Gənclər tarixi romanlardan danışdı – Yunus Oğuzun “Ovçu” romanı niyə aktualdır?
Tarix: 18-03-2020, 14:49
Baxılıb: 2 093
Google+ Paylaş
Tumblr Paylaş

Gənclər tarixi romanlardan danışdı – Yunus Oğuzun “Ovçu” romanı niyə aktualdır?

18-03-2020, 14:49

Tarixi romanlar həm əvvəlki dövrlərin ictimai-siyasi həyatını, həm öz dövrünün həyatını və vacib şəxslərin obrazlarını yaratmaq üçündür. Tarixi roman qələmə alan müəllif ilk növbədə özünü həmin tarixə aid edir, sadəcə yazdığı dövrün hadisələrini, faktlarını öyrənmək kifayət etmir. Bununla yanaşı, yazdığı dövrün ümumi olaraq psixologiyasını da bilməli və öz yazıçı təxəyyülündə həmin dövrə səfər etməyi bacarmalıdır. İşin emosianal tərəfi ondan ibarətdir ki, ən yaxşı tarixi roman müəllifi tarixdən adlarını oxuduğumuz solğun üzləri canılandırmağı bacarandır. Bu zaman solğun üzlərin zəifliklərini, qorxularını, nədən motivasiya aldıqlarını, inanclarını, bir növ əhval-ruhiyyələrini hiss etməyə başlayırsan. Tarixi roman müəllifi rəvayət olunan tarixi mövzunu cəlbedici edir. Yəni sosial və mənəvi təhlil aparır. Və ən yaxşı halda sosioloq, psixoloqu əvəz edir. Yaxşı tarixi roman müəllifi nə danışacağından daha çox necə danışacağına diqqət etməlidir. Belə olan halda oxucu sirli hadisələrin içərisində xoşbəxt olur.
Azərbaycan ədəbiyyatında tarixi roman kimi bir neçə əsər adı da saya bilərik.
Məsələn, M.S.Ordubadinin "Qılınc və qələm", İ.Muğannanın "Məşhər",   Y.V.Çəmənzəminlinin "İki od arasında",  F.Kərimzadənin "Xudafərin körpüsü", "Çaldıran döyüşü", Əzizə Cəfərzadənin "Bakı-1501", "Yad et məni" və s. kimi bir sıra romanlar.
Bildiyimiz kimi Azərbaycan ədəbiyyatında tarixi romanlar daha çox müstəqillik illərində yazılmağa başladı. Buna səbəb sovet illərində qoyulan senzura idi. Bu senzura səbəbilə tariximiz kimi tarixi romanlar da kölgədə qalırdı. Ən yaxşı tarixi romanlarımız böyük vətənpərvərlik duyğusu ilə qələmə alınır və vətənpərvərlik duyğusu istənilən tarixi romanın məzmununa və bədiiliyinə təsir edir. Yazıçı-publisist Yunus Oğuzun tarixi romanlarında da bunu hiss edirik. Onun "Attila" pyesi, "Nadir Şah", "Təhmasib Şah", "Əmir Teymur zirvəyə doğru", "Əmir Teymur dünyanın hakimi", "Şah arvadı və Cadugər", "Sultan Alp Arslan", "Atabəy Eldəniz", "Ovçu", "Səfəvi şeyxi" tarixi romanlarının adını çəkə bilərik.
Azərbaycan ədəbiyyatında tarixi roman ənənələrinin ən yaşarı xüsusiyyətlərini bu tarixi romanlarda,  ən əsası Yunus Oğuzun "Ovçu" romanında da görürük. Yunus Oğuzun 2016-cı il aprel döyüşlərində şəhid olmuş Milli Qəhrəman Murad Mirzəyevə həsr etdiyi "Ovçu" öz aktuallığını itirmir. Bəs bunun səbəb nədir? Özünü ölkənin əsl vətəndaşı hesab edən hər bir ləyaqətli, əqidəli vətənpərvər gənc əməli fəaliyyəti ilə millətin adı və varlığı ilə fəxr edir, onda milli xarakter və milli mənəviyyat formalaşır. Bu səbəblə yüksək vətənpərvərlik ruhu ilə yazılmış  "Ovçu"nu tələbə  gənclərdən soruşduq və müxtəlif cavablar aldıq.
Mehriban Rzazadə (20) - "Hüquqşünaslıq" ixtisası üzrə təhsil alan Mehriban Rzazadə bildirib ki, əsərin ortaya çıxmasının əsas şərti Murad Mirzəyev kimi qəhrəmanın olmasıdır:
""Ovçu" əsəri müasir dövrdən, 2016-cı ilin Aprel döyüşlərindən bəhs edir. O hadisələr bizim üçün yaxın tarixdir. Tarixi faktlar nə qədər dəqiqdirsə, eyni dərəcədə də o faktlar müasir dövrümüzü əks etdirir. Əsər müasir dövrdən bəhs etsə də, oxuyarkən tarixi mahiyyəti də kəşf edirsən. Yazıçı əsərdə bizim bu günümüzün real mənzərəsini yaradıb. Real, tanıdığımız insanların obrazı yaradılıb. Murad Mirzəyev kimi qəhrəmanlar bizim üçün yalnız tarixdə qalmış obraz yox, həm də ideallardılar, bizim gələcəyimizdir. Daha dəqiq desək, əsərdəki Muradlar bizim dünənimiz, bugünümüz və sabahımızdır. Bu günlərdə həm də 2016-cı ilin dördgünlük Aprel döyüşlərinin tarixi qələbəsini qeyd edəcəyik. Azərbaycanın bütün ərazilərində bu hadisənin mahiyyəti bir daha yada salınmalı, döyüşlərdə qəhrəmanlıq göstərmiş Azərbaycan ordusunun gücünü göstərmiş insanların şücaəti yad edilməlidir. Bu, bizim kimi gənclərin vətənpərvər ruhda tərbiyə edilməsi üçün çox əhəmiyyətlidir".
Ramil Mehrəliyev (21) - "Turizm və otelçilik" üzrə təhsil alan Ramil Mehrəliyev düşünür ki, polkovnik Murad Mirzəyev şücaəti ilə Azərbaycan xalqının nəyə qadir olduğunu göstərib ki, həmin qəhrəmanlıq da bu əsərdə əksini tapıb.
"Bu romanın mövzusu Aprel döyüşlərinin qəhrəmanlarıdır, xüsusən polkovnik Murad Mirzəyev və onun döyüş yoldaşlarının həyat yolundan bəhs edir. Murad Mirzəyev sözün həqiqi mənasında Milli Qəhrəman, Azərbaycan hərbçisidir. Romanda milli  qürur hissini, torpaq, vətən, dövlət sevgisinin mükəmməl işləndiyinin və oxucuya çatdırılmasının şahidi oluruq. Bu əsərdə konkret olaraq  müasir dövrün, yaşadığımız tarixi  günlərin hadisələri öz əksini tapıb. Muradın qəhrəmanlığı əsrlərdən miras qalmışdı. Roman biz gənclərin vətənpərvərlik hissinin yüksəldilməsi baxımından da əhəmiyyətlidir. Hesab edirəm ki, bu əsər orta məktəblərdə də yayılmalıdır. Çünki gənclər arasında vətənpərvərlik ruhunun tərbiyəsində mühüm rol oynaya bilər. Aprel döyüşlərində qəhrəmanlıq göstərən əsgər və zabitlərimizin hər biri böyük bir əsərin obrazlarıdır. Belə əsərlərin ərsəyə gətirilməsi və ssenariləşdirilməsinə böyük ehtiyac var".
Fəridə Nəsibova (24) - "Azərbaycanın yeni və ən yeni tarixi" ixtisası üzrə təhsil alan Fəridə Nəsibovanın sözlərinə görə, son illər müsbət mənada müşahidə etdiyimiz mənzərə ondan ibarətdir ki, vətənpərvərlik ruhunda, gəncləri bu ruhda tərbiyə etməyə hədəflənmiş kitablar işıq üzü görür.
"Tarixi qəhrəmanlarımız, şəxsiyyətlərimiz barədə kitablar işıq üzü görür ki, bu da gənclərimizin həm tarixi şəxsiyyətlərimiz, qəhrəmanlarımız barədə məlumatlı olmasına imkan yaradır, həm də onların vətənpərvər ruhda böyüməsinə vəsilə olur. Azərbaycan tarixinin şanlı səhifələri, milli və tarixi qəhrəmanlarımız, Qarabağ savaşı barədə dəyərli yazıçılarımız, araşdırmaçılarımızın ortaya qoyduqları samballı əsərlər, tarixi romanlar bu mənada xüsusi əhəmiyyət kəsb edir. Yunus Oğuzun "Ovçu" romanı  duyğusu dərin, kövrək bir əsərdir. Romanı oxuyarkən həm cəsarətlənir, qürurlanır, qəzəblənir, həm də kövrəlirsən. Əsər bir çox gözəl duyğunu özündə əks etdirir. Yazıçının işıq üzü görən "Nadir şah", "Təhmasib şah", "Əmir Teymur", eləcə də bu kimi tarixi romanları, ən əsası 2016-cı ilin Aprel döyüşlərini özündə əks etdirən "Ovçu" romanı gənclərimizin vətənpərvər ruhda böyüməsi, tərbiyə olunması baxımından mühüm əhəmiyyət kəsb edir".
Nigar Orucova
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ