Şuşada Mehmandarovların malikanəsi bərpa olunur
Tarix: 28-09-2021, 22:08
Baxılıb: 1 183
Google+ Paylaş
Tumblr Paylaş

Şuşada Mehmandarovların malikanəsi bərpa olunur

28-09-2021, 22:08

İşğaldan azad olunan ərazilərimizdə Azərbaycan dövləti tərəfindən həyata keçirilən nəhəng yenidənqurma işləri, o cümlədən Şuşada aparılan bərpa və quruculuq prosesi Şuşanın orijinal memarlıq üslubuna uyğun olaraq gerçəkləşdirilir.
Avromedia.az xəbər verir ki, həyata keçirilən işlər çərçivəsində Mehmandarovların malikanə kompleksi də bərpa edilir. Hazırda Mehmandarovların malikanə kompleksində təmir-bərpa işləri aparılır. Şuşada yerləşən Mehmandarovların malikanə kompleksi Mehmandarovlar ailəsinə məxsusdur və Azərbaycanın tarix-memarlıq abidələrindən biridir.
Azərbaycan xanlıqlarının, o cümlədən, Qarabağ xanlığının idaretmə sistemində bir çox mülki və hərbi vəzifələri yerinə yetirən Mehmandarov nəslinin nümayəndələri tərəfindən XVIII əsrin tarixi-memarlıq abidəsi sayılan Mehmandarovların malikanə kompleksi ucaldılıb.
Şuşa şəhərində yerləşən Mehmandarovların malikanə kompleksinə böyük yaşayış evi, kiçik yaşayış evi və məscid daxildir. Həmçinin daha sonralar məscidə gedən yolun üstündə bulaq tikilib.
Mehmandarovların malikanə kompleksi ilk dəfə 1977-78-ci illərdə Azərbaycan SSR Mədəniyyət Nazirliyi tərəfindən pasportlaşdırılıb.
Mehmandarovların böyük yaşayış binası sovet dönəmində Şuşa Şəhər Xəstəxanası kimi fəaliyyət göstərib.
19 may 1987-ci il tarixindən vaxtilə Mehmandarovlar ailəsinə məxsus olan yaşayış kompleksində Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin (indiki Azərbaycan Milli Xalça Muzeyi) Şuşa filialı fəaliyyətə başlayıb.
1992-ci ildə Şuşa şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən işğala məruz qaldığı üçün filialdakı daşınması mümkün olan eksponatlar təxliyə olunaraq Bakıya gətirilib.
Bildirilib ki, müharibə dövründə Mehmandarovların malikanə kompleksinə də ciddi ziyan dəyib, dağıntılar törədilib. Mülkdə olan əksər tikililər yerləyeksan edilib. Mehmandarovların kiçik yaşayış binası isə ermənilər tərəfindən Şuşa Tarix Muzeyi kimi fəaliyyət göstərirdi. Kompleks ərazisindəki məscid isə ermənilər tərəfindən mənimsənilmiş və Geologiya Muzeyinə çevrilmişdi.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ