"Rəis məşğuldu, mən də məşğulam"- YUNUS OĞUZ yazır
Tarix: 12-07-2019, 14:09
Baxılıb: 2 856
Google+ Paylaş
Tumblr Paylaş

"Rəis məşğuldu, mən də məşğulam"- YUNUS OĞUZ yazır

12-07-2019, 14:09

Yunus Oğuz      
       Felyeton
Deyirəm Tanrının yaratdığı bütün külli-aləm nə iləsə məşğuldur, hətta ağaclar da, bitkilər də. Böyüyürlər, çoxalırlar, bar verəni bar verir, gül açanı çiçək olur. Vaxtı- vədəsi gələndə ölürlər, sonra yenidən dirilirlər. Lap canlılar kimi. Canlılar da elədir, heç nə boşuna qala bilməz. Dünya düzəni budur. Hamı bir- birinin başını qarışdırır. Almanlarla fransızların başını lap qarışdırıblar. Afrikanın, ərəb ölkələrinin qarabalalarını töküblər Avropaya ki, di get başını qarışdır , bir an boş dayanma. Zatən bu düzəni  həzm edə bilməyən almanların anası sayılan Angela Merkel xala titrəməyə düşüb. Düz bir aydı bu titrəmə dayanmır. Neyləsin axı, titrəyər də. Almanları Hitler qağadan sonra güc-bəla ilə dünya liderliyinə çıxardan Merkel xala qarabalaların buna mız qoymasına, qaydaları pozmasına dözə bilmir, titrəyir. Böyük Britaniyada bibiqızı Mey Terezanın "Brexit"ə görə titrəməsi heç dayanmır. London və Nyu-York birjaları silkələnir. Titrəmə də məşğulluğun bir növüdür, özü də etiraz və  çöküş növü.
O de... dünya da titrəyir, Tramp əmi İran hakimiyyətini necə silkələyibsə, bütün cümlə məmləkət titrəyir.Titrəmə  insanlardan mala- mülkə keçib; böhran, ucuzlaşma, bahalaşma - hamı əsim-əsim əsir. Bah atonnan, bu boyda şişirdilmiş İran indi titrəməni sağaltmaqla məşğuldur. Gah qorxur, gah söyür, gah da arada lap şellənsə də xeyri olmur. Rusiya da İrana nə qədər iynə vurur ki, titrəməsi dayansın, əksinə olur. Titrəmə Rusiyanın özünə keçməyə başlayıb. İcazəsiz bərk gedənin başını belə qarışdırarlar e...Di get, məşğul ol.
Deyirəm hamı - Güney Amerika, Çin, Afrika, bütün qonşularmız titrəmə içində qalıblar, bir bizdən başqa.
Qonşularımız demişkən, Bolton əmi Ermənistanı, Putin bacıoğlu Gürcüstanı elə titrəməyə salıb ki, hətta temperaturları birə beş qalxıb. Hələ Ukraynanı demirəm. Səhnədə əsən, əsdirən, titrədən Zelenski bibioğlunu bu ölkəyə başbilən gətirdilər ki, məmləkətin titrəməsini daha da artırsın .Di gedin...
Nə illahdırsa biz ( şükürlər olsun! ) bu titrəmələrdən uzağıq. Düzdür bir neçə əqdəm bundan əvvəl bir vələdizna bank müdiri titrəmə yaratmaq istəyirdi. Onu da ya Amerika, ya da Rusiya öyrətmişdi. Nöşün ki , hamı titrəyirsə, "bəs bundan bizdə niyə yoxdur" fikrini əsas götürüblər. Gözünə döndüyüm hüquq mühafizə və vergi orqanları bu vələdiznanın qabağını elə kəsdilər ki, özü titrəməyə başladı. Basdılar qoduğluğa, di get...
Bizdə ona görə titrəmə baş vermir ki, ta bineyi qədimdən başımızı işə qatmışıq, MƏŞĞULLUQ işinə. Məşğulluq başımızı elə qatıb ki, arada canımıza titrəmə gələndə də fikir vermirik . Titrəməyə başımızın qarışdırılması yolverilməzdir. Zatən ona heç vaxtımız da olmur. Bizdə hamı nə iləsə məşğuldur.
Bir halda ki, hamı məşğuldur, o zaman bu məşğulluq idarəsi nəyə lazim? Gəlib yanınıza göz yaşı töksələr, desələr ki, işsizik, inanmayın.
Onların göz yaşları, məşğulluğun bir növüdür. Biz elə istedadlı xalqıq ki, hər şeylə və hər zadla məşğuluq. Bircə an belə boş qalmarıq. Boş və bekar qalsaq  titrəməyə düşə bilərik.
Göz yaşı tökülürsə, gülürlərsə, dərd çəkirlərsə, söhbət edirlərsə, can verirlərsə, doğulurlarsa, düşünürlərsə, dava edirlərsə, nə bilim daha nələr...nələr edirlərsə, deməli məşğuldurlar, deməli titrəməyəcəklər. Titrəsələr dava-dərmandan boluq, başlarının üstünü elə kəsərik ki, yenə məşğul olmağa başlayarlar.
Sizə zarafatdı, şakadı, nədi ondan gəlməsin. Nəfəs almaq da məşğulluğun bir növüdür. Elə deyilsə, bəs niyə onda bu xalq hava almaq üçün meşəyə, dəniz qırağına, parklara səpələnir, ətək-ətək pul xərcləyir. O gün Göy-Gölə, bir hotelə zəng edib soruşuram ki, qardaş, bir gecə o zümrüd gölün qırağında qalsam, mənə neçəyə başa gələr? Deyir ki, 350 manata, hə... elə bilirsən hava almaq havayıdır? Di get, başını qarışdırıb 700 manat tap ki, iki gecə yemək- içməksiz orada qalıb hava alasan! Məni də belə məşğul etmək istədilər.
Yaxud, televiziya kanallarının birində şoumenlər arasında sorğu keçirirlər ki, Nəsiminin neçənci yubiley ilidir. Boyunuza qamış ölçüm! On beş nəfərdən bir  Cavanşir düzgün cavab verdi. Cavanşir dayınəvəsi də bekarçılıqdan düzgün cavab verdi. Qalanları dedi ki, əşi, bizi belə ağır söhbətlərə qatmayın, iş adamıyıq, məşğuluq. Deyirəm, indi o birilər bu dayınəvəsini gözümçıxdıya salacaqlar ki, əşi, get bir işin qulpundan yapış da, yoxsa oturub ağıllı-ağıllı cavablar verirsən, özünü də, bizi də biabır edirsən. Sənin cavabından sosial şəbəkələr titrəməyə başlayıb. Ən yaxşı cavab isə Manaf Ağayevin oldu.  Kişi kimi dedi ki, bu ağır , ziyalı söhbətidi, məni bu işə qatmayın, halal olsun! Deyirəm belə suallara ən yaxşı cavabı Elariz verərdi, çünki intellektdi. Özüm şahidəm. Amma perikdirib quş kimi uçurtdunuz Amerikaya. İndi bu işlə orada məşğuldur.
Yadıma "Əhməd haradadır?" filmindən Zülümov düşdü. Xatırladınız, hə, belə deyir:  "Rəis məşğuldu, mən də məşğulam". İşi-gücü də Əhmədi axtarmaq olur.
Görürsən, cavan  PPX(post-patrul xidməti) işçiləri postdan idarəyə qayıdırlar, amma bir dəqiqə də boş dayanmırlar, hətta yolda da. Baxırlar ki, yoldan cavan, yaraşıqlı bir qız nazlana-nazlana keçir. Dərhal bir gödək, iki uzun serena verib, sonra siqnalı söndürürlər. Nə ilə məşğul olmaq lazımdır, bilən biləcək.
Bir hadisə də yazım, sonra nöqtə qoyum. İdarədən sənəd  almalıydım. Şöbə müdürünə telefon açdım. Tanıdı (hörmətə bax e...), dedi Mirzə, sabah saat on birdə gözləyirəm. Vaxt-vədəsində orada oldum.  Katibə kompyuterdə eşələnə - eşələnə, başını qaldırmadan, üzümə baxmadan sualıma cavab verdi ki, rəis məşğuldur, gözlə. Yəni mən də məşğulam. Bir azdan selektordan rəisin qayğılı səsi gəldi:
- Ay qız, Mirzə ordadır? Ordadırsa, qoy gəlsin! Katibə mənə baxdı, yəni Mirzə sənsənsə, keç.
Rəis fizika alimləri kimi yumruğunu alnına dayayıb ciddi-ciddi sağ əlindəki qələmi fırladırdı.
Başını qaldırmadan dedi:
- Hə, Mirzə, yaxşı gəlmisən, bayaqdan krossvordda bu şoğəribi tapa bilmirəm. "Cin" beş hərfdən ibarətdi, axırıncı hərfi "n"
- Pekin, - dedim və hiss etdim ki, məni titrəmə tutur. Titrəməm dayansın,  məşğul olum deyə mən də bunu yazdım. Di get!
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ