Keçmişdən gələcəyə nə daşıyırıq? ON DÖRDÜNCÜ YAZI-YUNUS OĞUZ YAZIR
Tarix: 3-07-2020, 15:36
Baxılıb: 3 447
Google+ Paylaş
Tumblr Paylaş

Keçmişdən gələcəyə nə daşıyırıq? ON DÖRDÜNCÜ YAZI-YUNUS OĞUZ YAZIR

3-07-2020, 15:36

Fəlsəfi-tarixi-publisist düşüncələrim
Yunus Oğuz
Epiqraf
Hökumət o zaman özünə potensial üsyançılar hazırlayır ki, cəmiyyətdə xurafatlaşma, manqurtlaşma, cahilləşmə, zombiləşmə sürətlənir, riyakarlıq, saxtakarlıq baş alıb gedir. Bu zaman milli-mənəvi və maddi dəyərlərin, vətənpərvərliyin təbliği effekt vermir və dövlətçilik anlayışı məmur və ictimai status anlayışı ilə eyniləşdirilir.
Yunus Oğuz
Tarix ibrətdir
Bax belə!
İndi isə bu təcavüz nəticəsində bizə vurulan maddi ziyanın miqyasına baxaq:
Yaşayış məntəqələri - 900
evlər - 150000
ictimai binalar - 7000
məktəblər - 693
uşaq bağçaları - 855
tibb müəssisələri - 695
kitabxanalar - 927
məbədlər - 44
məscidlər - 9
tarixi abidələr, saraylar və muzeylər - 473
muzey eksponatları - 40 000
sənaye və kənd təsərrüfatı müəssisələri  - 6000
avtomobil yolları - 2670
su kommunikasiyaları - 2300 km
elektrik xətləri - 15000 km
meşələr - 280 000 ha
kənd təsərrüfatı üçün yararlı torpaqlar - 1 000 000 ha
irriqasiya sistemləri - 1200 km.
Bura, hələ təbii sərvətlərimiz, on illərdir istismar olunan mədən yataqlarımız (qızıl, gümüş, mineral sular, meşə materialları və s.) daxil deyil.
Köçkün və qaçqınlarımızın, Ermənistandan gələnlərimiz daxil olmaqla, sayı 1 200 500 nəfər.
Adları çəkilən dağıdılan resursların yerini nə zamansa doldurmaq olar, təkcə ikisindən savayı; birincisi insan resursu; ikincisi isə birincidən doğan alınan  mənəvi yaranı. Bunların yerini heç  zaman doldurmaq mümkün olmayacaq. Hələ mən yazmıram ki, bütövlükdə xalqımız hansı maddi-mənəvi zərbələri alıb.
Bununla yanaşı, bu xalq özündə təpər tapdı, dövlətini qurmaq və ordusunu gücləndirmək istəyindən bir an vaz keçmədi. Nəticə məlumdur: Ordumuz Qafqazın ən güclü ordusudur. Buna həm insan, həm də maddi resurslarımız imkan verir. Fakt faktlığında qalır ki, biz içində qələbə də olan döyüşlərin çoxunu uduzmuşuq, amma müharibə hələ bitməyib və arada 12 may 1994-cü ildə Bişkekdə Ermənistan və Azərbaycan arasında kövrək atəşkəs sazişi imzalandı. "Kövrək" ona görə yazdım ki, bu atəşkəsdən sonra cəbhə xəttində bircə gün olsa da atəş dayanmadı və ötən iyirmi altı il müddətində yüzlərlə müharibə bölgəsində yüzlərlə əsgərimiz, zabitimiz, mülki vətəndaşımız şəhid oldu. Bu ərəfədə iki əsas məqamı diqqətə çəkmək istərdim; biri bizim xeyrimizə, digəri ermənilərin.
Birincisi bizim xeyrimizə olanı yazım.
Beynəlxalq güclərin təzyiqinə baxmayaraq bu münaqişədə separatçı Dağlıq Qarabağ erməniləri tərəf kimi qəbul edilmədi, çünki, əgər bu baş verərdisə, Dağlıq Qarabağ beynəlxalq subyektə çevrilə bilərdi. Bu da ermənilərin ikinci dövlət qurması demək olardı. Titanik səylər (bu səylər A. Mütəllibovu çıxmaq şərtilə qalan bütün dövlət başçılarına aiddir) nəticəsində bu baş vermədi. Elə indinin özündə də erməni diasporası və lobbisi var gücü ilə çalışır ki, Dağlıq Qarabağ beynəlxalq subyektə çevrilsin. Lakin, qatar gedib. Güclü Azərbaycan qəti sözünü və yumşaq iradəsini dünyaya göstərmək gücündədir.
İkinci ermənilərin xeyrinə olan məsələ belə idi ki, ermənilər, Ermənistan hər yerdə, istər  ölkəiçi, istərsə də xaricdə QALİB dilində danışırdı.  Niyə də danışmasın? Ermənistanda və Qarabağda yaşayan azərbaycanlılar əmlakları, var-dövlətləri əllərindən alınmaqla qaçqına və köçkünə çevrilmiş, neçəsi məhv edilmiş,  qətlə yetirilmişdilər. Qarabağətrafı rayonlar işğal olundu. Lakin, bu Qalib dili, yəni de -faktonu, de yüreyə-hüquqi müstəviyə keçirə bilmədilər. Azərbaycan belə danışıq tərzinə düz iyirmi iki il dözdü. Və 2016-cı ilin aprelində  ermənilərin QALİB sindromunu üç günlük döyüşdə sındırdı.
Eyni zamanda Azərbaycan ordusunun ən müasir silahlarla təchiz olunması, beynəlxalq siyasətdə və ticarətdə güclənməsi və ticarətin aparıcı subyektə çevrilməsi (Burada söhbət Ələt azad iqtisadi zonanın yaradılmasından,  TAP və TANAP qaz kəmərinin çəkilməsindən, Bakı-Tiflis-Ceyhan neft borusundan, Bakı-Tiflis-Qars dəmir yolundan, Şimal-Cənub, Şərq-Qərb quru yoldan, beynəlxalq hava tranzitindən və sairədən gedir) Qalib sindromunun sındırılmasını daha da gücləndirdi. Bu gün Ermənistan və Qarabağın separatçı rejimi Azərbaycan tərəfindən müharibənin başladılması təhlükəsindən qorxur, çəkinir. Söhbət ondan getmir ki, Aprel döyüşlərində ordumuz həm Tərtər, Cəbrayıl, həm bundan iki ildən bir qədər sonra Naxçıvanın Sədərək rayonundan işğaldan azad etdikləri torpaqların həcmi əsas məsələ deyil, hərçənd bu da çox  vacibdir. Ancaq, məsələ bundadır ki, bu torpaqların geri qaytarılması xalqımıza və ordumuza başqa bir stimul verdi, döyüş və hərbi vətənpərvərlik ruhunu gücləndirdi. Ermənilərin arxasında kimlərin durmasından asılı olmayaraq, aparılan düzgün xarici siyasət və ordu quruculuğunun daha da gücləndirilməsi, düzgün geosiyasi və geoiqtisadi siyasət xalqımıza güvənliyi qaytardı, dövlətə etimadını gücləndirdi, Heydər Əliyev kimi. Bu da ayrıca mövzu olduğundan bu barədə fikirlərimi buradaca bitirirəm.
Tarix ibrətdir deyəndə mən təkcə ermənilərin bizə qarşı son yüz ildə etdiyi qətliamı nəzərdə tutmuram, hərçənd bu da keçmişimizin və günümüzün çox aktual və vacib məsələlərindən biri olaraq qalır. Amma tariximizdə digər hadisələr baş verib ki, etnosun xalq kimi formalaşmasına birbaşa təsir edib. Məsələn, məzhəb ayrılığı bizi yüz illər ümumi inkişafdan dayandırıb, çox vaxt isə cahilliyə və xurafata aparıb çıxarıb. Təsəvvür edin ki, uzun müddət Oğuz törəməsi olan iki qardaş osmanlı və qızılbaşlar fətva verirdilər ki, bir-birilə müharibə aparsınlar. Düzdür, dini siyasiləşdirmək cəhdi həmişə olub və bu gün də var. Amma orta əsrlərdə dünyanın (o zaman dünya Avrasiya və Şimali Afrika sayılırdı) ən güclüsü türk dövlətləri sayılırdı. Bu türk dövlətləri əsasən bir-birilə vuruşur, eyni zamanda aralarındakı müharibələr nəticəsində zəifləyir, xristian dünyasından, yaxud da başqa bir yerdən özlərinə müttəfiq axtarışına başlayırdılar.
Dini ideologiya bəzən o qədər güclü olurdu ki, bir dövlət dili, dini, mədəniyyəti eyni olan qardaş dövlətin axırına çıxmaq istəyir, sonunu tezləşdirməyə cəhd edirdi.
Düz min ildən artıq özümüz özümüzlə vuruşduq. Nəticədə, XVIII əsrin sonunda o qədər zəiflədik ki, Avropa və Rusiya demək olar ki, qarış-qarış dinimizi, dilimizi, mədəniyyətimizi bizdən alıb özününküləşdirdi.
Buyurun baxın. Hülaki 1258-ci ildə Bağdadı fəth etməklə xilafətə son qoydu. Böyük bir imperiyanın adı Elxanlı idi. Xəzərin şimalında özünün əmisi nəvələrinin hakimiyyəti altında olan Batı xanın uşaqları ilə düşmən idilər. Bu zaman Qızıl Orda yavaş-yavaş islamı qəbul edirdi. Azərbaycanda, sarayda isə tanrıçılığa tapınırdılar. Yalnız elxan Qazan xanın dövründə (1295-1304) hülakilər islamı qəbul etdilər. Buna baxmayaraq, məntiqi nəticə olaraq Əmir Teymur Toxtamışı (XIV əsr) elə vəziyyətə saldı ki, iki yüz il Rusiyada və Şərqi Avropada hökmdarlıq edən tatar imperiyasının sonu oldu. Yerində Yeni Rus dövləti yarandı. Bu da özünü çox gözlətmədi. Bütün Rusiyanın və Moskvanın çarı İvan Qroznı əvvəlcə Kazanı (1552), sonra isə Həştərxan (1556) xanlıqlarının Rusiyanın tərkibinə qatdı. Bu şəhərlərin işğalı zamanı yüz minlərlə dinc əhali qılıncdan keçirildi, məhv edildi.
Baxın. Hansı dövrdə İvan Qroznı bu xanlıqları işğal etdi. Sultan Süleymanın, bütövlükdə Osmanlı imperiyasının ən möhtəşəm bir zamanında. Bu o zaman idi ki, türk ordusu Vyana qapılarını döyürdü. Amma Sultan Süleyman həm də Şah İsmayılın oğlu Şah Təhmasiblə müharibə aparırdı. Yalnız Səfəvi dövlətinin yaranmasından əlli dörd il keçdikdən sonra 1555-ci ildə ilk dəfə olaraq Osmanlı-Səfəvi sülh sazişi imzalandı. İki qardaşın başı özünə qarışmışdı. Təhmasib şah isə Kazan və Həştərxan xanlıqlarını nə dindaş, nə də dildaş hesab edirdi.
Krım xanlığının ərazisi indiki Bryansk vilayətinə qədər uzanırdı. Amma, aralarındakı soyuq münasibətlərə görə nə Kazana, nə də Həştərxana yardım etmədi. Heç nə gərək deyildi, sadəcə olaraq Krım xanının Moskvaya bir yürüşü kifayət idi ki, İvan Qroznı geri çəkilsin. Amma, Moskva xana bac verirdi və bu səbəbdən də Krım xanlığı İvan Qroznı ilə münasibətləri pozmaq istəmirdi.
Düzdür, Sultan Süleyman Azov dənizindən (təsəvvür edin ki, o dövrdə Qara və Azov dənizləri Osmanlı imperiyasının daxili dənizləri hesab edilirdi) Xəzər dənizinə qədər su kanalı çəkmək fikrində olsa da, yanıçərlərin narazılığı nəticəsində bu iş də yarımçıq qaldı.
Türküstan və Sibir xanlıqları da Kazan və Həştərxanın azad edilməsi üçün heç bir şey etmədilər. Əvəzində Türküstan xanı  (1569) çarla müqavilə bağladı.
Görürsünüzmü, ətrafı bütünlükdə türk soyları olan dövlətlər şəhərlərin işğalına biganə qaldılar. Bəlkə də ürəklərində sevinirdilər ki, belə daha yaxşıdır. Rus gələcək, gedəcək. Sonra bu torpaqları rahat dövlətimin torpaqlarına qatacam. Beləcə dörd yüz illik tarixi olan Xəzər imperiyası da süqut edən digər ətraf dövlətlər, xüsusilə də Dəşti Qıpçaq türkləri biganə qaldılar.
Yaxud da Sultan Səlimin Şah İsmayılla 1514-cü ildə, Əmir Teymurun İldırım Bəyazidlə- özümüzlə apardığı müharibə passionar əsgərlərimizin minlərlə ölümü deyildimi? Əmir Teymur İstanbulun fəthini düz əlli il ləngitdi. Şah İsmayıl isə Çaldıran döyüşündən sonra fatehlik niyyətindən əl çəkdi və ölkədaxili işlərə diqqətini artırdı.
Ardı var
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ