Orxanın igidliyi: Vətən çağırdı
Tarix: 8-07-2021, 14:25
Baxılıb: 2 987
Google+ Paylaş
Tumblr Paylaş

Orxanın igidliyi: Vətən çağırdı

8-07-2021, 14:25

Dünya şöhrətli yazıçı Çingiz Aytmatovun belə bir oxunaqlı əsəri var: “Gün var əsrə bərabər”. Yəqin ki, romanda təsvir olunan hadisələrin mahiyyəti arif oxucuya bəllidir. Əsrə bərabər günlər barədə düşünərkən 44 günlük Vətən müharibəsi gözlərimizin önündə canlanır. Gerçəkdən biz azadlıq müharibəsinin hər günündə əsrə bərabər yol keçdik, düşmənin arzusunu ürəyində saxladıq, onu ağlar günə qoyduq, əməlinə peşiman etdik. Ali Baş Komandan İlham Əliyevin dediyi kimi düşmənin başını əzdik, onun ordusunu məhv etdik. “Məğlubedilməz” düşmən ordusu Azərbaycan ordusu qarşısında cəsarətsiz və gücsüz olduğunu sübut etdi.

Azərbaycan 2020-ci ildə müharibədə qələbə qazanan yeganə dövlət oldu. Biz Qarabağı döyüş meydanlarında aldıq, danışıqlar masası arxasında yox. Həqiqət qalib gəldi.

Danılmaz bir həqiqəti heç zaman unutmadıq: bu müharibədə hamı birləşdi, hamının məqsədi, Vətən qarşısındakı borcu, amalı bir oldu. Bu birlik idi bizi düşmən üzərində qələbəyə aparan, qələbə ruhunu kükrədən.

Hər bir adamın qiyməti, onun Vətənə, xalqa, millətə əvəzsiz xidməti, borcu ilə, əsl insanlıq ləyaqəti ilə, vətənpərvərlik hissi, duyğusu, dəyəri ilə ölçülür. Vətən sevgisi, Vətənə məhəbbət insanın daxilindən, qanından, genindən gəlir. Bu hiss hər bir insana uşaq yaşlarından yaranır, ruhuna, qanına, canına hopur. Orxan Mübariz oğlu Dənziyevin müəllimləri, ata-anası məktəb illərində, yeniyetməlik çağlarında ona Vətənə sevgini, bu sevginin hər kəsin necə reallaşdırmasına təlqin etmiş, öyrətmişdilər. Vətən sevgisi Orxanın ruhunda, qanında dövr eləyir, getdikcə yeni vüsət, yeni şəkil alırdı. O, bir çox gənclər kimi düşmənin zəbt etdiyi torpaqlarımız, törətdiyi qanlı əməllər barədə düşünürdü. “Ola bilməz ki, Xətainin, Koroğlunun, Babəkin, Cavanşirin, Həzinin göstərdikləri qəhrəmanlıqlara, keçdiyi zəfər yoluna öyünməyə heç bir adamı olmayan xain və hiyləgər ermənilər kölgə salsın, ən yaxşı torpaqlarımıza yiyə dursun. Yeni nəslin qəhrəman, fədakar oğulları yetişib özündə güc tapan kimi torpaqlar azad olunacaq...”

Arzusu gerçək oldu

Orxan Dənziyev 2002-ci ildə qartallar diyarı Lerikin Laman kəndində sadə, zəhmətkeş ailəsində dünyaya gəlib. Deyəsən həm də qonaq gəlib. On doqquz yaşı tamam olmamış canını Vətənə fəda edib, 4 oktyabr 2020-ci ildə Ağdərə və Tərtər uğrunda başlanan əks-hücum əməliyyatlarında tarixi qəhrəmanlarımız tək cəngavər kimi döyüşüb, nə düşmənin fasiləsi atdığı top, raket mərmiləri, nə də düşmən güllələri, vahiməli partlayış səsi onu qorxutmayıb, əksinə zəbt olunmuş yeni yaşayış məskənləri azad edildikcə daha da ruhlanıb, döyüşdə cuşa gəlib, Vətənə sevgisini sübut edib.

Onun yaşı Qarabağın işğalından xeyli kiçik idi. Lakin azadlıq eşqi ilə döyünən ürəyi heç yerə sığmırdı. Orxan və gənc əsgərlərimiz qələbəyə inam ruhunu arxada birləşən xalqımızdan alırdı. Bu dəstəyi, birləşən ürəyi hamı yaxşı hiss edirdi və bu hamını, xüsusilə də cəsur əsgər və zabitləri qələbəyə kökləyirdi. Torpaqlarımızı azad etmək naminə ağrılar, acılar arxa plana keçmişdi. Vətən naminə düşmənlə ölüm-dirim savaşında cəsur döyüşçü Orxan hünər və qəhrəmanlıq göstərərək mərdliklə vuruşur, öz vətənpərvərlik hisslərini əllərində silah doğma torpaqlarımızı azad etmək uğrunda döyüşməklə göstərdi...

Cəsur silahdaşım,

Şəhid qardaşım

Orxanın silahdaşı, özünə yaxın bildiyi ruh yoldaşı, qardaşı Murad Mahmudov Orxan Dənziyevin fədakarlığından, cəsur döyüşçü, etibarlı dost olmasından və şəhadətə qovuşmasından danışaraq dedi:

- Oktyabrın 7-də daxil olduğumuz atıcı dəstəsi Ağdərə istiqamətində düşmənin uzaqvuran silahlardan açdığı şiddətli atəşə məruz qaldı.

Minomyot və topun atdığı qəlpələrdən ölən və yaralılarımız oldu. Mən ayağımdan, kürəyimdən, qolumdan, ağ ciyərimdən yaralandım, iki barmağıma qəlpə dəydi. Döyüşdə cəsur komandir batalyon Fuad İsmayılov, leytenant Nicat Məmmədli qəhrəmanlıqla şəhid oldular. Onların ölümü bizə ağır gəlsə də sarsılmadıq, düşməndən qisas aldıq. Zəbt etdiyi torpaqları itirdikcə düşmən quduzlaşır, vahimə içində və etdiyini bilmirdi. Biz torpaqları azad etdikcə, irəliyə doğru hərəkət etdikcə sevinir, düşmən isə yasa batırdı. Yaralandığım vaxtdan bir gün əvvəl Orxan Dənziyev şəhid olmuşdu. O, ölümü ilə ölməzlik qazanmışdı. Onu heç vaxt unutmarıq...

***

Maşın karvanı, el-oba ehtiramı

 

Şəhid Оrxan Dənziyevin əmisi oğlu Müqəddəs Dənziyev deyir:

- Mən Orxanın atası Mübariz və xalası oğlu Əfrail Bayramovla Ballıqayada Orxanla görüşdük. Hər şey yaxşı idi. Həmişə şən, qorxmaz, cəsur görünən Orxandan ayrılanda da onun gözlərində qəribə bir həsrətli baxışlarını unuda bilmirəm. Onun bu tezlikdə, yəni oktyabrın 4-də şəhid olacağını gözləmirdik. Axı o Şuşada qələbə bayrağını sancacağına söz vermişdi. Biz elə hesab edirik ki, Orxan qədim yurdumuzu – Qarabağı azad edənlərin cərgəsində...

Şəhid Orxanın atası Mübariz Dənziyev bir ata kimi şəhid oğlu ilə qürur duyduğunu, fəxr etdiyini bildirdi:

- Orxan ailəmizin sonbeşiyi idi. 2020-ci ildə Bakı Biznes və Kooperasiya Kollecini bitirmişdi. Kənddə hamının sevimlisi olmuşdu. Əsgərliyə gedəndən üç ay sonra Vətən mühalribəsinə qatılmışdı. Ömrü qısa olsa da, bizə, el-obaya şərəf gətirdi, ölməzlik qazandı, Vətən yolunda getdi. Yaşadığı duru, gərəkli, dəyərli ömrü çox qısa oldu. O, həmişə bizim nəzərimizdə cavan görünəcək, gənclərə örnək olacaq.

***

Lerik əhalisi Vətən müharibəsində şəhid olan, qazi kimi evinə dönən igidlərimizə dərin məhəbbət göstərib, xatirəsini ehtiramla yad edib. Dövlət qurumları, ictimaiyyət nümayəndələri, ziyalılar, ağsaqqallar şəhidləri qarşılama və dəfnetmə mərasimlərində hamılıqla iştirak edirblər, şəhid valideynlərinə mənəvi dəstək olublar. Bu sətirlərin müəllifi bunu şəxsən müşahidə edib, oçerklər, kitablar yazıb.

Mən ilk dəfə olaraq şəhid Orxan Dənziyevin nəşini qarşılayan daha çox sayda izdiham gördüm. Dalğalanan bayraqlar qələbədən xəbər verirdi, ordumuzu alqışlayan şüarlar səslənirdi.

 

Maşınların ardı-arsı kəsilmirdi. Maşın karvanı Laman kəndində dayandı. Adamlar bir kilometrə qədər üzüyuxarı addım-addım getdilər. Məzarlıqda adamların sıxlığından yer tapılmırdı. Söylənən nitqlər axundun namaz qılması, dua etməsi ilə

başa çatan mərasim bir daha xalqın öz şəhid oğluna ehtiramının ifadəsi, sevgisi idi...

Bir şəhid yazısındakı misralar yadıma düşür:

Şəhidlər Ana yurdu tutdular candan baha,

Şəhidlər yollar açdı, qaranlıqdan sabaha.

Şəhidlər ölməz ruhla gedir üzü Allaha,

Şəhidlər gedən yolu tutanlar bağlamazlar,

Şəhidlər ölməzlərdir, ölməzi ağlamazlar!

 

İdris ŞÜKÜRLÜ,

Əməkdar jurnalist

скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ