki keçmişdə o müstəqil dövlətdə doğulmayıb, yaxud müstəqil dövlətçilik şüuru formalaşmayıb və bu dövlətin qurucusu olmaq kimi fikirlər onlara yaddır. Çünki "yad" dövlətdə doğulublar, yad mühitə adaptasiya olunaraq, faktiki olaraq özlərindən asılı olmayaraq qan dəyişiklikliyinə məruz qalıblar. Yeni doğulanlar da onların təsiri altına düşür və elə düşünürlər ki, müstəqil dövlətdə yaşamaq  və  demokratiya elə belə olur. Onlar üçün uzaq keçmişdən qalan budur:  intiqam, qisasmənəmlik, xəyanət. İntiqam hissi hər cürə xəyanətə yol açır. İntiqam dağıdıcı fünksiyanı daşımaqla yanaşı, həm də xəyanətin əsasını qoyur. Mənsub olduğun dövlətə xəyanət. Yoxsa biri həbsxanadan çıxan kimi bəyan etməzdi ki, məni buradan Amerika dövləti azad etdi. Belələri çoxdur və onlar haqqında yeri gələndə nümunələr verəcəyik.

İNSAN etnopsixoloji sosiumdur və daşıyıcıdır, yəni keçmişdən gələcəyə maddi biliklərlə yanaşı, yaxşı əməllərlə birlikdə naqisliyin də daşıyıcısıdır. Çox vaxt da yaxşı əməllər yaddan çıxır və bu  naqisliklər çox sürətlə yayılır, əvvəlcə bir qrup tərəfindən, qarşısı alınmadıqda isə çoxluğa çevrilir. Beləcə, bu, naqisliyin içində boğulduqca cəmiyyətin yazılmamış qanunu halına gəlir.

1. Milli ruhumuz və dilimiz

"Ümid sonda ölür". Belə deyim var. Bu deyim fərd üçün də, toplum və millət üçün də keçərlidir. Çoxları heç ümidin nə olduğunu belə bilmirlər. Ümid ideya və fikir anlamayan üçün gözləmək deməkdir. Amma, ümid heç zaman ölmür. Öləziyə bilər, geri saymaqda davam edər, amma heç zaman ölməz. İdeya o zaman ölür ki, insan, toplum, ya da millət ölür. Nə qədər ki, bunlar ölməyib, ümid heç zaman ölməz. Deməli, ümid, yaxud ideya adlandırdığımız fikir toplumun milləti gələcəyə apardığı mühərrikdir. Bu mühərrikin yanacağı texnikanın yanacağından fərqli olaraq insandır. Deməli, bir nömrəli məsələ gələcəyə vətənini,  dövlətini sevən insan daşımaqdır. İnsan, yaxud toplum, xalq, millət həm də yaşadığı keçmişini, əzabını, sevincini, xatirələrini, yaddaşını, yazılı mənbələrini, şifahi yaradıcılığını, adət-ənənələrini, maddi və mənəvi dəyərlərini əvvəlcə bu günə, sonra isə gələcəyə daşıyır. Bu zaman insan və xalq dövlətin ən böyük kapitalına çevrilir. Yuxarıda yazdıqlarımın hamısını insan və toplum,  xalq və millət, bir sözlə gələcəyə daşınacaq tarix yaradır. 

Bəs elə isə tarix nədir? Tarixə bu qədər sevgimiz hardandır? Niyə hər kəs tarixə bu qədər maraq göstərir, oradan nə isə öyrənməyə, oxumağa, əxz etməyə çalışır? Fərd, toplum, xalq, hətta bəşər tarixini öyrənməyə çalışır, bəzən gələcəyini keçmişdə görənlər də az olmur. Məsələn, tarixçilər, həvəskarlar, maqlar və sair mütəxəssislər əfsanəvi Atlantidanı, Maya İnk mədəniyyətini, yaxud Misir ehramlarının sirrini, Qız qalasının tikilmə və istifadəetmə səbəblərini kosmik şüurla bağlayır, yer kürəsini kainatın zərrəciyi hesab edirlər. Gələcək üçün keçmişə baş vuranlar heç də az deyildi. Misir ehramları mədəniyyətində divarlara həkk olunan kosmik gəmi , kosmonavt geyimli qumonoid  bizi keçmişi tədqiq etməklə yanaşı, həm də gələcəyimizdən xəbər verir, ümidləndirici nəsnələr ortalığa çıxartmaqla ən kiçik tariximizi öyrənməyə sövq etdirir. Tariximizi hissə-hissə öyrənib  vahid hala gətirdikdə, ümumi nəticəyə gəlmək olar ki, keçmişimiz gələcəkdən qabaqdadır, keçmişimiz gələcəyimizə işıq salan yol  və tarixdir. Bu səbəbdən düşünürəm ki, "tarix nədir" sualına aşağıdakı təsnifatda cavab vermək olar:

Ardı var...

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ