Bir Qarabağlı dostum var...Yazıçı-dramaturq Elçin Hüseynbəylinin altmış illiyinə- YUNUS OĞUZ YAZIR
Tarix: 22-12-2021, 14:21
Baxılıb: 2 032
Google+ Paylaş
Tumblr Paylaş

Bir Qarabağlı dostum var...Yazıçı-dramaturq Elçin Hüseynbəylinin altmış illiyinə- YUNUS OĞUZ YAZIR

22-12-2021, 14:21

Yunus Oğuz

Bir qarabağlı dostum var...

Onunla əvvəl Xalq, sonra Milli Azadlıq Hərəkatında, daha sonra isə müstəqil dövlətin qurulmasında, inkişafında çiyin-çiyinə dayanmışıq, hamısının xoş günlərini, ağrı-acılarını yaşamışıq. Əqidəsindən dönən, fikirlərini gizlədən deyil. Əsasən də yaradıcılığının doxsan faizini Qarabağın işğalına həsr etdiyi mövzularda bunları daha çox görmək olar. Allah-Allah, bu mövzularda hansı ağrılar yoxdur? Məğlub xalqın məğlub yazıçısı içindən hayqırır, düşüncələrini əvvəlcə kağıza köçürür, sonra isə oxucularına, tamaşaçılarına, dinləyicilərinə ötürür. Qarabağla bağlı bütün yazılarında, əsərlərində bu sual var: Qarabağın işğalına dözəkmi, dözəcəyiksə, nə müddətə? O içində vulkan gəzdirirdi, ətrafında da nə qədər vulkanların, özü də yeriyən vulkanların gəzdiyini, vurnuxduğunu görürdü, Xalq onun kimi vulkana çevrilib odunu, nifrətini, ağrısını, acısını, intiqamını, qisasını Qarabağa püskürtmək istəyirdi.

Dostum səbrli adamdı. Səbri daş deşir desəm, yanılmaram. Təbiətən sakit olsa da, Qarabağın işğalı ilə barışa bilmir, bu zaman səbri daş deşmirdi. Onu özündən çıxartmaq demək olar ki, mümkün deyildi. Amma, əsərlərinə bax, heç deməzsən ki, Elçin yazılarında da belə görünəcək. Əsla! Qələmi vulkandır. O əsərlərində fərdlərdən başlayır, sonra isə ümumi problem kimi dərdimizi əvvəlcə özü-özünə danışır, sonra isə xalqa ötürürdü. Bununla da sakitləşmirdi. Yazmaq, yazmaq, dərdimizi təkcə öz xalqımıza deyil, bütün dünyaya çatdırmaq istəyirdi və çatdırırdı da. Əvvəllər özünə "Qaraçuxa" ləqəbini götürmüşdü. Hərdən zarafatla (baxmayaraq bu əsrin birinci on illiyində çox məşhurlaşdı, hökumət mükafatı aldı) deyirdim ki, bu Qaraçuxanı çıxart, at getsin. Adın özü ağırdı, mənası adamı silkələyir. Bilirsən ki, el məsəli var: "Qaraçuxan yatdısa, sən də yat". Özünəməxsus təbəssümlə (Bu zaman üzündəki almacıq böyüyür, dodaqlarının qırağı hiss olunmadan sezilməyəcək halda geri çəkilir, ala gözləri qıyıqlaşırdı) cavab verirdi ki, mən yatsam da olar, təki bu xalq yatmasın, işğalla barışmasın. Torpaqlar azad olunanda bu "Qaraçuxa" ilə vidalaşacam.

Bir qarabağlı dostum var...

Dünyanın gərdişini bilir, dünya problemlərini diqqətlə izləyir, onlardan yazır. Ancaq əsərlərinin hamısında Azərbaycan sevgisi var, Qarabağ xiffəti var. "İki od arasında" romanında dünyanı gəzdi, Y.V.Çəmənzəminlinin dəfn olunduğu yerləri qarış-qarış gəzdi, qarşısına çıxan problemləri ustalıqla təsvir etdi. Qonşu ölkənin dərdindən yazanda adama elə gəlirdi ki, bu dövlətin əyalətlərinin dərdi-səri qurtaran deyil. Elçinin yazdıqlarını oxuyanda başa düşürsən ki, Moskva və əyalətlər problemi heç iki yüz ildir çözülməyib. Həmin münasibətlər, həmin məmur sifətləri, həmin hərbiçilər. Heç nə dəyişməyib. Elçinin bu romanını oxuyandan sonra fikirləşirsən ki, rus "mujik"lərinin inqilab etməsi üçün soyuducuda üç əsas qida məhsulu olmalıdır: araq, kartof və qurudulmuş balıq.

Əsasən mənə, onun arxivlərinin birində yerə sərilmiş Qarabağ xalısını ciddi-cəhdlə alması, Azərbaycana gətirməsi xüsusən təsirlidir. Görürsənmi harada olmasından asılı olmayaraq yenə Qarabağa qayıdır, orada yaşayır, nəfəs alır. "14-cü həvvari"də müəllif  İranı, Turanı, Avropanı gəzir Oruc Bayat-Don Junanın timsalında milli kökümüzün, keçmişimizin əzəmətini, böyüklüyünü, özünün milli kökə necə bağlı olduğunu qabarıq göstərir.

"Yolayrıcında qaçış", "Azıx", "Şah Abbas" və başqa romanlar da ayrıca bir aləmdir. Oxuyursan, oxuyursan və birdən özün də hadisələrin içinə girirsən, əsərdəki hadisələrin iştirakçısı olursan. Onun əsərlərinin hamısında müəllifi, əgər istəsən tapa bilərsən.

"Yolayrıcında qaçış"ı oxuyub bitirdiksən sonra Elçinlə görüşəndə dedim ki, nə əcəb PKK terror təşkilatı sənə ölüm hökmü kəsməyib? Zarafatla dedi ki, kitab gedib onlara hələ çatmayıb.

Bir qarabağlı dostum var...

Son vaxtlar gözlərindən parıltılı sevinc əksik olmur. Niyə də olsun? Doğulduğu dədə-baba torpaqları işğaldan azad olunub. Özü də Prezidentin dəvətilə oralarda, elin ağsaqqaları ilə görüşüb, baxmayaraq ki, o da artıq bu statusa iddialıdır. Bir görərdiniz Cəbrayıl azad olunanda necə sevinirdi? Özünə yer tapa bilmirdi, inanmırdı. İnanmırdı ki, iyirmi səkkiz illik həsrətə son qoyulub. Hərdən mənə elə gəlir ki, (bu məndə də olur) Elçinin içində bir boşluq yaranıb. On illərdir apardığı mübarizə nəticəsini verib. Onun roman və hekayələri ilə bütöv bir nəsil böyüyüb. Bu əsərlər gənclərimizi müharibəyə hazırlayırdı. İndi budur, hər şey həll olunub. 44 günlük möhtəşəm müharibə və möhtəşəm Zəfər çox  daşları yerində oturtdu. Torpaq azad olundu, əsl sahibinə qaytarıldı. Bəs, o indi nə edəcək? O əlini əlinin üstünə qoyub gözləyən deyil. Qarabağ hədəfi həyata keçdisə, deməli qarşıda yeni hədəflər üçün əsərlər yazacaq. O buna qadirdi, qüdrəti çatar. Bu gün "Qarabağ Azərbaycandır" şüarı "Zəngəzur Azərbaycandır" şüarına çevriləcək, qələmini silaha hazır tutacaq, yeni əsərlərlə bizi tanış edəcək. Vətəndaşlıq mövqeyindən, dövlət maraqlarından bir anda geri çekilməyən dostum bu hədəfə də sağlığında çatacaq, hadisələrin tarixinə, gedişatına şahidlik edəcək.

Bir qarabağlı dostum var...

Ailəcanlı, dostuna etibarlı, millətini və dövlətini sevən, düşməninə amansız olan bir dost. Qələm onun əlindədir. Qələmin korlaşmasın, dostum!


скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ