Qarabağı azad etmək üçün Ordu “NİDA” vəziyyətinə gətirilməlidir
Tarix: 7-10-2019, 14:32
Baxılıb: 1 342
Google+ Paylaş
Tumblr Paylaş

Qarabağı azad etmək üçün Ordu “NİDA” vəziyyətinə gətirilməlidir

7-10-2019, 14:32

Mübariz Azərbaycanlı,
müstəqil jurnalist

Doğrudur, ölkə prezidentinin söylədiyi - "Qarabağ Azərbaycandır və nida işarəsi" nə qədər gözəl və ürəyəyatımlı səslənsə də, bu hələ Dağlıq Qarabağ və ətraf rayonların düşməndən azad olunması demək deyil...
 

Ölkə prezidenti İlham Əliyevin Soçidə "Valday" forumundakı çıxışında erməni "nazirbaşın" məlum "nöqtəsinin" üstündən şamşax bir "nida" vurmasından sonra, uzun illərdir Ermənistan işğalından xəcalət çəkən və mənəvi cəhətdən qəddi "sual" işarəsinə dönmüş Azərbaycan xalqının ruhu qismən də olsa dikəlib "nida"laşdı. 

Əlbəttə, ölkə prezidenti hələ 5 iyul 2011-ci ildə Dünya azərbaycanlılarının III qurultayında - "Bizim diplomatiyamız hücum diplomatiyası olmalıdır" deməsinə baxmayaraq, indiyədək bu sahəyə cavabdeh olan şəxslər erməni həmkarları ilə müqayisədə nədənsə həmişə müdafiə mövqeyində dayanmağa üstünlük veriblər. Yəni erməni rəsmilər Azərbaycan əlehinə nə isə dedikdən sonra oyanıblar. Halbuki, 20 faiz torpağı işğal altında olan ölkənin diplomatları daim hücumda olmalı və "göylə gedən" düşməni ən azı "Qarabağ" futbol komandası kimi dərhal vurub yerə salmağı bacarmalıdırlar. Çünki Qarabağ məsələsində yaşından-başından asılı olmayaraq bütün dünya erməniləri həmrəydirlər və hər bir əlverişli şəraitdə xaincəsinə təxribat törətməkdən çəkinmirlər. Məgər ermənilər ötən yaxın günlərdə "Qarabağ" futbol klubunun UEFA Avropa Liqasında qrup mərhələsinin II turu çərçivəsində keçirilən "Düdelanj"la oyunda "drona" bağlanmış qondarma "dqr"-nın bayrağını meydana gətirmədilərmi? Yəni erməni hiyləsini və həyasızlığını hər addımda gözləmək mümkündür.

Baxın, bütün dünya mediasının manşetini bəzəyən "Soçi nida"sından sonra,  "Ermənistan Demokratik partiyası"nın başçısı Aram Sarkisyan başını başlara qoşaraq - artıq Qarabağ məsələsi ilə bağlı Bakının bütün hücumlarına hüquqi dillə və tarixi faktlarla cavab verməyin vaxtının çatdığını deyir. O, hətta erməni diasporunu dəvət etməklə ümumerməni forumu çağırmağı və ATƏT-in Minsk qrupuna təqdim etmək üçün təkliflər paketi hazırlamaq təklifini irəli sürür. Arama görə Qarabağ məsələsinin tənzimlənməsi ilə bağlı hazırlanacaq bu sənəd özündə erməniliyin kollektiv baxışını əks etdirməli və Ermənistan diplomatik nota ilə BMT-nin bütün üzv dövlətlərinə Qarabağ konfliktinin hüquqi mahiyyətini təqdim etməlidir - deyir. Bu arada o, Paşinyanın 5 avqustda dediyi - "Qarabağ bu, Ermənistandır, nöqtə" ifadəsinin Paşinyana deyil, 1992-ci ildə müharibənin qızğın vaxtlarında Qarabağın özünümüdafiə dəstəsinin komandiri Leonid Azqaldyana aid olduğunu deməyi də unutmur. 

İndi qoy Qarabağ məsələsi ilə bağlı Bakının bütün hücumlarına hüquqi dillə və tarixi faktlarla cavab verməyə çağırış edən Aram Sarkisyan buyursun bir tarixi və bir hüquqi əsası olan suala cavab versin: 1978-ci ildə ermənilərin Dağlıq Qarabağa köçürülməsinin 150 illiyi şərəfinə ucaldılmış abidə Qarabağ müharibəsinin ilk aylarında elə ermənilərin özü tərəfindən niyə dağıdıldı? Yəni, ermənilər, o cümlədən, bu "demokratik" Aram özü qanmasa da, ancaq bütün dünya yaxşı bilir ki, nəinki Dağlıq Qarabağ, hətta bugünkü Ermənistan ərazisi belə, qədim Azərbaycan torpaqlarıdır. 

Rəsmi Bakı ilə hüquqi dildə danışmağa gəlincə isə, nəinki Aram Sarkisyan, hətta  qoy bütün dünya erməniləri buyurub cavab versin, məgər Helsinki Yekun Aktında açıq-aydın göstərilmirmi ki, xalqların öz müqəddəratını müəyyən etmək prinsipləri, ərazi bütövlüyü prinsipləri ilə ziddiyyət təşkil etməməlidir? Yəni, kiminsə ərazi bütövlüyünü pozmamalıdır? Yeri gəlmişkən, ATƏT-in Minsk qrupuna təqdim etmək üçün təkliflər paketi hazırlamaq istəyən "demokratik" partiya rəhbəri onu da bilməlidir ki, indiyədək Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçılarının verdiyi bəyanatlarda Helsinki Yekun Aktına istinad edilir. O ki qaldı Ermənistanın diplomatik nota ilə BMT-nin bütün üzv dövlətlərinə Qarabağ konfliktinin hüquqi mahiyyətini təqdim etməsinə, bütün dünya, o cümlədən BMT, Qarabağ konfliktinin hüquqi mahiyyətini çox gözəl bilir və elə o üzdən də Ermənistan ordusunun işğal etdikləri Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxması barədə dörd məlum qətnamə qəbul edib. Odur ki, Aram Sarkisyan qoy getsin öz tarixini, həmçinin beynəlxalq hüququn nədən ibarət olduğunu öyrənməsinin dalınca. 

Ermənistan xarici işlər nazirliyinin sözçüsü Anna Naqdalyanın "Soçi nidası" ilə bağlı bildirdiyi şərhdə isə həyasızlığın həddi ərşə qalxır. O, Azərbaycan tərəfinin daim maksimalist mövqedə olduğunu və bunun xalqları barışa hazırlamağa, həmçinin sülh prosesinə təhdid olduğunu qeyd edərək, öz "paşasının" formulasını əsas tutub istənilən tənzimləmənin Ermənistan, "Artsax" və Azərbaycan xalqları üçün qəbuledilən ola bilməsini ön plana çəkir. Azərbaycan prezidentinin ədalətli çıxışını isə "Artsax xalqının" mövcudluğunu və onların öz tarixi vətənlərində yaşamalarını şübhə altına aldığını - deyir. 

Maraqlıdır, bu erməni qızı niyə anlamır ki, rəsmi Bakı Dağlıq Qarabağa Madrid prinsipinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ən yüksək status vermək istədiyini dəfələrlə bəyan edib. Digər tərəfdən Azərbaycan tərəfi necə maksimalist çıxış edir ki, 30 ilə yaxındır Ermənistanın həyasızlığına qarşı dözüm nümayiş etdirir və məsələnin sülh yolu ilə həllinə sadiq qalır? 

Bütün bunlar onu göstərir ki, deyəsən, Ermənistanı başa salmaq üçün durğu işarələri arasında öz qədi-qaməti ilə ən qürurlusu olan "nida" kifayət etmir! Doğrudur, burada ölkə prezidentinin söylədiyi - "Qarabağ bu, Azərbaycandır və nida işarəsi" nə qədər gözəl və ürəyəyatımlı səslənsə də, amma bu hələ Dağlıq Qarabağ və ətraf rayonların düşməndən azad olunması demək deyil. Ermənistana Azərbaycan Ordusunun "nida"sını göstərmək lazımdır! Bunun üçün Azərbaycan ordusuna məxsus toplar, raketlər və fərəqət komandası altında bütün hərbi heyət "nida" vəziyyətinə gətirilməlidir. Yəqin ki, yalnız bundan sonra ermənilər Azərbaycan torpaqlarında tülkü kimi oyduqları səngərdə "suala", "vergülə", "nöqtəyə" çevrilər və nəhayət "dırnaq" içərisinə salınıb işğal etdikləri torpaqlardan birdəfəlik yola salınarlar.

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ