Ekspert “Relaks”la bağlı şok faktı açıqladı: 10 qəpik..
Tarix: 20-08-2019, 11:09
Baxılıb: 1 137

Ekspert “Relaks”la bağlı şok faktı açıqladı: 10 qəpik..

20-08-2019, 11:09

Rəsmi açıqlamadan bəlli olur ki, “Relaks” bu ilin 7 ayında cəmi 972 manat vergi ödəyib. Bu o deməkdir ki, 20 obyekti olan istirahət mərkəzində hər bir obyekt qeyd olunan müddətdə orta hesabla 48 manat 60 qəpik vergi ödənişi həyata keçirib.
Avromedia.az xəbər verir ki, bu sözləri iqtisadçı alim Vüqar Bayramov “Relaks” istirahət mərkəzində qeydə alınan vergidənyayınma halı ilə bağlı danışarkən deyib.
İqtisadçının sözlərinə görə, belə aydın olur ki, “Relaks”dakı hər bir obyektin aylıq vergi ödənişi orta hesabla hətta 7 manatdan da az olub:
“14 hektar sahəsi olan istirahət mərkəzi üçün bu, hər sotdan istifadədə 7 ayda cəmi 70 qəpik vergi ödənişi deməkdir. Bu, hər torpaq sotunun ayda cəmi 10 qəpik vergi ödənişi anlamına gəlir. Qiyməti kifayət qədər yüksək olan və nəinki mövsüm, hətta digər aylarda da sıxlıq müşahidə olunan bir istirahət obyektinin ayda belə gülməli rəqəmlərlə ifadə olunan vergi ödənişləri gizli iqtisadiyyatın miqyasını göstərən və əslində, buna qarşı mübarizənin əhəmiyyətini bildirən faktlardandır.
Aydındır ki, “Relaks” az vergi ödəyən birinci şirkət deyil və sonuncu da olmayacaq. Vergilər Nazirliyinin bu məsələdə prinsipial mövqeyi təqdirəlayiqdir. Birmənalı şəkildə, himayə olunan obyektlərdə vergi intizamının formalaşmasına ehtiyac var. Aydındır ki, qeyri-neft sektorunun inkişafının davamlılığı məhz gizli iqtisadiyyata qarşı mübarizənin hansı səviyyədə səmərəli aparılmasından və təbii ki, real sektorda “himayəçiliyin” aradan qaldırmasından asılı olacaq”.
Qeyd edək ki, son dövrlər vergi yoxlamalarının ümumi sayının azalmasına əsasən Vergilər Nazirliyi “Relaks”da vergi nəzarəti tədbirləri həyata keçirib.
Nəzarət zamanı faktiki sahəsi 14 hektardan çox olan və qonaqların qalması üçün 142 nömrədən ibarət istirahət mərkəzində müxtəlif təyinatlı 20 obyektin fəaliyyət göstərməsinə baxmayaraq, 2018-ci ildə cəmi 10 min 726 manat, 2019-cu ilin ötən dövrü ərzində isə 972 manat məbləğində vergi ödənildiyi məlum olub.
Bundan başqa, “Relaks” istirahət mərkəzi vahid idarəetmə sisteminə malik olmasına baxmayaraq, vergidənyayınma məqsədi ilə buradakı obyektlər ayrı-ayrı vergi ödəyicilərinin adına rəsmiləşdirilib, bir sıra obyektlər vergi orqanında uçota alınmadan fəaliyyət göstəriblər.
İş üzrə istirahət mərkəzinin təşkilati-sərəncamverici və inzibati funksiyaları yerinə yetirən vəzifəli şəxsləri - Nərimanlı Mirhəmid İqbal oğlu, Nərimanlı Orxan Çingiz oğlu, Əsgərov Pərviz Əvəzoviç, İmanov Famil Kamran oğlu, Şahverdiyev Rahim Bəhlul oğlu və Abbasov Amir Nağızadə oğlu Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini ağır nəticələrə səbəb olmaqla aşma) və 315.2-ci (hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
скачать dle 12.1

FACEBOOK ŞƏRH YAZ