Türkiyənin əmlak bazarını azərbaycanlılar üçün maraqlı edən səbəblər
Tarix: 21-06-2019, 23:29
Baxılıb: 554
Google+ Paylaş
Tumblr Paylaş

Türkiyənin əmlak bazarını azərbaycanlılar üçün maraqlı edən səbəblər

21-06-2019, 23:29

Ekspert: “Bizim üçün ən uğurlu yatırım imkanı bu ölkədədir”

Azərbaycanlıların Türkiyə əmlak bazarına marağı sürətlə artır. Türkiyə Statisika Komitəsinin məlumatlarına əsasən 2018-ci ildə azərbaycanlılar Türkiyədə 1250 mənzil alıblar. 2017-ci ilin 12 ayında isə bu say 942 olub.
Komitənin rəsmi bilgilərindən aydın olur ki, bu il də Türkiyədən əmlak alan azərbaycanlıların sayında ciddi artım var. Belə ki, 2019-cu ilin aprel ayında azərbaycanlılar Türkiyədə 87 mənzil alıblar. Yanvar-aprel dövründə isə ümumilikdə  374 mənzil alıblar. 2018-ci ilin eyni dövründə bu say 257 olub. 
Bu günlərdə açqılanan məlumata görə isə may ayı ərzində azərbaycanlılar bu ölkədə bir günə orta hesabla 3 mülk alıblar.  Nəticədə 5 ay ərzində onların Türkiyədə aldıqları mülklərin sayı 466-ya yüksəlib.
Azərbaycan vətəndaşlarının Türkiyə əmlak bazarında bu aktivləşməsinin səbəbləri ekspertlər tərəfindən müxtəlif  yöndən qiymətləndirilir. İqtisadçı-ekspert Natiq Cəfərlinin fikrincə, burada iki amil rol oynayır: “Birincisi Türkiyənin milli valyutası lirə ucuzlaşır və buna görə də həmin ölkədə əmlak almaq sərfəlidir. İkincisi isə Türkiyədə insanlar üçün əlverişli şərait var. Burada kreditlər çox aşağı və cəlbedici şərtlərlə verilir. İnsanlar ilkin ödəniş etdikdən sonra hazır mənzil ala bilir və həmin mənzili asanlıqla kirayə verib, aylıq kreditlərini ödəyə bilirlər. Azərbaycanda isə belə cəlbedici şərtlər yoxdur, üstəlik qiymətlər də bahadır. İkinci bir səbəb isə Azərbaycanın gələcəyi ilə bağlıdır. Təəssüflər olsun ki, Azərbaycanın iqtisadi prespektivinə inam getdikcə azalır. Bu nöqteyi-nəzərdən Gürcüstanın və Türkiyənin cəlbediciliyi getdikcə daha da artır”.
Natiq Cəfərli düşünür ki, son illər Türkiyədə mənzil almağa çalışanlar daha çox orta təbəqədən olan insanlardır. Onun sözlərinə görə, paytaxt Bakıdakı qiymətlər Türkiyənin əsas turizm nöqtələri olan İstanbul, Antaliya, Alaniya, İzmir kimi bölgələrdə mülklərin qiyməti ilə hardasa eynidir. Buna görə də lirənin devalvasiyasından sonra Türkiyənin əmlak bazarına maraq artır(Amerikanın səsi).
Bir çox ekspertlər bildirirlər ki, azərbaycanlılar yalnız Türkiyə deyil, Gürcüstan və Şərqi Avropanın postsosialist ölkələrində də daşınmaz əmlaka investisiyaları artırıblar. Bunun əsas səbəbi kimi Azərbaycanda qeyri-qanuni yollarla əldə olunan vəsaitlərin yuyulması, eyni zamanda ölkə daxilində mülkiyyət hüququnun müdafiəsi sahəsində ciddi problemlərin olması göstərilir.
Daşınmaz əmlak sahəsi üzrə mütəxəssis, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin rəhbəri Nüsrət İbrahimovun fikrincə isə Türkiyə əmlak bazarına maraq Azərbaycandan bu ölkəyə gedənlərin artmasına görə çoxalıb: “Son illər Azərbaycandan Türkiyəyə gedənlərin sayı sürətlə artır. Bunların bir qismi işləməyə, bir qismi oxumağa, bir qismi isə sadəcə, istirahətə gedənlərdir. Statistikaya da baxsaq, bu artımları görə bilərik. Gedənlərin bir hissəsi hər dəfə otellərə, kirayə evlərə  irihəcmdə vəsait xərcləməmək üçün Türkiyənin müxtəlif ərazilərindən ev alırlar. Övladı burada təhsil alanlar universitetlərin yerləşdiyi şəhərlərdə, istirahətə gedənlər isə turizm bölgələrində mənzil əldə edirlər. Məsələn, biri mənzili alır, gedib 1-2 ay dincəlir, ilin qalan vaxtlarını isə kirayəyə verib gəlir əldə edir. Digər bir qisim insanlar da var ki, Türkiyədən mənzili sırf kapital yatırımı olaraq əldə edirlər”.
Mütəxəssis bildirir ki, hazırda azərbaycanlılar üçün ən əlverişli bazar Türkiyənin daşınmaz əmlak bazarıdır: “Əvvəla, ölkələr arasında yaxınlıq, dostluq əlaqələri yüksək səviyyədədir. İkincisi, Türkiyə turizmin inkişafı baxımından dünyada öndə gedən ölkələrdəndir. Bu ölkədə turizm potensialı getdikcə də artır. Bu baxımdan, hesab edirəm ki, daşınmaz əmlak yatırımları baxımından Türkiyə bizim üçün ən uğurlu ölkədir”.Y.M
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ