Kənd uşaqları....
Tarix: 15-04-2020, 23:45
Baxılıb: 2 713
Google+ Paylaş
Tumblr Paylaş

Kənd uşaqları....

15-04-2020, 23:45

Sərvər MƏSUM
Pərən düşdü zamanımız , anımız ,
Qurduğumuz evciyimiz , damımız ,
Bir məhlədə böyümüşdük hamımız ,
Kənddən çıxıb gedib indi çoxları...
Yadıma düşübdü kənd uşaqları...


Qocaların ağzın , burnun əyərdik ,
Danışana bir şəbədə deyərdik ,
Gücümüzlə özümüzü öyərdik ,
Hardan tapım indi ötən çağları...
Yadıma düşübdü kənd uşaqları...


Ayaqqabı geyinməzdik acıqdan ,
Həzz alardıq gölməçədən , palçıqdan ,
Dəstə -dəstə qayıdardıq cacıqdan ,
Yoluxardıq xəstələri , sağları...
Yadıma düşübdü kənd uşaqları..


Lağ eləyib adi çöpə gülərdik ,
Bir almanı neçə yerə bölərdik ,
Yal-yamacda yallama at minərdik,
Dolanardıq kollu-koslu bağları...
Yadıma düşbdü kənd uşaqları....


Yerindəydi abırımız , arımız ,
Gizli idi qəlbimizdə yarımız ,
Hamımıza bəlli idi varımız ,
Sındırardıq çayda donan buzları...
Yadıma düşübdü kənd uşaqları...


Dərələrdə , kolluqlarda azardıq ,
Kəpir üstə qəbrimizi qazardıq ,
Adımızı ağaclara yazardıq ,
Halay çəkib dolanardıq dağları...
Yadıma düşübdü kənd uşaqları...


Burnumdadı hərəsinin qoxusu ,
Uşaqların uçmaq idi yuxusu ,
Mənim kimi çox dəcəldi çoxusu ,
Axşam-axşam kəsilərdi haqları...
Yadıma düşübdü kənd uşaqları...


Başımızda mənəmliyin havası ,
Çox düşərdi məhlə-məhlə davası,
Qarışmazdı uşaqların yavası ,
Əzilərdi yumruq altda şaxları...
Yadıma düşübdü kənd uşaqları....


Oynayardıq "Cıqqa" , "Beşdaş" oyunu ,
Uduzanın hey ölçərdik boyunu ,
Eləyərdik qarışqanın toyunu ,
Qurulardı uca bəylik taxtları....
Yadıma düşübdü kənd uşaqları...


Sındırardıq ağaclardan şivləri ,
Bəzəyərdik alaçıqlı "evləri" ,
Öldürərdik nağıllardan divləri ,
Güclü idik vallah uşaq vaxtları...
Yadıma düşübdü kənd uşaqları...


Deşilərdi gop basmaqdan "təhnəmiz",
Mərc gəlməkdən tökülərdi zəhləmiz ,
Hamı gedib bomboş qalıb məhləmiz ,
Deyirəm bir dəfə yığışaq barı...
Yadıma düşübdü kənd uşaqları...
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ