Mollacümənin xoruzu- Yunus OĞUZ YAZIR
Tarix: 21-09-2021, 17:40
Baxılıb: 2 399
Google+ Paylaş
Tumblr Paylaş

Mollacümənin xoruzu- Yunus OĞUZ YAZIR

21-09-2021, 17:40

Yunus Oğuz
Felyeton
Mollanın Ərdəbildə kasıb vaxtları idi. Evində dişə vurulmalı bir şey qalmamışdı. Hamısını satıb sovurmuşdu. Həyətdə gözünün ağı-qarası, bir-birinə bənzəyən iki xoruzu, bir dənə toyuğu vardı. Ha fikirləşir ki, bu gün evimə necə ruzi gətirim. Eyvana çıxıb həyətdə yer eşən toyuğu və xoruzları görəndə ağlına heyrətamiz fikir gəlir. Əvvəlcə toyuğu tutub “Bismillah” demədən başını kəsib arvadını haraylayır. Arvadı eyvana çıxıb başı kəsilmiş toyuğun atdanıb düşdüyünü gördükdə əlini atır üzünə, qışqırır:
– Vay, evin yıxılmasın, neylədin? Heç olmasa bu toyuq gündə bir yumurta verirdi, onunla dolanırdıq.
Molla tövrünü pozmadan dillənir:
– Kəs səsini, tünbətün qızı! Deməli bir məqsədim var ki, bu toyuğu kəsmişəm. – Arvad səsini çəkir içinə. – Sən belə et, get qonşulardan bir az düyü al, bir az da yağ. De ki, kişi gedib bazara, axşama qaytaracam.
Arvad kişinin kələyini başa düşür. Onlar Ərdəbilə gələndən hələ bir dəfə olsun əri əlini ağdan qaraya vurmamışdı, amma nə yollasa dolanırdılar. Tez qaçır qonşuya, getməyi ilə gəlməyi də bir olur. Əlində də bir kasa düyü, bir nimçə də yağ.
– Hə, gətirdim, sonrası? – Arvad səbrsizcəsinə soruşur.
Molla özündən razı halda şəvə kimi qara saqqalını tumarlayıb cavab verir:
– Hə, bu yaxşı oldu. Sən belə elə, – yerdə daha çabalamayan toyuğu göstərir, – bu toyuğu yolursan, düyünü dəmləyib günortaya yaxşı bir toyuq plovu bişirirsən. Qonağımız olacaq.
Arvad nəsə başa düşüb gülümsünür.
– “Baş üstə” – deyir.
Molla arvadına təlimat da verir:
– Bax, arvad! Mən həyətə girən kimi qışqıracam ki, ay arvad, xoruz evə gəlib çıxdımı? Sən də deyərsən ki, əlbəttə, uça-uça gəldi, sifarişlərini də çatdırdı. Toyuq aşı da hazırdır.
Arvad qəhqəhə çəkib dedi:
– Ay kələkbaz! Sənin bu oyunların bitib tükənmək bilmir. Bildim neyləmək istəyirsən. Ancaq Həsən, kələyinin üstü açılsa necə olacaq? Burdan da bizi sürgün etsələr, batdıq.
Molla baş barmağını dodaqlarının üstünə aparıb deyir:
– S… sus, arvad. Elə bilirsən Ərdəbildə məndən ağıllısı var? Əgər bu kələyim baş tutsa, elə hesab et ki, şəhərin İmamcümə təyinatı məndədir. Nə isə, get işinlə məşğul ol!
Arvad gözdən itdikdən sonra molla ayağa duraraq gedib xoruzun birini tutur. Vurur qoltuğuna, gəlir şəhərin ən bərkgedən adamının evinin qarşısında durur. Bu adam elə bərk gedənmiş ki, hətta ölkə başçısına təvəqqe edər, söz çatdırarmış. Görür ki, ağa evdən bayıra çıxır, özünü salır onun yanına.
– Ağa, bir dəqiqə olar, – deyir.   
Ağa bu adamı namaz vaxtı tez-tez görərdi, ona bəzi suallar verərdi, özünü onun tərəfdarı kimi göstərərdi. Ayaq saxlayıb təəccüblə soruşdu:
– Həsən, bu xoruzu qoltuğuna vurub mənim qapımda niyə durmusan? Ərdəbildə xoruzla gəzirsən. Lotular səni düz başa düşməzlər, dalına vedrə qoşarlar.
Molla keyfini pozmadan, əlüstü cavab verdi:
– Ağa, o lotular bilsələr ki, bu xoruz nə xoruzdu, əlimdən alıb özləri gəzdirərlər.
Ağanı maraq götürdü:
– Bu xoruz nə xoruzdur ki, belə tərifləyirsən?
Həsən anlayır ki, ağa düşdü təkərə. Odur ki, cavab verdi:
– Ağa, qurban olum sənə! Qumda yaşayanda ordakı ağam mənə bir elm öyrətdi. Quşların dilini bilmək elmini. Orda dərsimi tamam eyləyib gəldim Ərdəbilə. Bir az pulum vardı, – xoruzu göstərir, – bu xoruzu alıb başladım ona təlim keçməyə. İndi bu xoruz bizim dili bilir. Nə desəm onu eyləyir.
Ağa yenə təəccüblə soruşdu:
– Yəni əməlli-başlı dil bilir?
– Bəli, ağa!
– Həsən, sən mənimlə şuxluq (məzələnmək) edirsən, xoruz da dil bilər? Yoxsa…
Molla tez onun sözünü yarımçıq kəsdi:
– Ağa, nəkarəyəm ki, səninlə şuxluq edim? İnanmırsan, gəl yoxlayaq.
– Gəl yoxlayaq, – Ağa tez razılaşdı.
– Yoxlayaq, ağa, əlbəttə yoxlayaq, amma bir şərtim var.
– Nə şərt?
Molla yaltaq niqabını üzünə çəkdi:
-Ağa, sənin əbanın ətəyi çox uzundur, haralara gedib çıxır, bir Allah bilir. Bax, əgər mən deyən olsa, sən məni Ərdəbilin mollacüməsi edirsən, mən də bu dil bilən xoruzu verirəm sənə, amma çəkdiyim xərci qaytarmaq şərtilə.
Ağa bir qədər fikirləşib deyir:
– Yaxşı, sübut elə.
– Baş üstə, ağa! – Molla qoltuğundakı xoruzu dodağı bərabərinə qaldırır. – Hə, çil-çil xoruz, uça-uça gedirsən bizə. Arvadağaya deyərsən toyuq plovu bişirsin, günortaya çox hörmətli qonağımız olacaq.
O bu sözləri deyib xoruzu buraxır havaya. Xoruz dörd-beş metr göydə uçub qonur yerə. Bir azdan gözdən yox olur.
-Hə, ağa gedək, amma bir az ləng gedək ki, biz evə çatana arvad da biş-düşü tamamlasın.
Nə isə vaxt, vədə tamam olur. Ağa ilə Həsən həyətə girir. Ağa baxır ki, həmin xoruz həyətdə eşələnir. Molla arvadını səsləyir:
– Arvad! – Arvad tez bayıra çıxır, onu görən kimi molla soruşur. – Xoruz gəldi evə çıxdı?
– Gəldi, ay kişi, gəldi. Ona nə demişdin hamısını çatdırdı. Toyuq plovu da hazırdı. – Qonağa baxıb deyir. – Xoş gəlmisən, qardaş.
Əlqərəz, bunlar oturub plovu yedikdən sonra ağa Həsənə deyir:
– Sözümüz sözdü də.
– Əlbəttə ağa, sözümüz sözdü. Sən mənə mollacüməsi vəzifəsini, bir miqdar da para verirsən, mən də sənə xoruzu bağışlayıram.
-Yaxşı, dur get, o xoruzu tut ver mənə.
Molla bir neçə dəqiqə sonra xoruzu tutub gətirir verir ağaya. Ağa xoruzu əlinə alıb ona baxır, sonra deyir:
– Hə, çil-çil xoruz, uç bizim evə, arvadağaya söylə ki, mollacümə ilə gəlirik evdə döşəmə plov yeməyə. Di, uç – Quşu buraxır göyə. Quş da çəpərin üstündən uçub gözdən itir.
Bir azdan ağa Həsənlə gəlib çıxır evə. Ağa dərhal arvadını səsləyir. Səsə arvad bayıra çıxır. Əri soruşur:
– Arvad, xoruz ismarıcı çatdırdımı?
Arvad təəccüblə soruşur?
– Nə xoruz, nə ismarıc?
– Bəs çil-çil xoruz bura gəlmədimi?
Arvad hirslənir:
– Deyəsən başınız xarab olub. Çil-çil xoruzun bu həyətdə nə işi var? – bu sözləri deyib əsəbi şəkildə evə girir.
Ağa üzünü bozardır, səsini qaldırır:
– Həsən, bu necə olur? Xoruz bizə gəlib çıxmayıb.
Molla tövrünü pozmadan cavab soruşur:
– Ağa, sən bu xoruzla ismarıc göndərəndə evin ünvanını demişdin? – “Yox” cavabını eşidən kimi əlini yaxasına atıb vay-şüvənlik eləyir. – Vay, çil-çil xoruzum ünvanı səhv salıb, getdi mənim dil bilən xoruzum.
Ağa görür ki, mollanın səsinə qonum-qonşu yığışacaq, onu sakitləşdirir:
– Həsən sakit ol! Sözümüz sözdü. Xoruzdu da, ünvanı səhv salıb, salıb da…
Bir müddət keçdikdən sonra molla Ərdəbil imamcüməsinə təyinat alır, amma deyirlər ki, xoruz şakərindən əl çəkə bilmir.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ