Gənclərin vətənpərvər ruhda tərbiyə olunması başlıca prioritetdir
Tarix: 31-05-2019, 17:42
Baxılıb: 206
Google+ Paylaş
Tumblr Paylaş

Gənclərin vətənpərvər ruhda tərbiyə olunması başlıca prioritetdir

31-05-2019, 17:42

İstənilən dövlətin vətəndaşlarının, cəmiyyətin vətənpərvər ruhda tərbiyə olunması, bu ruhda böyüdülməsi bütün zamanlarda aktual məsələlər sırasında olub. Çünki vətənpərvər olmayan, bu ruhu cəmiyyəti, insanları arasında təbliğ etməyən, onu aşılamayan istənilən dövlət məhvə məhkumdur. Əgər dövlət, onun idarəetmə sistemi cəmiyyətdə vətənpərvərliyi təbliğ etmirsə, deməli onun sağlam, gələcəyi idarə edə biləcək gücə malik gəncləri də yoxdur. Sağlam, vətənpərvər ruhda böyüyən gəncləri yoxdursa, deməli ordusu da eyni vəziyyətdə, durumdadır. Azərbaycanda isə bu mənada vəziyyətin ürəkaçan olduğunu deyə bilərik. Günümüzdə istər cəmiyyətin, istərsə də onun əsas hərəkətverici qüvvəsi sayılan gənclərin Vətənə, dövlətə olan sevgisi, bu sevginin ən yüksək formada təzahür edilməsi onu deməyə əsas verir ki, Azərbaycanda vətənpərvərlik duyğuları, hissləri ən yüksək səviyyədə qərarlaşıb. Bunun da başılca səbəblərindən biri qeyd etdiyimiz məqamın, yəni gənclərin vətənpərvər ruhda böyüməsi, tərbiyə edilməsi istiqamətinin başlıca prioritet hesab olunmasıdır. Xüsusilə, dövlət gənclər siyasətində bu istiqamətə ciddi diqqətin yetirilməsidir.
***
Ancaq etiraf etmək lazımdır ki, cəmiyyətimizin, onun əsas hərəkətverici qüvvəsi sayılan gənclərimizin vətənpərvər ruhda tərbiyə alması, bu ruhda böyüməsi heç də asanlıqla başa gəlməyib. Düzdür, Azərbaycan tarixində ikinci dəfə müstəqillik əldə etdiyi ilk illərdə, daha dəqiq desək, 1990-1991-ci illərdə ölkədə vətənpərvərlik ən yüksək səviyyədə idi. O zaman Azərbaycanda baş qaldıran Milli Azadlıq Hərəkatının da ön cərgələrində məhz gənclər qərarlaşırdı. Yaxud, 1990-cı il, qanlı Yanvar hadisələri zamanı rus tanklarının, əli silahlı sovet qoşunlarının qarşısına çıxan məhz Azərbaycan gəncliyi idi. Lakin təəssüf hissi ilə qeyd etmək lazımdır ki, elə məhz qanlı yanvar hadisəsi Azərbaycan gəncinin, ümumilikdə cəmiyyətinin gözünü bir qədər qırmış oldu, onun vətənpərvər ruhunu öldürdü. Sonrakı illərdə Qarabağ müharibəsinin başlaması, torpaqlarımızın erməni separatçıları tərəfindən işğal edilməsi ölkədə vətənpərvərlik məfhumunu demək olar ki, deqradasiyaya uğratdı. Təsəvvür edin ki, erməni separatçıları asanlıqla, ciddi maneə görmədən bir-bir rayonlarımızı işğal edir, Azərbaycan isə erməni silahlılarının qarşısına çıxarmağa adam tapmırdı. Fərarilik, hərbi xidmətdən yayınma halları elə bir səviyyəyə çatmışdı ki, Azərbaycan Ordusunda xidmət keçməyə qadir yetərli şəxsi heyət toplamaq çətin olurdu. Ancaq bütün bunlar, qeyd etdiyimiz mənfi tendensiya ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışına qədər davam etdi. 1993-cü ildə xalqın təkidli tələəbi ilə hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev bütün sahələrdə olduğu kimi gənclərlə iş, onların problemlərinin öyrənilməsi,  gənc nəslə diqqət və qayğının artırılması istiqamətində də əməli və nəticəyə hesablanmış addımlar atdı. Və qısa zamanda ümummilli lider Heydər Əliyevin qeyd edilən istiqamətdə atdığı addımlar özünü doğrultmağa başladı. Ümummilli lider Heydər Əliyevin Gənclər Günü təsis etməsi, bilavasitə gənclərlə işləyən dövlət qurumu yaratması, tez-tez gənclərlə görüşüb, onların qayğıları ilə maraqlanması, ən əsası ümummili liderin gənclərə vətənpərvər ruhda böyüməyi tövsiyə etməsi öz növbəsində bu təbəqədən olan ölkə vətəndaşları arasında bir ruh yüksəkliyi yaradır, gənclərin Vətənə, dövlətə bağlılığını artırırdı. Artıq Azərbaycan gənci Heydər Əliyevin  "Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdursa, o insan mənəviyyatsızdır" kəlamından yola çıxaraq Vətənini, dövlətini qanı ilə, canı ilə müdafiə etməyə hazır idi.
Heydər Əliyev onu da gənclərin diqqətinə çatdırırdı ki, vətənpərvərlik hissinin formalaşdırılması milli mənlik şüurunun inkişaf etdirilməsi ilə birbaşa əlaqədardır. Çünki milli mənlik şüuru milli özünəməxsusluğun bütün əlamətlərini özündə cəmləşdirir. Özünü ölkəsinin əsl vətəndaşı hesab edən hər bir şəxs əməli fəaliyyətini də məhz xalqa və Vətənə layiqli xidmət istiqamətində qurmalıdır.  Bu mənada ümummilli lider deyirdi: "Milli mənlik hər bir adamın özünün milli mənsubiyyətini ətraflı dərk etməsinə imkan yaradır. Milli mənliyi olan şəxs milli həyatın heç bir hadisəsinə laqeyd qala bilməz. Vətən, torpaq məhəbbəti, millətin və xalqın qayğıları onun şəxsi istək və arzularını üstələyir, onu xalq üçün müəyyən fəaliyyət göstərməyə sövq edir".
Bir məqama da xüsusi diqqət yetirmək lazımdır ki, ümummilli lider gənclərin sözdə deyil, əməldə vətənpərvər olmasını arzu edir, gənc nəslə bunu təlqin edirdi. Eyni zamanda ulu öndər haqlı olaraq bildirirdi ki, vətənpərvərlik yalnız əldə silah oduda xidmət etmək deyil.  Bu mənada Heydər Əliyevin gənclərə ünvanladığı aşağıdakı fikirlər də olduqca qiymətlidir: "Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, keçmişi yaxşı bilməlidir, dilimizi yaxşı bilməlidir, milli dəyərlərimizi də yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tarixi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz. Hər bir gənc vətənpərvər olmalıdır. Vətənpərvərlik, sadəcə, orduda xidmət deyil, Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik".
Ümummilli lider Heydər Əliyevin zamanında gənclərə ünvanladığı vətənpərvərlik mesajları və həmin mesajlardan çıxarılan doğru-dürüst nəticədir ki, bu gün Azərbaycan gənci tam mənada vətənpərvərdir deyə bilərik. Çünki 1993-cü ildən başlanan bu uğurlu və məqsədyönlü yol, bu gün də yeni hədəflərə doğru əzimlə davam etdirilir. Çünki bu yolun davamçısı olan Cənab Prezident İlham Əliyev də vətənpərvərdir və Azərbaycan gəncinə də bu cür olmağı tövsiyə edir. Təsadüfi deyil ki, Cənab Prezident İlham Əliyev gənclərə xitabən demişdir: "Bu gün bizim cəmiyyətimizdə daha çox biliklər hər bir insanın gələcəyini müəyyən edir. Getdikcə, ölkəmiz inkişaf etdikcə bu amil daha da ciddi rol oynayacaqdır. Eyni zamanda, əlbəttə ki, hər bir dövlətin inkişafını vətənpərvər insanlar müəyyən edir. Vətən sevgisi, Vətənə bağlılıq həmişə xalqımıza xas olan xüsusiyyətlərdən biri olmuşdur. Xüsusilə bu gün Azərbaycan dünya miqyasında böyük nüfuza malik olan bir ölkədir. Azərbaycanda aparılan işlər artıq dünya ictimaiyyətinin diqqətini çəkir. Biz iqtisadi sahədə dünya miqyasında ən sürətli inkişafa nail ola bilmişik. Beynəlxalq mövqelərimiz də möhkəmdir. Ona görə ölkəmizlə fəxr etmək üçün kifayət qədər səbəblər vardır. Bunu nəzərə alaraq, bir daha demək istəyirəm ki, gənclərimiz, uşaqlarımız vətənpərvərlik ruhunda böyüməlidirlər, Vətənə sevgi ilə yaşamalıdırlar".
Süleyman İsmayılbəyli
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə ABUİB-in həyata keçirdiyi "Azərbaycançılıq və hərbi vətənpərvərlik ideyalarının təbliği" layihəsi çərçivəsində çap olunur.
скачать dle 12.1


Google+ Paylaş
Tumblr Paylaş

FACEBOOK ŞƏRH YAZ