Könüllülər ön xəttə yola düşdü: “İlhamla İrəli!”
Tarix: 30-09-2020, 13:40
Baxılıb: 4 146
Google+ Paylaş
Tumblr Paylaş

Könüllülər ön xəttə yola düşdü: “İlhamla İrəli!”

30-09-2020, 13:40

Bu gün Azərbaycan Ordusunun apardığı uğurlu döyüş əməliyyatlarından ruhlanan onlarla Binəqədi sakini könüllü şəkildə döyüşmək üçün cəbhə xəttinə yola düşüb. Onların arasında daha əvvəl könüllü olaraq qeydiyyatdan keçən, çağırış vərəqəsi əsasında Azərbaycan Ordusu sıralarına yazılanlar da olub.


Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinin önündə izdiham yaşanıb.


Çağırışçılar və könüllülər valideynləri və yolasalma mərasiminə toplaşanlar önündə “Qarabağ bizimdir”, “Qarabağ Azərbaycandır!”, “Ya Qarabağ, ya ölüm! Başqa yolu yox artıq”, “Qələbə bizimdir”, “İlhamla irəli, Azərbaycan əsgəri!” kimi şüarlar səsləndiriblər.


Aprel döyüşlərinin iştirakçısı Elçin Əliyev saytımıza açıqlamasında könüllü şəkildə bura gəldiyini, döyüşlərdə bir daha iştirak etmək istədiyini söyləyib:


“Mən də getmək istəyirəm. Təcrübəm də var. Könüllü yazılmağa gəlmişəm. İstəyirəm ki, şanlı qələbədə payım olsun”.


Şəmşir Əliyev isə oğlunu yola salmağa gələn valideynlər arasındadır. O, oğlunun döyüşə könüllü yazıldığını və bununla fəxr etdiyini söyləyib:


“Tanrı balalarımızı qorusun! Qələbə ilə dönəcəklərinə qətiyyən şübhəm yoxdur! Aparsalar, mən də gedərəm. Torpaqlarımızı alacağıq. Ali Baş Komandanın əmrini illərdir gözləyirdik. Bir qarış torpağımızı da düşməndə qoyası deyilik”.


Bacısı oğlunu yola salmağa gələn Mehman Allahverdiyev isə bildirib ki, bu gün hamı Ali Baş Komandanın ətrafında sıx birləşib:


“Hamımızda böyük ruh yüksəkliyi var. 10 milyonluq Azərbaycan xalqı Prezidentimizin arxasındadır. Ona dəstək durur. Belə də olmalıdır. Allah əsgərlərimizi qorusun, içində də mənim bacım oğlunu. Bunlar ölməyə yox, öldürməyə gedirlər”.


Əsgər anası Hicran Məmmədova da yenidən əsgər anası olmağın qürurunu yaşadığını söyləyib:


“Sağ-salamat, özü də zəfərlə qayıtsınlar. Bu gün düşmənlər ağlamalıdır”.


Könüllü əsgərlər alqış sədaları altında cəbhəyə yola salınıb.






скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ