21-01-2021, 11:23

Sərvər MƏSUM
Məhləmizdə qaçıb qovan qoçaqlar,
Üzərində plov bişən ocaqlar,
Qış olanda hisli- paslı bucaqlar,
Yada düşdü axşam-axşam darıxdım....


Uşaqları xatırladım birbəbir,
Dünya mənə əvvəlki tək qaldı sirr,
Görüşmədən köçüb getdi Məzahir,
Yada düşdü axşam- axşam darıxdım...


Könlümüzə su səpərdi baxışlar,
Bu qışlardan fərqli idi o qışlar...
Xoş gələrdi yazda yağan yağışlar...
Yada düşdü axşam- axşam darıxdım...


Çıxıb getdik uzaq qaldı yamac- yal,
Düzəlmədi ta o vaxtdan hal- əhval,
Səhər- səhər yediyimiz təmiz bal,
Yada düşdü axşam- axşam darıxdım...


Ələk- fələk eləyərdik bağları,
Bircə anda tez aşardıq dağları,
Necə əldən verdik gözəl çağları,
Yada düşdü axşam- axşam darıxdım...


Yaxamızdan tutub indi xəstəlik,
Dostları da itirmişəm üstəlik,
Payız vaxtı qovurmalıq , bəstəlik,
Yada düşdü axşam- axşam darıxdım...


İstəyirsən lap şeir yox , dastan yaz,
Dağılsa da dünya geri qayıtmaz,
Aldı məni ağuşuna bir avaz,
Yada düşdü axşam- axşam darıxdım...
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ