Banklarımız niyə bağlanır?
Tarix: 22-05-2020, 21:12
Baxılıb: 2 810
Google+ Paylaş
Tumblr Paylaş

Banklarımız niyə bağlanır?

22-05-2020, 21:12

Ən son 4 bankın da lisenziyasının ləğv edilməsi müəyyən suallar yaradır. Bütövlükdə, ölkədə banklar nəyə görə bağlanır? Bankların bağlanması iqtisadi böhranın göstəricisi ola bilərmi? Bundan sonra bizləri nə gözləyir?

 

Məlumdur ki, banklar, pul vəsaitlərinin toplanması, kreditlərin verilməsi, pulla hesablaşmaların həyata keçirilməsi, pulun emissiyası, müxtəlif qiymətli kağızların buraxılması və s. funksiyaları yerinə yetirən iqtisadi təşkilatlardır. Banklar özlərinin fəaliyyət növünə görə bir neçə kateqoriyada səciyyələnirlər. Ümumi formada, bunlar kommersiya bankları, investisiya bankları və mərkəzi banklardır. Ölkəmizdə geniş yayılmış bankçılıq növü olan kommersiya bankı, bəsit formada ifadə etsək, müştərilərindən depozit qəbul edən və kredit verən təşkilatlardır. Bu baxımdan, bütün kommersiya banklarının bəlli 2 funksiyası vardır: borc almaq və borc vermək. Borc almaq çox zaman əmanət şəklində, borc vermək isə kredit şəklində ortaya çıxır.

 

Son dövrlərdə Mərkəzi Bank tərəfindən bəzi bankların lisenziyalarının ləğvi bank sektorundakı problemlərin aktuallaşmasına səbəb olmuşdur. Məsələn, bağlanan bankların sırasında olan "NBC Bank" ASC-nin öhdəliklərinin strukturunda fiziki şəxslərin payının 45.49% olması burada baş verən böhranı tədqiq etmək üçün olduqca əhəmiyyətli bir indikatordur. O cümlədən, "Ata Bank" ASC barəsində mətbuatda gedən məlumatlar onu deməyə əsas verir ki, qeyd edilən bank olduqca primitiv idarəetmə sxeminə malik olmaqla, lisenziyasının ləğvindən xeyli əvvəl müştərilərin etimadını itirmişdi. Digər, lisenziyası ləğv edilən qurum "Amrahbank" ASC isə vətəndaşların təhtəlşüurunda kommersiya bankından daha çox əsasən valyuta dəyişmə məntəqəsi kimi qalmışdır. Beləliklə, qeyd edilən məlumatların formalaşdırdığı zəmin üzərində Azərbaycanda bəzi bankların fəaliyyətlərində yaranmış problemlərin əsas səbəblərini aşağıdakı kimi sıralaya bilərik:

 

1. Təklif olunan kreditin növü

Bağlanan bankların aktivlərinin strukturuna nəzər saldıqda, kredit portfelinin əksəriyyətini fiziki şəxslərə verilən istehlak kreditlərinin təşkil etdiyi görünür. 2020-ci ilin 1 mart tarixinə görə bank və kredit təşkilatları tərəfindən verilən istehlak kreditlərinin həcmi 7 milyard 100 min manata yüksəlməklə 2016-ci ildən bu tərəfə ən yüksək həddə çatıb. Bu hal isə bir qisim problemli məqamların yaranmasına rəvac verir. Belə ki, mikro ölçüdə, fiziki şəxslərə xüsusi tələblərə əməl etmədən krediti təmin edən təşkilat özü üçün risk dərəcəsini xeyli artırıraq fəaliyyətinin davamlılığını təhlükəyə atır. Makro ölçüdə isə, istehlak kreditlərinin kütləvi xarakter alması, təşəbbüskar iş adamlarının mikrokreditlərə və biznes kreditlərinə çıxış imkanlarını xeyli məhdudlaşdırmaqla, real sektorun inkişafına mane olur. Əlavə olaraq, istehlak krediti demək, uzun müddətdə daha çox idxal deməkdir. Daha çox idxal isə mövcud məqamda, ticarət balansında əlverişsiz situasiyanı inkişaf etdirə bilər. Zamanla makro faktorların real iqtisadiyyat üzərindəki neqativ təsirlərinin güclənməsi, bank sektorunda mümkün tənəzzül prossesini şərtləndirə bilər.

 

2. İstehlak kreditlərinin kütləviləşməsi

Kommersiya bankının fundamental vəzifəsi müştəridən əmanət qəbul edib, bu əmanəti kredit halında borc vermək olsa da, verilən borcdan daha çox, borcun verildiyi müştərinin ödəmə qabiliyyəti əhəmiyyətlidir. Nəzəri cəhətdən, ev təsərrüfatı subyektləri öz borclarına xidmət edə bilərlərsə, bank sektorunda likvidliklə bağlı hər hansı problem yaranmaz, əksinə iqtisadi

prosseslər tərəqqi tendensiyası ilə irəliləyər. Lakin bəzi bankların fəaliyyətlərini qısa müddətli mənfəət fokusu ilə qurmaları və davamlılığı, habelə dayanıqlılığı nəzərə almadan əməliyyatlar aparması vəziyyəti mürəkkəbləşdirən amillər sırasındadır. Bu baxımdan, demək mümkündür ki, bağlanan bankların girov təminatı zəif kreditləşməyə getməsi, nəticədə problemli kreditlərin artaraq onların fəaliyyətini ümumiyyətlə sonlandırmasına səbəb oldu.

 

3. Təşkilati problemlər

Maliyyə sferası özünün mahiyyəti etibarı ilə olduqca mürəkkəb bir sahədir. Ələlxüsus, bank adlanan qurumun idarəetməsi kompleks bir mexanizmdir və həddən artıq peşəkarlıq tələb edir. Bu baxımdan, korporativ mühitə kənardan müdaxilələr sistemin çökərək, prossesləri xaotik məcraya yönləndirməsinə səbəb olar bilər. Müşahidələrə əsasən demək mümkündür ki, bağlanan bankların əksəriyyətində korporativ mühit olmadığı kimi bir qisim səhmdarlar tərəfindən idarəetmə prossesinə aktiv müdaxilələr də mövcud olub. Sözügedən müdaxilələrin ardıcıl xarakter alması isə təbii olaraq, onsuz da primitiv olan idarəçilik sistemini tamamilə iflic edərək, rəhbərlik və səhmdarlar arasında "İdarəetmə konflikti" (Agency conflict) deyilən anlayışın meydana çıxmasına səbəb olmuş və bu hal bütövlükdə bağlanan bankların fəaliyyətinin effektivliyinə öz mənfi təsirini göstərmişdir.

Sadalanan məqamlar onu deməyə əsas verir ki, Mərkəzi Bankın mövcud vəziyyətdə atdığı addımlar zəif oyunçuları sistemdən xaric edərək, bank sektorunun sağlamlaşdırılmasına yönəlib. Şübhəsiz ki, bu addımların effektivliyini zaman göstərəcək. Lakin Mərkəzi Bank rəhbərliyinin kapitalı real sektorun ehtiyaclarına yönəldərək, onu gücləndirmək istiqamətində verdiyi bəyənatlar strateji baxımdan ölkəmizin iqtisadi mənafeyi ilə tam üst-üstə düşür. Hesab edirəm ki, bu gün atılan addımlar post-pandemiya dövründə, ölkəmizdə yeni iqtisadi situasiyanın inkişafına təkan verə bilər.

 

Nicat Muradzadə

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ