Ordum keçir Qarabağdan!
Tarix: 31-10-2020, 09:32
Baxılıb: 3 232
Google+ Paylaş
Tumblr Paylaş

Ordum keçir Qarabağdan!

31-10-2020, 09:32

   O ordu yenilməz və güclüdür ki, əsgəri düşünmədən Vətən naminə ölümə hazırdır. Ən böyük hakim olan zaman da bu deyimin nə qədər həqiqət olduğunu tarixin qanla yazılmış səhifələrində dəfələrlə sınaqdan çıxarıb. Bu mənada təsadüfi deyil ki, hər bir ölkənin qüdrətini göstərən əsas cəhətlərdən biri onun ordusu, əsgərinin vətənpərvərlik ruhudur. Əgər bu ruh yoxdursa, qüdrətdən, Vətənin etibarlı müdafiəsindən danışmağa dəyməz. Qəlbində vətənpərvərlik ruhu hakim olan əsgərin, döyüşçünün qarşısında isə ən müasir silahlara sarılmış düşmən belə tab gətirə bilməz.
  Azərbaycan əsgərlərinin qəhrəmanlığı həm də onu təsdiq etdi ki, Vətən, torpaq, şücaət kimi tarixən xalqımıza məxsus olan anlayışlar bir sıra digər ölkələrdə olduğu kimi yaddaşlara gömülməyib. Əksinə, Azərbaycan var olduqca, zərurət yaranacağı təqdirdə hər zaman belə qəhrəmanlıqların şahidi olacağıq. Elə buna görədir ki, indi Azərbaycan Ordusunun adı çəkiləndə hər bir azərbaycanlı qürur duyur. Azərbaycan gənci orduda qulluq etməsini özünə şərəf sayır. Vətən borcunu ödəməyi ən böyük amalı olaraq qəbul edir. Doğma torpağı uğrunda Mübariz, Fərid kimi ölümün gözünə dik baxmağa, sevə-sevə şəhidlik zirvəsinə ucalmağa hazırdır.
  Təkcə bir faktı qeyd etmək kifayətdir ki, Azərbaycanın cari il üçün müdafiə məqsədilə ayırdığı xərclərin miqdarı Ermənistanın bütün dövlət büdcəsindən 30 faiz çoxdur. İqtisadi inkişafa müvafiq qaydada hərbi xərclərin artırılması ordumuzun maddi-texniki təminatının, o cümlədən silah-sursatla təchizatının daha modern hala gəlməsinə imkan verir. Hazırda Azərbaycan Silahlı Qüvvələri həm yerli istehsal, həm də xaricdən alınan texnika hesabına öz döyüş qabiliyyətini artırır. Silahlı Qüvvələrimizin ixtiyarında mövcud olan bir çox texnika növləri Ermənistan üçün əlçatmaz hesab edilir. Hərbi təyinatlı yerli məhsulların istehsal həcminin artması və daha geniş çeşiddə məhsul buraxılışı ordunun və digər silahlı qüvvələrin əsas etibarı ilə daxili imkanlar hesabına maddi-texniki təminatının güclənməsinə imkan verir.
   Son hadisələr – düşmənin 12 iyul təxribatı və nəhayət, sentyabrın 27-i sübh tezdən bütün cəbhəboyu atəşkəs rejimini növbəti dəfə pozaraq Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə və yaşayış məntəqələrimizə iriçaplı silahlardan atəş açması səbrimizi daşıran son damla oldu. Bu dəfə ən müasir hərbi texnikalarla təchiz olunan müzəffər ordumuz düşmənə daha kəskin, daha sərt cavab verdi. Otuz ilədək dolan səbr kasamız daşdı və xalqımız ölkə Prezidentinin ətrafında sıx birləşərək düşmənə layiqli cavab verdi. Bununla da ərazi bütövlüyümüzün bərpası istiqamətində əks-hücum əməliyyatlarına başlanıldı. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun keçirdiyi döyüş əməliyyatları uğurla davam edir. 
  Artıq geriyə yol yoxdur. Düşmən havadarlarından dəstək almağa çalışsa da, Azərbaycan öz qərarını verdi və bu müharibə Qarabağ azad olunana qədər davam edəcək, Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq. Biz öz torpağımız uğrunda vuruşur, şəhid veririk. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: Bizim mövqeyimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır. Biz öz torpağımızda vuruşuruq. Bu gün Azərbaycan Ordusu Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü qoruyur, müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! ...Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Xədicə Babayeva, 
112 saylı orta məktəbin direktoru
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ