Keçmişdən gələcəyə nə daşıyırıq? SƏKKİZİNCİ YAZI-YUNUS OĞUZ YAZIR
Tarix: 14-03-2020, 08:00
Baxılıb: 1 313
Google+ Paylaş
Tumblr Paylaş

Keçmişdən gələcəyə nə daşıyırıq? SƏKKİZİNCİ YAZI-YUNUS OĞUZ YAZIR

14-03-2020, 08:00

Fəlsəfi-tarixi-publisist düşüncələrim
Yunus Oğuz
Epiqraf
Hökumət o zaman özünə potensial üsyançılar hazırlayır ki, cəmiyyətdə xurafatlaşma, manqurtlaşma, cahilləşmə, zombiləşmə sürətlənir, riyakarlıq, saxtakarlıq baş alıb gedir. Bu zaman milli-mənəvi və maddi dəyərlərin, vətənpərvərliyin təbliği effekt vermir və dövlətçilik anlayışı məmur və ictimai status anlayışı ilə eyniləşdirilir.
Yunus Oğuz
Səkkizinci yazı
Tarix ibrətdir
Bu gün  həm də Azərbaycan Respublikası 1918-20-ci illərdə mövcud olmuş və sovet bolşevikləri tərəfindən devrilmiş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisi elan olundu.
Azadlıq gözəl nemətdir və onun qədrini bilməsək, müstəqilliyi qoruyub saxlamasaq, yenə də hansısa dövlətin süngüsünü ölkəmizdə görməli olacağıq. Qeyd edim ki, Ali Sovetin bütün deputatları bu müstəqilliyə səs vermədilər, amma çoxluq "hə" dedi və 6 fəsil, 32 maddədən ibarət "Müstəqillik haqqında Konstitusiya Aktı" qəbul edildi.
Əleyhinə səs verən deputatlar, sonradan müstəqil dövlətin  imtiyazlarından geninə-boluna istifadə etdilər və hələ də istifadə edirlər, hətta Milli Məclisdə hələ də bir neçə deputat fəaliyyət göstərir. Olsun, hər edilən hərəkətin zaman və tarix qarşısında bir cavabdehliyi var. Nə zamansa bu onların öz varisləri qarşısında utanc gətirəcək hallar kimi xatırlanacaq. Məsələn belə: "Sənin atan, yaxud baban müstəqillik əleyhinə olub, sən ondan artıq olmayacaqsan". Əlbəttə oğul, yaxud nəvə sələflərinin məsuliyyətini daşımır. Amma, hamı bu sətirlərin müəllifi kimi demokrat olmayacaq və belə söz deyənlər hökmən tapılacaq.  Cəmiyyət, həm də faktları qeybətə, şayiələrə çevirənlərdən xali deyil. Bu isə kitabın başqa fəslinin mövzusudur.
1991-ci  il dekabrın 29-da bu akt ümumxalq referendumuna çıxarıldı və xalqın 95 faizi ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verdi.
Azərbaycanın müstəqilliyini Türkiyə (1991-ci il noyabrın 9-da), Rumıniya (11 dekabr 1991-ci il), Pakistan (13 dekabr 1991-ci  il), İsveçrə (23 dekabr 1993-cü il), İran (25 dekabr 1991-ci il), ABŞ (23 yanvar 1992-ci il), Rusiya (10 aprel 1992-ci il) və başqa dövlətlər tanıdılar.
Azərbaycan BMT-yə üzv qəbul olunması ilə (2 mart 1992) beynəlxalq aləmdə de-fakto kimi tanındı.
Azərbaycanda 29 dekabr referendumuna qədər SSRİ məkanında daha bir dünya miqyasında hadisə baş verdi. Bu hadisə dünya siyasi xəritəsini çox sürətlə dəyişdi.  Belə ki, 8 dekabr 1991-ci ildə Belorusiyanın Belovej sanatoriyasında RSFSR, Belorusiya və Ukrayna prezidentləri (B. Yelsin, S. Şuşkeyiviç, L. Kravçuk) bir araya gələrək Sovet Sosialist Respublikaları İttifaqının ləğvi barədə sazişə imza atdılar və bununla da 1922-ci ildə yaranmış dörd respublikadan ibarət (Rusiya, Ukrayna, Belorusiya, ZSFSR-Azərbaycan, Gürcüstün, Ermənistan) SSRİ adlanan bir dövlətin varlığına son qoyuldu. Əslində isə bolşeviklərin o  zamanlar yürütdüyü xarici siyasət elə Çar Rusiyasının yürütdüyü siyasətin davamı idi, yəni bu ərazilər həm Çar Rusiyası, həm də bolşeviklər tərəfindən ilhaq və işğal olunmuşdu.
1936-cı ildə SSRİ-nin ilk Konstitusiyası qəbul olundu.  Bu dəfə İttifaqa on bir respublika qoşuldu. Rusiya, Ukrayna, Belorusiya, Zaqafqaziya federal respublikaları üç yerə bölünərək - Azərbaycan, Gürcüstan, Ermənistan və 1936-cı ilə qədər Rusiyanın birbaşa işğalı altında olan Türküstanın yerində beş respublika - Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistan - bu İttifaqın əsasını qoydu.
Fikir verdinizmi, Türküstan beş respublikaya bölündü. 1936- cı ilə qədər bu yerlərdə ermənilər "at oynadırdılar", çünki ərazi işğal altında idi və Türküstanda Moskvanın adlandırdığı "basmaçı" müqavimət hərəkatı on səkkiz ildir ki, davam edirdi. Ermənilər bu yerlərdə ən yüksək vəzifələrə təyin olunaraq yerli əhalini ya kütləvi şəkildə, sözün əsl mənasında qırır, ya da zəhmətkeş insanların əllərindən son tikələrini də zorla alıb acından öldürürdülər. Məsələn, qazaxlara erməni əsilli Mirzoyevin rəhbər təyin edilməsi qazax əhalisinin bu illərdə yarısının represiya edilməsi, yaxud acından öldürülməsi ilə nəticələndi. Daşkənddə isə NKVD rəisi ermənini iş başına gətirməklə, demək olar ki, əksər özbək ziyalılarını "basmaçı" adı ilə "damlayırdılar", yəni həbsxanalarda işgəncə verib öldürür, bəzilərini isə sürgünə göndərməklə,  guya bu yerlərdə kadr çatışmadığı üçün kənardan istədikləri erməni əsilliləri gətirib vəzifələrə yerləşdirirdilər. Bu başqa yerlərdə də belə idi. Azərbaycanda da  bundan yan keçmirdilər. Ermənilər əksər aparıcı vəzifələrə gözəgörünməz əllər vasitəsilə təyin olunurdular.
Yeri gəlmişkən, 1938-ci ilə qədər istər Azərbaycanda, istərsə də Türküstanda yerli əhali özünü türk hesab edirdi və sənədlərində də belə yazılırdı. Amma, Türküstanda xalq beş respublikaya bölündü və buna müvafiq olaraq qazax, özbək, türkmən, qırğız, tacik xalqları kimi rəsmləşdirildi. Azərbaycanda "türk" xalqı adı rəsmən ləğv edildi və bizə "azərbaycanlı" adı verildi. Yürüdülən siyasətin dərinliyinə baxın;  İttifaqa qoşulan İkinci Dünya müharibəsindən sonra SSRİ respublikalarının sayı on beşə çatdı. Yenə də işğal nəticəsində daha   dörd respublika - Moldova, Estoniya, Latviya, Litvi - öz ərazilərini bu böyük imperiyaya zorla birləşdirildi. Heç bir xristian respublikasında xalqların adları dəyişdirilmədi. Bu linqvistik təcavüz yalnız müsəlmanlar yaşayan respublikalarda baş verdi. Təbiidir ki, belə şəraitdə müsəlman respublikaları üçün yeni tarix yazmaq, yeni kosmopolit mədəniyyət də, ümumtürk mədəniyyətinə dəxli olmayan bir şeylər yaratmaq lazım idi. Və yaradılırdılar da. Belə çıxırdı ki, biz türklər azərbaycanlı, qazax, özbək, tacik, türkmən, qırğız olmaqla cavan xalq idik və taleyimiz yalnız İttifaqla bağlı ola bilərdi. Bax burada   rusların özlərini "böyük qardaş" adı ilə bizə sırımaqlarının məğzi bundan ibarət idi. Ermənilərdən isə heç danışmağa dəyməzdi. Onlar Moskvada siyasi, məmur və digər resursları toplam halına gətirərək özlərinə Çar Rusiyasında olduğu kimi, yenə də saxta tarix və mədəniyyət  yaratmaqla məşğul idilər. Məsələn, Rusiyanın demək olar ki, bütün sanballı elmi nəşriyyatlarında direktor müavinləri erməni əsilli insanlar təyin olunurdular. Buna görə də bir çox qədim əlyazmalar rus dilinə tərcümə edildikdə hökmən mətnlərə bu müavinlər guya çox cüzi düzəliş edib bəzi yerlərdə "erməni" və "Ermənistan" sözlərini əlavə etdilər. Mətni tərcümə edənlər isə ya çoxdan dünyasını dəyişmişdi, ya da ermənilər tərəfindən ələ alınmışdı. Nəzərə alaq ki, rus elmi dünyada aparıcı yerlərdən birini tutur və elm və mədəniyyət xadimlərinin asanca dünya miqyasına çıxmaq imkanları var, o zaman dünyanı ermənilərin qədim xalq olmasına inandırmaq çətin deyildi. Rusiyada belə şəbəkələr indi davam edir və bundan sonra da görünür davam edəcək. Çünki bu ölkənin məmur vəzifələrinə daraşıblar və bundan çox gözəl istifadə edirlər.
Qayıdaq 1991-ci ilə, SSRİ-nin dağılması dövrünə. Qorbaçovdan xəbərsiz onu fakt qarşısında qoyan bu üç respublikanın prezidenti elə Belovejdə də elan edirlər ki, bundan sonra müstəqil dövlətlər birliyi (MDB) yaradılır. Elə bu dövlət sanatoriyasından Qazaxıstan prezidenti N. Nazarbayevə zəng edib daha SSRİ-nin mövcud olmadığını və onun yerində üç dövlətdən ibarət MDB yaradılması xəbərini verirlər və onu bu birliyə qoşulmağa dəvət edirlər. Uzaqgörən və bəlkə də ürəyində illərlə  gəzdirdiyi müstəqil dövlət yaratmaq  istəyi olan bu siyasətçi "nəhayət  bu baş verdi" fikrilə MDB-yə qoşulmağa razılığını verdi  . Onun üçün müstəqillik yolunda çox təhlükələr vardı və sonradan bunların nədən ibarət olduqlarını, onları necə dəf edəcəyinin şahidi olacağıq.
19 avqust çevrilişində A. Mütəllibovdan fərqli olaraq N. Nazarbayev hərbi xuntaya qoşulmağa razılıq vermədi, demokratiyanı müdafiyə etməyi üstün tutdu.
SSRİ vətəndaşları səkkiz dekabrda yatıb doqquzunda səhər-səhər yuxudan oyananda anladılar ki, daha SSRİ yoxdur və onlar da bu İttifaqın vətəndaşları deyillər. İstənilən adi insan bunun şokunu, heyrətini yaşaya bilər, ancaq azadlıq uğrunda mübarizə aparanlar bu hadisəni sevinclə qarşıladılar. İmperiya əvvəlcə aşağıdan, daha sonra yuxarıdan dağıldı.Leninin oktyabr inqilabı zamanı "Aşağılar köhnə qayda ilə yaşamaq istəmirlər, yuxarılar isə köhnə qayda ilə idarə edə bilmirlər" dediyi  sözlər bu dəfə bolşevik-kommunistlərin öz başlarında çatladı. Heç bir yenilik etmək istəməyən və birpartiyalı cəmiyyətdə yaşayan, hamını zorla bir çətir altına yığıb onları "Sovet xalqı" adlandıran imperiyanın aqibəti belə olmalı idi. Müxtəlif fikirlilər, hətta Qorbaçovun dövründə də təqib olunurdu. İqtisadi rəqabət olmadığından "sexovşik" adlanan zümrə imperiya ilə gizli rəqabətə girmişdi. Qapalı sərhədlər çərçivəsində yaşadığımızdan "sexovşik"lərlə bacarmaq mümkün olmurdu, çünki polisi də, prokuroru da, hakimi də yaxşı yaşamaq, ailəsini normal dolandırmaq istəyirdi. Bərkgedən zavod direktorları  və onların ətrafları "pripiska" adlanan əməliyyatlarla milyonlar qazanırdılar.  Aydın olsun deyə bir neçə misal çəkim. "Sexovşik" mafiyası qıt tapılan malları özü istehsal edir, məsələn, cins şalvar. Sonra bunu ucuz qiymətə, xarici mal kimi əhaliyə satılırdı. Bu, istər yüngül sənayedə, istərsə də ərzaq sənayesində baş verirdi.
"Pripiska"lara isə başqa mafiya, bir növ hökumət məmurları başçılıq edirdi. Oxucu üçün "pripiska" sözünü tərcümə edirəm, yəni buna "yazışma" deyilirdi.
Deməli "pripiska"lar belə olurdu. Kağız üzərində, məsələn pambıqtəmizləmə zavodu kolxozdan milyon-milyon rubluq pambıq alırdı.
Ardı var...
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ