Xalq Artisti: "Torpaqlarımızı azad edəcəyik və doğma yurdumuzda qələbə tonqalları qalayacağıq”
Tarix: 23-08-2019, 18:59
Baxılıb: 837

Xalq Artisti: "Torpaqlarımızı azad edəcəyik və doğma yurdumuzda qələbə tonqalları qalayacağıq”

23-08-2019, 18:59

26 ildir ki, Azərbaycan tarixində hüznlü bir ay kimi qəlbimizə yara vurur. 23 avqust 1993-cü ildə erməni quldur dəstələri Azərbaycanın səfalı rayonları olan Cəbrayıl və Füzuli şəhərlərini işğal edərək, yurdumuzu viran qoymuşlar. Qaçqın və məcburi köçkünlər 26 ildir ki, vətən həsrətini qəlblərində yaşadırlar. Qubadlı da avqust ayında işğal olunub.
Bu ağrılı gündə Azərbaycanın görkəmli kino və teatr xadimi, Respublikamızın Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü Tariel Qasımov redaksiyamızın qonağı oldu. O, bu ağır illəri ürək ağrısı ilə xatırlayaraq xalqımıza ümid də verdi. Bildirdi ki, gec-tez həmin torpaqlara qayıdacağıq: «Azərbaycanın hər bir guşəsi mənə doğma və əzizdir. Qarabağ və ona bitişik ətraf rayonlarımızın erməni quldurları tərəfindən işğal olunması hər bir Azərbaycanlı kimi mənim də qəlbimi göynədir. Bu gün Şəhidlər Xiyabanını ziyarət edib, cəmi şəhidlərimizə Allahdan rəhmət dilədim. Sonra həmişə sevə-sevə oxuduğum və abunəçisi olduğum “Azad Azərbaycan” qəzetinin qonağı oldum.
Burada söhbət əsnasında ürəkağrısı ilə o illəri xatırladım: 1992-93-cü illərdə insanların qaçqın-köçkün vəziyyətini görərkən qəlbim göynəyirdi. Cəbrayıl tarixi abidələri, eyni zamanda tarixi şəxsiyyətləri ilə zəngin olan, respublikamızda böyük hörmət qazanmış rayonlarımızdan biri idi. İnsanlar zəhmətlə çalışır, əkin-biçinlə məşğul olurdular. Nə biləydik ki, bir vaxtlar yazığımız gələrək yurdumuzda yer verdiyimiz bu nankor ermənilər xalqımıza qənim kəsiləcək, ərazi iddiaları edəcək və torpaqlarımızı zəbt edəcəkdir. Çox təəssüflər olsun ki, dünya xalqları hələ də susur, azərbaycanlıların haqq səsinə biganə yanaşır, ermənilərin işğalçılıq siyasətini sükutla qarşılayırlar. Atalar gözəl deyib: “Həqiqət üzülər, amma qırılmaz”.
Ermənilərin işğal etdikləri torpaqlarda bizim şəhidlərimizin qanı axır. Şəhidlərin ruhu onları heç vaxt bağışlamayacaqdır».
Tariel Qasımov əminliklə bildirdi ki, biz tezliklə öz torpaqlarımıza sahib çıxacıq: «Düzdür bizim torpaqlarımızın iyirmi faizi ermənilər tərəfindən müvəqqəti işğal olunsa da, biz hər zaman dədə-baba yurdumuzu yağı düşməndən azad etməyə qadirik və bunu edəcəyik. Lakin hegemon qüvvələr düşmən tərəfindədir. Onlara hər cür yardım göstərilir. Amma buna baxmayaraq biz yurdumuzu istər sülh yolu ilə, istərsə də gücümüzlə azad etməliyik. Ordumuz günü-gündən güclənir.
Biz inanırıq ki, Ali Baş Komandanımızın rəhbərliyi, ordumuzun gücü və xalqımızın birliyi sayəsində erməni-rus hərbi birləşmələri tərəfindən işğal olunmuş torpaqlarımızı yağı tapdağından azad edəcəyik və doğma yurdumuzda qələbə tonqalları qalayacağıq”.
 
Rauf İLYASOĞLU
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ