Koronovirusa meydan oxuyan “virus”lular!
Tarix: 1-04-2020, 17:51
Baxılıb: 1 476
Google+ Paylaş
Tumblr Paylaş

Koronovirusa meydan oxuyan “virus”lular!

1-04-2020, 17:51

Bu gün bütün insanlığın, ümumən planetimizin bütün canlı məxluqatının vətəni olan yer kürəsi ümumbəşəri bəla ilə üz-üzədir. Dünya insanlığa qənim kəsilmiş, koronovirus adlandırdığımız bir gözəgörünməz varlıqla savaşır. Mən bu bəlanın hardan gəlməsi, insanlığın canına necə darışması, dünyanı necə vəlvələyə salması ilə bağlı geniş danışmaq fikrində deyiləm.
Dünyanın bütün siyasətşünasları da, siyasətçiləri də, din xadimləri də, filosofları da, yazarları da, bilim adamları da, xüsusilə loğmanları da bu haqda yetərincə fikirlər səsləndiriblər. Əksəriyyəti biri-birini təkzib edən bu fikirlərin hansının gerçək, hansının fantaziya, hansının da siyasi konyuktura olduğunu heç bir sirri əbədi saxlamayan tarix özü açacaq, ortaya qoyacaq. O zaman bu virusun gerçəkdən təbii yaranmış və cəmiyyətlərin boğazına çökmüş bir bəla, din xadimlərinin iddia etdiyi kimi, yaradanın yolunu azmış bəşəriyyətə göndərdiyi qiyamət nişanəsi, yoxsa hansısa güçlü dövlətin digər güclü dövlətə qarşı hazırladığı bioloji silah olduğu ortaya çıxacaq. Bunu dəqiq bilmək üçün yaşamaq, illəri arxada qoymaq, gerçəklərin üzə çıxmasının şahidi olmaq gərəkdir. Bəli,məhz yaşamaq! Özümüzün və ətrafımızın çoxsaylı problemlərinin həlli naminə yaşamaq nə qədər gərəklidirsə, bəşəriyyətin bu probleminin həlli və həqiqətlərin ortaya çıxmasının canlı şahidləri olmaq naminə yaşamaq ondan min qat daha gərəkli, daha vacibdir. Bəs necə edək ki, yaşaya, bu bəşəri bəlanın məngənəsindən qurtula bilək? Məncə günün ən vacib və qaçılmaz sualı budur.
Baxın, gözlə, hətta adi mikroskopla belə görünməyən bir varlıq dünyanın ən nəhəng güc sahiblərini belə diz çökməyə vadar edib. Bu, istənilən baxış bucağından kainatın, anlamağa insan idrakının gücü yetməyən möcüzəsidir və bu baxımdan din xadimlərinin mifoloji fikirlərinin arxasından boylanan qeyri-adi qüdrətin insanlığa dərs verməsi kimi fəlsəfi düşüncəni əsaslı hesab etməyinə dəyər. Ancaq unutmalı deyilik ki, həmin o qeyri-adi qüdrət sahibi olan kainat sahibi hər kəsi əməllərində müstəqil yaratmış və istənilən bəla ilə savaşmağı, xilas ya da məhv olmağı öz öhdəsinə buraxmışdır. Bu, müqəddəs dini kitablarda, xüsusən sonuncu ilahi kitab olan Qurani-Kərimdə də əksini tapmışdır. Deməli bu bəla ilə də savaşmaq, mübarizə aparmaq,ona qalib gəlmək insanların öz öhdəsinə düşən tarixi missiyadır. Belədə bu missiyanı bu günün insanları – milliyyətindən, dinindən,irqindən asılı olmayaraq hər bir şüur sahibi ağılla və qətiyyətlə aparmağa borcludur və tarixin bu günləri bizlərdən ilk növbədə bunu tələb edir. Bütün dünyaya, hətta bəzən ulduz müharibələrindən danışaraq kainata meydan oxuyan ABŞ kimi müqtədir güc sahibi, eləcə də Rusiya, Çin, Böyük Britaniya, Almaniya, Fransa kimi müasir texnologiyanın inkişafından yararlanıb nüvə cəbbəxanası yaradan güc sahibləri də bu gözəgörünməz varlığın qarşısında aciz duruma düşübsə, deməli burda bütün insanlığın bir yumruq olmasına, insanlığı birlikdə xilas etmək üçün bütün imkanlarını səfərbər etməsinə ehtiyac var. Ədalət naminə deməliyik ki, dünyanın əksər ölkələri, xalqları bu həqiqəti birmənalı qəbul edir və belə birliyin əldə olunmasına çalışır. Xüsusi qeyd etməyi lazım bilirəm ki, dünənə kimi islama qarşı barışmazlıq nümayiş etdirən, hətta islam peyğənbərinin karikaturasını çəkib,onu gülüş obyektinə çevirməyə çalışan Avropa ölkələrinin əksəriyyətində məscidlərlə yanaşı kilsələrdə də azan verilməsi qərbin belə birliyə can atmasından xəbər vürən amillərdəndir. Bir sıra dövlətlər bu bəladan da özlərinin çıxarları üçün yararlanmağa can atırlar ki, bu da,əlbəttə, anormal olduğu qədər də təbii qəbul edilməlidir. Bununla belə hesab etmək olar ki, dünya bu ümumbəşəri bəlaya qarşı vahid cəbhədə birləşməkdədir ki, bunun əksi, hesab edirəmki, insanlığın sonu demək olar. Beləliklə, dünya insanlığın xilası naminə birləşmək əzmindədir və bəşəriyyətin indiki bəladan xilas yolu da məhz bundadır.
Gələk indiki dünya xəritəsində çox kiçik olan ölkəmizdəki duruma. Əvvəlcədən deyim ki, virusun yayılmağa başladığı ilk günlərdən Azərbaycan hakimiyyəti onun ciddiliyinin fərqində oldu və ilkin dövrdə həyata keçirdiyi qabaqlayıcı tədbirlər nəticəsində ən yaxın qonşuluğumuzda tüğyan edən koronovirus pandemiyası ölkəmizə ayaq aça bilmədi. Lakin bu tədbirlərin kifayət etmədiyi məlum oldu və hakimiyyət bütün ciddiyyəti ilə bu bəlanın ölkəmizə ayaq aça bilməməsi üçün gərəkən hər şeyi etdi. Fəqət dünyanın bir parçası olan Azərbaycana da ayaq açan bəla, artıq cəmiyyətimizdə təşviş yaratmağa başladı. Olkə rəhbərliyi bütün imkanlarını ən yüksək səviyyədə problemlə mübarizəyə səfərbər etdi və mümkün olan bütün addımlar mərhələ-mərhələ atılmağa başladı. Bu gün də davam edən dövlət tədbirləri Azərbaycan insanının yaşaması, bu bəladan qurtulması naminə hesablanmış, həm də ciddi şəkildə ölçülüb-biçilərək atılan addımlardır ki, mənim düşüncəmə görə bütün bunlara alternativ nəsə etməli olduğumuzu söyləməyə belə imkan yeri qoyulmadı. Belə bir məqamda, bəzi, özlərini siyasətçi adlandıran qüvvələrin, əsasən də xaricdə oturub məlum qüvvələr tərəfindən bəslənən və ölkəmizə qarşı qaralar yaxdırmaq üçün istifadə olunan ünsürlər ampulalarından bir millimetr də olsa kənara çıxmadılar və hələ də çıxmırlar. Onların iyrənc iftiralarını,şər-böhtan dolu yağmurlarını, erməni iyi verən qarayaxmalarını sadalayıb ürəkləri bulandırmaq istəmirəm. Təkcə bir faktı demək kifayətdir ki, dünyanın koronovirusla əlləşdiyi bir zamanda, meydanlara yığışmaq imkanından məhrum olan bu zavalsızlar onlayn mitinq(???) keçirmək fikrinə düşdülər. Rəhmətlik Məşədi İbad demişkən, bizlər Tarixi-Nadiri yarısından da artıq oxumuşuq, amma onlayn mitinq deyilən bir aksiya formasına heç yerdə rast gəlməmişik. Bu “mitinq” baş tutmayanda, bilmədilər nə etsinlər,başladılar ayrı-ayrı özləri kimi düşüncə baxımından gerizəkalı(yəni ağıldankəm) adamabənzərləri danışdırıb sosial şəbəkələrdə yaymağa. Yayılan o videolardan da danışmağa lüzum görmürəm .Ona görə ki, özləri-özlərini bu videolarla elə rüsvay edirlər ki, istəmirəm sonra desinlər ki, mən onları rüsvay elədim. Xülasə, dediyim odur ki, indiki dünya, hətta bir-birinə düşmən olan, bir-birini yer üzündən silməyə çalışan düşmən ölkələr belə iddialarını bir kənara qoyub ümumi mübarizə cəbhəsində birləşdikləri halda, bizim beş-üç gədə və gədayələrin bu qədər nifrətinin kökündə nə dayanır ki, bu məqamda belə ümummilli birliyimizə xələl gətirməyə can atırlar? Xələl gətirə bilmirlər və bilməzlər də. Ancaq, atalarımızın məlum kəlaminda deyildiyi kimi, milçək bir şey deyil, sadəcə ürək bulandırır. Bunların bu milçəklikdən yaxa qurtarmaları üçün nə etmək lazımdı görəsən? Məncə bu məxluqlar da bizim milli viruslarımızdır. Özü də koronovirusu-zadı vecə almayan viruslar! Və zamanı çatıb ki(bəlkə də hələ gecikmişik), milli viruslarımıza qarşı antivirus axtarışına başlayaq...
P.S. Yazını bitirdikdən sonra yeni məlumat aldım. Yenə xaricdən xəbər yayırlar ki, həftə sonu onlayn mitinq keçirəcəklər. Əvvəl əsəbləşdim. Amma sonra ağlıma gələn bir fikir məni gülümsəməyə vadar etdi. İndi onlayn “mitinq” eləmək istəyənlər, belə getsə içlərindəki virusdan yaxa qurtara bilməyəcəklər. O zaman bu gülüş obyektinə çevrilənlər övladlarına onlayn toy eləməyə, öldükləri zaman onlayn dəfn və onlayn ehsan mərasimləri keçirməyə hazır olsunlar. Dəlinə ağıl ver, ilahi!!!
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ