DAYANIN! - Ana-bacısının qədrini bilməyənlərə XƏBƏRDARLIQ
Tarix: 27-04-2020, 18:12
Baxılıb: 1 072
Google+ Paylaş
Tumblr Paylaş

DAYANIN! - Ana-bacısının qədrini bilməyənlərə XƏBƏRDARLIQ

27-04-2020, 18:12

Ramal Hüseyn
Bu yazını çoxdan yazmaq istəyirdim, amma qismət bu günə imiş. Yazını oxuyandan sonra istər yaltaq deyin, istər sifarişli yazıb deyin, istərsə də Yap-cı deyin. Nə deyirsiz deyin, önəmli deyil, heç mənə lazım da deyil…
Hamı deyir ki, “Bizim cəmiyyət niyə belədi?”, “İmkan olsa, nə qaçıb gedərəm e burdan”, “Biz niyə beləyik?” amma nə məsələdirsə, heç kim tapa bilmir. Elə ancaq hamı soruşur. Bəlkə bu “Niyə mən beləyəm?” demədiyimiz üçün olur? Ola bilər?
Ola bilərmi ki, bizim nəsil qarın dərdi ilə yetişdi deyə belə oldu? Məncə ola bilər…
Belə olmasaydı, bu gün məmurumuz görməmiş olardı? İnsanımız onlara yardım paylananda başqasını düşünmədən 3, 4 pay birdən götürərdi? 42 evi olan adam 190 manat üçün adını işsizlər siyahısına yazdırardı? 10 min aylıq gəliri olan biri rəsmi iş yeri olmadığı üçün “vəziyyətdən 190 manat istifadə edim” deyə işsiz kimi qeydiyyatdan keçərdi?
Elə olmasaydı, məmurunun, vəzifəlisinin gözü doyardı, məndə var, qoy olmayanda da biraz olsun deyərdi. Amma yox, niyə doysun ki? Qarın dərdi beynimizi, düşüncələrimizi, məsələlərə yanaşmamızı dəyişib. Ona görə də indi insanlara “Bu mənə pul verir deyə yaxşı adamdı, digəri pul vermirsə, heç ağıl da verməsin” meyarı ilə yanaşırıq. “Hər şeyi hamıdan yaxşı bilirəm”, “Sən kimsən voopşe?” “mənə ağıl öyrətmə”…
Belə deyə-deyə hamını əzdik, şair danışdı, söydük, yazıçı danışdı, ağzımıza gələni dedik, jurnalisti danışdı, satqın dedik, Xalq artisti danışdı, fahişə dedik. Hamıya deməyə və söyməyə bir şey tapdıq. Çünki onlara, “ağıl vermə, pul ver” düşüncəsi ilə yanaşdıq. Fikir yox, “maddi nəsə versin”, – deyib gözlədik.
İndi də hamı bir birini söyür, aldadır, “nə qazansam karımdır” deyir, sonra da deyir biz niyə beləyik? Niyə olacaq? Güya özün bilmirsən, niyə beləyik? Öz həyatında öz istəklərindən vaz keçə bilirsən ki, hələ bir bunu başqasından gözləyirsən?
O başqası Marsdan gəlib ki? O məmurumuz yoxsa Avropadan gəlib? Cəmiyyət nədirsə, məmuru da odur.
Bu gün kasıbı 1 pay əvəzinə başqasını düşünmədən 4 pay əkişdirirsə, məmur onların nəyindən əskikdir ki? O nə üçün imkan düşəndə sizin haqqınızı oğurlamasın? Bu hər məsələdə belədir. İstər pulda, istər həyat tərzi, ailəsi, özəl həyatı, adətləri və ənənələri ilə birlikdə hər sahədə.
Bir sözlə hamı özünü fərqli görür, hamı da getmək istəyir… Özündən qaçır, amma dəyişmək istəmir. Guya, Avropaya gedib Avropalı olacağıq… Lap istəyirsən, Avstraliyaya get, yenə içindəki dəyər qədərsən.
Avropada, Amerikada olan aktivistlərin “youtube”da videolarına baxıram, doğrudan təhlükəli və azğın görünürlər. Söyüşlə başlayıb, söyüşlə bitirirlər söhbətlərini. Dediklərin arasında söyüşdən başqa ağlımızda heç nə qalmır.
Yayımlarından birində iki aktivist bağlantı edib, söyüşlə girdilər mövzuya, söyüşlə çıxdılar. Biri söyür o birinə söz verir, o biri söyür buna ötürür…
İndi ki, Avopada yaşayırsınız, bəs niyə beləsiniz?
Nə üçün söydüyünüzü anlamıram. Bizimi xilas etmək üçün? Bizi guya xilas etmək istəyirsinizsə, söyüşdən başqa heç bir şey eşitmirik axı. Necə xilas edəcəksiniz? Bizim bildiyimiz şeylərdən fərqli nə bilirsiniz ki? Hə, guya siz indi azad ölkədə azadsınız və söyüş söyə bilirsiniz də hə? Olduğunuz azad ölkənin vətəndaşları, aktivistləri, müxalif partiya tərəfdarları yoxdur? Hansı birinin dilindən Prezidentə və həyat yoldaşına söyüş eşitmisiniz? Ya da söyənlərin aqibətinin necə olacağını da bilirsiniz döğrudurmu? Yazını oxuyanlar Avropa bizimkilərdən başqa söyüş söyən aktivistləri tapsa, nümunə kimi atsınlar mənə.
Həmin yayıma sonradan bir qadın qoşuldu, özünü təqdim etdi və aktivisti salamlayarkən, ona deyir ki, sizə aqressiya arzulayıram. Hamıya aqressiya arzulayıram. Gəlin aqressiv olaq. Aqressiv olaq və Əli Kərimlinin ətrafında birləşək. Əli Kərimlinin ətrafında söyüş söymədən, aqressiv olmadan birləşə bilmirsiniz ki? Yoxsa bu söyüş, aqressiya şərtdir? Söyüşlə, aqressiya ilə nə qədər getməyi planlaşdırırsınız?

Bunu sizdən Əli Kərimli tələb edir ki? Etmirsə, Sevinc Osmanqızının efirinə tez-tez qoşulur Əli kərimli, ordan niyə demir ki, əgər mənim ətrafımda və arxamdasınızsa, söyüş söyməyin? Çünki məni dəstəkləyirsiniz, ona görə də üslubunuz mənim mübarizə üsulum kimi qiymətləndirilə bilər. Demir, çünki, Əli Kərimli də özünə qarşı olunmasını sevmədiyi şeyləri başqalarına edib və edir. Əli Kərimlinin də trolları var. O da kim onu tənqid edirsə, “screen şot” edib trollarına atır ki, söyün bunu, “payını” verin. Əli Kərimli də tənqid etdiyi insanlardan bir addım geri qalmır. Əli Kərimli də bu cəmiyyətin bir üzvüdür və inanın onun da ancaq oturub söyüş söyənlərdən heç bir fərqi yoxdur. Tərəfdarlarına söyməyin demir, çünki, onun da, sizin kimi, bizim kimi xoşuna gəlir ki, kimisə söysünlər o da baxsın. Söyüş söyməyin demirsə, deməli Əli Kərimli də eynidir. O da fərqli heç nə ortaya qoymayacaq. Söyüş və zorbalıqdan başqa.

İradın, etirazın, narazılığın nədəndirsə, bir otur normal fikir qoy ortalığa, təhlil et. Yoxsa bu söyüş şousu nədir belə? Şərhlərə baxıram insanlar da qoşulub onlara söyüş söyürlər.
Nədir, çoxmu xoşunuza gəlir sizin Prezidentinizi, onun həyat yoldaşını, ailəsini söyməkləri? Söyüş söydükləri ölkənin Prezidenti və onun həyat yoldaşıdır. Mehriban Əliyeva da Azərbaycan xanımıdır. Bir qadındır. Bəs bir qadını söymək mentalitetimizə zidd idi? Bəs söyüş söyənlərə ana-bacı var deyirdik? İndi ana-bacı yoxdu?
Söyənlər bizə əziz Azərbaycan xalqım deyib müraciət etmə haqqını özlərində görür və sonra da söyüşlə başlaya bilirsə, deməli elə problem hamımızdadır. Özünüzü dəyişə bilməyəndən sonra nəyi dəyişmək istəyirsiniz ki ya da kimi?
Onlar söyüş söyəndə siz baxmasanız, etirazınızı bildirsəniz ki, söyüş yox, maraqlı fikirlər eşitmək istəyirik, onların ikinci dəfə söyüş söyəcəklərinə inanmıram. Çünki onlar da izləyici yığmaq üçün edir bunu. Fenomen olmaq, Youtuber olmaq, bir sözlə “xalq qəhrəmanı”. Belə olmasaydı, bir məlumat paylaşanda “şok-şok-şok, çox adam yığılsın sonra deyəcəm” deməzdilər.
Azərbaycanda da kı, maşallah bir müğənni olmaq bir də fenomen olmaqdan asan nə var ki? Boş qazanın səsi gur çıxır. Eşidən gəlir, gələn də içində nə olduğunu bilmədən “bir çömçə də mənə” deyir…

Sonra da “instaqramda”, “Tik-tok” da yağışdan sonra çıxan göbələklər kimi hər gün bir “fenomen” çıxanda deyirsiniz bunu niyə tirajlayırsınız? Bəs izləyirsiniz ki, tirajlanır da.
Keçən dəfə Bayram Nurlu kimi fenomen olmaq istəyən, bu sənətə və bu ağır yola yeni-yeni kövrək addımlarını atanlardan biri deyir ki, “salam canlarım, söyə-söyə izləyənlərə təşəkkür edirəm, artıq 10K oldum. Yani 10.000. Hələ bu yenisidir. Bəs köhnə “qəhrəman”ların? Onların səhifələrində ki yarım milyon, 1 milyon adamlar kimlərdir? Söyə-söyə izləyirsiniz, hələ üstəlik takib də edirsiz.
Amma heç biriniz onları instagramda şikayət etmirsiniz ki, səhifələri bağlansın və o rəzillikləri siz də görmək məcburiyyətində qalmayasınız. Siz nə edirsiz, heç nə… Söyməkdən başqa heç nə…
Sonra Tolik də deyir ki, xalq artisti canlı yayım açır, 25 nəfər güçlə olur. Mən açıram 5000 adam olur. Yaxşı, onu izləyənlər də göydəngələnlərdi?
Jurnalist dostum dedi mənə, söhbət əsnasında, hansısa gün Toliklə Bayram Nurlu canlı yayım açıblar, 15 min izləyici oturubmuş canlıda. Məhz elə oturub sözünü özüm bilə bilə dedim. Rəsmən “taburetka” gətirib oturublar. Bəlkə də “semiçka”ları da var imiş, dəqiq bilmirəm. İndi bu 15 min izləyici kimdir? Onları izləyənlər onlarla eyni düşüncələri daşımır ki? Bəs o zaman niyə onları söyürsünüz?
Yəni biraz səmimi olmaq lazımdır. Heç nə etmirsiniz, çünki görmək istəyirsiniz. Belə olmasaydı, o yarım milyon izləyicidən 1000-i şikayət etsəydi, o səhifəsini itirərdi və bir də xoşunuza gəlməyəcək şeyləri etməzdi. Amma hələ ki onlar, xoşunuza gələn və görmək istədiyiniz şeyləri edir. Ona görə də sizin üçün nə fərqi var ki? Ya Bayram Nurlu, Tolik, Samiraldo oldu, ya da söyüş söyən gənc, aktivist, siyasi partiya lideri. Bu vəziyyətdə hamısı gözünüzdə eynidir. Sizə təki izləmək olsun, bir də uzaqdan söymək.
Ona görə də heç kim dönüb başqasına “Biz niyə beləyik axı?” deməsin.
Söyənə etiraz etmək yerinə, ona qoşulub söydüyümüz müddətcə heç nə dəyişməyəcək.
Siz ondan fərqli davranış göstərmədiyiniz müddətcə “biz niyə beləyik?” deyəcəksiniz.
Ona görə də heç kim “mən fərqliyəm, deməsin, burda da, orda da hamımız eyniyik.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ