KASIBÇILIQDI, MİRZƏ… YUNUS OĞUZ YAZIR
Tarix: 19-04-2019, 15:52
Baxılıb: 99
Google+ Paylaş
Tumblr Paylaş

KASIBÇILIQDI, MİRZƏ… YUNUS OĞUZ YAZIR

19-04-2019, 15:52

Yunus Oğuz
Felyeton
Rayona xəstə yanına getmişdim. Xəstə haqqında sonda danışacam. Maşallah, dövlətimiz demək olar ki, hər rayonda bir ətək pul xərcləyib Diaqnostika Mərkəzi tikdirib. Daha bir ətək də puldan keçib o mərkəzlərə xarici avadanlıqlar alıb. Binalar gözəl-göyçək, işıqlı- xəstəyə “gəl-get” deyirlər. Nöşün ki, bu qədər para xərclənən yerlərdə çox vaxt mütəxəssis çatışmır. Həkimlər (əgər bəzilərinə həkim demək mümkündürsə) hər on nəfərdən səkkizinə deyirlər ki, xəstəni apar Bakıya, əgər onun ölümünü istəmirsənsə. Həkimlər rayonlarda müalicə etməkdən qorxurlar. Özlərinə güvənmirlər, ya nədir bilmirəm. Birdən xəstəyə bir şey olar, düşərlər müalicə edən həkimlə Baş həkimin üstünə. Nazirlik də bunlara ya töhmət verər, ya işdən qovar, dar ayaqda lap dərisini soyar, qanı axa-axa düşərlər küçələrə, xəstə yaddan çıxar, qanı axanın dalınca qaçarlar… Nə isə söhbətin məğzi bu deyil, bunu yeri gəlmişkən yazdım.
Getdim baş həkimin yanına. Qabaqcadan gəlişimi bildiyindən məni xoş qarşıladı. Təvazökarlıqdan uzaq olsa da rayonlarda Mirzə bəndənizi yaxşı tanıyırlar. Xoş-beşdən, bir qurtum çay içəndən sonra soruşdum:
  • Nə var, nə yox, yerli?
Həkimin gözərini kədər, sifətini qara rəng bürüdü. Ağxalatlılarda bu daha tez seçilir. Kimsə qara paltar geyinəndə, başına qara kepka qoyanda bu, o qədər də hiss olunmur. Ətrafına elə baxdı ki, sanki bizdən başqa kimsə bu söhbətə qulaq asır. Güclə eşidiləcək səslə pıçıldadı:
  • Kasıbçılıqdı, Mirzə!
Niyəsini soruşmadım. Fikirləşdim ki, bu boyda rayonun bütün ağır daşlarını çiynində daşıyır. Rayonun bütün orta çəkili məmurları ona ağız açır. Burda da hamı bir-birinə qohumdur. Gəl bunun altından çıx. Odur ki, baş həkim islahatlar dövründən hələ çox-çox qabaq işinə kreativ yanaşma tətbiq edib. Rayon “qırmızı xəttdən” o yana keçməsin deyə, bütün imkanlı adamların xəstəsini göndərir Bakıya. Yerdə qalır kasıb-kusub.  Onlardan da alası bir şey yoxdur. Ona görə kasıbçılıqdır. Kasıbın yanında kasıbçılıq olar da…
Bu zaman telefon zəng çaldı. Bu, rayonda işləyən köhnə məmur dostum idi. Zarafat deyil e, – qırx ildir dostluq edirik. Ona da gedəndə zəng etmişdim. Düşünmüşdüm, çoxdan görmürəm, bir hal-əhval tutum.
Dedi, xəstəxananın həyətində səni gözləyirəm. Guya xəstəyə dəyməyə gəlmişəm. Hələ görmədiyim xəstəni baş həkimə tapşırıb düşdüm həyətə.
Öpüşüb görüşdükdən sonra, baxdım ki, dostumun da qanı qaradır. Düşündüm, insandır da, sosial problemi var, ailə dərdi ola bilər. Amma, ilk dəfə görüşdüyümüz adamla, yalnız bizə xas olan tərzdə soruşdum:
  • Nə var, nə yox, müəllim?
Gözləmədiyim cavabı verdi:
  • Kasıbçılıqdı, Mirzə.
O, bu sözləri deyəndə sifətinin rənginə baxdım. Bunun da sifəti qara rəngə çalırdı. Gözləri qayğılı idi. Atmacamdan qalmadım:
  • Nədi çax-çux yoxdur, yoxsa maaş almırsan?
Dostumun dərdi açıldı:
  • Bilirsən, Mirzə? Maaşım yaxşıdır, çax-çux kəsilib. Bu islahatlar əhdimizi kəsib. Mən heç, birtəhər dolanacam. Camaat maaşa yaşamağa öyrənməyib. İndi buna alışmaq istəyirik, alınmır. Çünki, maaşla yaşamaq hesab- dəftərimizi çoxdan itirmişik. Əmək haqqını tum pulu, saqqız pulu, ən pis halda cib xərcliyi hesab etmişik. Çax-çux olmasa kasıbçılıq olur e… Mirzə…
Gördüm dostumun ürəyi doludur. Sözünü yarımçıq kəsib dedim:
  • Mən də maaşa dolanıram, çalışıram ayağımı yorğanıma görə uzadım. Nə qədər belə dolanan adamlar var…
O da mənim sözümü yarımçıq saxladı…
  • Bilirsən, Mirzə. Son aylar yaxşı islahatlar aparılır bütün sahələrdə. Amma, elə bil kimsə gözə görünmədən bunun əleyhinə gedir. Maaşlar, təqaüdlər artır, bunun dalınca da ərzağın qiyməti artır. Bilirsən ki, əhalinin ən çox xərclədiyi sahə yemək- içmək sahəsidir. Ərzağın da qiymətini qaldırıb qoyublar at üstünə. Bahalaşma atlı olub, sən piyada. Ha yeriyirsən gedib ona çata bilmirsən.  Balam, nə olub? İqtisadi böhran yox, aktiv müharibə yox, manat da yerində. Bəs bu qiymətlər niyə tez-tez dəyişir, Mirzə? Buralarda buna hələ bir ad da qoyublar: “Bir kərə qalxan qiymət, bir daha enməz!” Bir sözlə kasıbçılıqdır, Mirzə!
Gördüm məmur dostum, türkün məsəli, ucundan tutub dərinə gedəcək, söhbəti dəyişdim. Dedim ki, dostum, xəstəyə hələ baş çəkməmişəm. Getmək lazımdır, həmişə yeməyə dəvət edən dostum, indi də insafən, ancaq dodaqucu söylədi ki, bəs gedək çörək yeməyə.
Cavab verdim ki, qalsın sonraya, indi kasıbçılıqdır!
Əlqərəz, dostumla xudahafizləşib qalxdım xəstə qohumumun yanına. Məni görən kimi ilan dili çıxardıb yalvardı:
  • Mirzə, məni Bakıya transfer (köhnə futbolçu olduğundan belə sözlərdən geninə-boluna istifadə edir) etdir.
Soruşdum, niyə?
Cavab verdi ki, məndə də burdakı kimi kasıbçılıqdır. Belədə də heç kimin vecinə olmayacaq. Burda qalsam məhv olacam.
Razılaşdım.
Daha heç kəslə görüşmək istəmədim. Maşına oturub geri qayıtdım. Bilirdim ki, kiminlə görüşsəm birinci sözü bu olacaq:
Kasıbçılıqdır, Mirzə! Mən də cavab verəcəkdim ki, maaşla dolanın, kasıbçılıq olmasın.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ